Milli Şuranın onlayn toplantılarından birinin yayılan videosu aləmi bir-birinə qatıb. Qurum rəhbərliyi həmin kadrlarda qeyri-etik ifadələrə yol verir, hər kəsi aşağılayır. Sədr Cəmil Həsənli hakimiyyətlə dialoqa gedənlərə “tryapka” deyir. Bütün bunlar gündəmin əsas mövzularından birinə çevrilib.
Siyasətdə bu cür leksikondan, söyüşdən istifadənin nə dərəcədə doğru olub-olmadığı yönündə siyasilərin mövqeyini öyrəndik.
AĞ Partiya başqanı Tural Abbaslı siyasətdə belə ritorikanın birmənalı əleyhinədir: “Ümumiyyətlə, siyasət elitar təbəqənin məşğul olmalı olduğu peşə növüdür. Yəni bu sahədə cəmiyyətin elitası təmsil olunmalıdır. Təbii ki, cəmiyyətin ziyalılarının təmsil olunduğu sahədə təhqirdən, söyüşdən, tərbiyəsizlikdən söhbət belə gedə bilməz. Əgər kimsə fəaliyyətində təhqirdən, söyüşdən istifadə edirsə, demək ki, onun da siyasət də yeri yoxdur. Belə insanlar siyasətə düşmüş təsadüfi insanlardır.
Tural Abbaslı: “Səviyyəsini qoruya bilməyənlərə xalq da dəstək vermir”
Əgər bir siyasətçi öz ağzına, sözünə, ifadələrinə sahiblik edə bilmirsə, ölkəyə necə sahiblik edəcək? Zatən bizim xalq da bu məsələdə həssasdır. Odur ki, danışığını bilməyən, səviyyəsini qoruya bilməyənlərə xalq da dəstək vermir. Mən və təmsil etdiyim AĞ Partiya siyasətdə təhqiri qətiyyən qəbul etmir, fəaliyyətimizdə milli, mənəvi və dini dəyərlərimizi özümüz üçün əsas istiqamət göstəricisi hesab edirik”.
Xəzər Teyyublu: “Siyasətdə söyüş acizlik əlamətidir”
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu: “Siyasətdə söyüş acizlik əlamətidir, zəiflikdir. Siyasətçinin gücü doğru-düzgün, bərabər sürətlə yürümək, fəaliyyətində ümum vətəndaş, ümumxalq koloritlərini cəmləyib tutduğu, hesabladığı hədəfə çatıb ideyalarını reallaşdırmaqdır. Kimsəni aşağılamamaq, üzərinə atılan daşları toparlayıb getdiyin yolun sevgisinə digərlərini də qatmaq kimi bacarıq nümayişi olmalıdır. Söyüş özündə jarqon ifadələr ehtiva edir deyə ciddi adamlar daha çox sarkazmlardan istifadə edərək fiqurlarını ictimaiyyətə daha asan çatdırır, nəinki söyüşlərlə. Fikir verirsinizsə, əksər ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Almaniya, Yaponiya kimi dövlətlərdə siyasilər opponentlərinin yüksək mədəni davranışları fonunda daha çox üstünlüyünü isbat edərək ardıcıl prinsipial əmək nəticəsində rəqiblərinə qalib gəlirlər. Yəni hər bir siyasətçi opponentlərinə qarşı mübarizə metodunda necə olursa, əks tərəf də o cür adekvatlıq göstərə bilir”.
Əli Orucov: “Söyüş söyən, təhqir edən siyasətçi...”
AMİP katibi Əli Orucov istənilən halda bunun yolverilməz hal olduğunu söylədi: “Məncə, siyasət həm də əxlaq və etika deməkdir. Siyasətçi bütün üstün parametrlərə görə cəmiyyətdə etalon olmalıdır. Hansı siyasətçi ki, söyüş və təhqir ritorikasından istifadə edir, yaxud kimisi aşağılayırsa, demək, həmin siyasətçinin cəmiyyətə deməyə sözü, göstərməyə də üzü yoxdur, tükənibdir, psixoloji durumu və əsəbləri də yerində deyil. Siyasətdə ilk növbədə əxlaqi və milli dəyərlər qorunmalı, etik normalar gözlənilməlidir. Hətta ən nifrət edilən şəxsə də bu dildə danışmaq düzgün deyil. Söyüş söyən, təhqir edən siyasətçi, yaxud da kim olur-olsun özü də eyni cavabı almağı və bunu həzm etməyə məcbur olmağı göz önünə almalıdır. Təəssüf ki, siyası cameəmizdə belələri var. Hətta bəziləri trollar dəstəsi və söyüş makinası saxlayır. Söyüşün və təhqirin sonu ya qarşıdurmaya, ya da dava-dalaşa, düşmənçiliyə gətirib çıxarır ki, buna da qətiyyən yol vermək olmaz.
Siyasətçi məsuliyyətli olmalıdır və işlətdiyi hər bir ifadənin, cümlənin çəkisini, dəyərini, hətta məsuliyyətini bilməlidir. Azərbaycanda siyasi maariflənmə və siyasi mübarizə ənənələri gec-tez tam formalaşacaq, o zaman belələrinə yer qalmayacaq".
Məhəmməd Əsədullazadə: “Milli Şura sədri bu ifadələrə görə siyasətdən getməlidir”
Deputat Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə Cəmil Həsənlini siyasətdən getməyə çağırdı: “Milli Şuranın onlayn iclasında professor Cəmil Həsənli və digərlərinin qeyri-etik ifadələr işlətməsi həqiqətən çox biabırçı bir ortamdı. Mən həmin iclasın qısa görüntülərinə baxdıqda, bu ifadələri eşitdikdə çox məəttəl qaldım. Düşündüm ki, ölkənin idarə edilməsinə iddialı olan şəxslərin iclaslarda bu kimi sözlərdən istifadə etməsi sabah vətəndaşlarda açıq formada işlədilə bilər. Belə bir yanaşma ortaya qoymaq mənəvi deqredasiyadır. Biz partiya olaraq iclaslarımızda heç bir vaxt belə ifadələr işlətməyi heç ağlımıza gətirmərik. Heç partiya sədri, millət vəkili Razi Nurullayev heç vaxt iclaslarda belə bir ortamın yaşanmasına şərait yaratmayıb. Cəmil Həsənli o qədər belə ifadələrdən istifadə edir ki, iclaslarda da istifadə edilir. Adını da söz azadlığı qoyurlar. Bunlar söz azadlığını, demokratiyanı bu tərzdə qəbul edirlərsə, ümumiyyətlə, biz belə bir azadlığı qəbul etmirik. Cəmil bəyin işlətdiyi ”tryapka" ifadəsi çox yanlış və mənəvi dəyərlərə zidd açıqlamadır. Bunu siyasətçilərə qarşı işlətmək bumeranq effekti yaradır. Kiminsə siyasi baxışını bəyənməyə bilərsən, amma onu təhqir edə bilməzsən. Sən ölkə siyasətçilərinə qarşı ağır ifadələr işlədirsənsə, sənin ədalətdən danışmağa ixtiyarın yoxdur. Milli Şura sədri bu ifadələrə görə siyasətdən getməlidir"./“Yeni Müsavat”/