TƏBİB-in yeni təyin olunmuş icraçı direktoru Anar Bayramovun rəhbərliyi altında Azərbaycan səhiyyə sistemində uzun müddətdir gözlənilən dinamizm müşahidə olunmağa başlayıb.Yeni rəhbərliyin idarəetmə strukturunu optimallaşdırmaq, şəffaflığı artırmaq və köhnəlmiş, bürokratik əngəlləri aradan qaldırmaq istiqamətində atdığı ilk addımlar, şübhəsiz ki, təqdirə layiqdir. Tibb ictimaiyyəti və cəmiyyət bu yenilənmə prosesini böyük ümidlə izləyir.
Lakin hər bir köklü islahat prosesi kimi, bu gün TƏBİB-in də qarşısında duran ən böyük çətinlik sistemin daxilinə sızmış, illərlə kök atmış "müqavimət ocaqlarını" zərərsizləşdirməkdir.
Bu mənada, Anar Bayramovun başladığı islahatların real nəticəsi və səmərəliliyi məhz ən problemli kadrlar üzərindəki qətiyyətlə ölçüləcək.
Cəmiyyətin əsas gözləntisi budur ki, bu təmizlənmə dalğasından heç bir "toxunulmaz" fiqur, xüsusən də adı illərdir müxtəlif qalmaqallarda hallananlar qaça bilməyəcək.
Bu gün TƏBİB-in kadr siyasətinin ən ciddi "sınaq daşı" Xocasən Sağlamlıq Mərkəzinin direktoru Mehriban Qaralovadır.
Keçmiş Baş prokuror Zakir Qaralovun yaxın qohumu kimi tanınan bu şəxsin fəaliyyəti, əslində, səhiyyə sistemindəki köhnə, klançı təfəkkürün və "5-ci kalon"un ən bariz nümunəsi kimi xarakterizə olunur.
Mehriban Qaralovanın idarəçiliyi ətrafında gəzən iddialar sadəcə peşəkar uğursuzluqla məhdudlaşmır; onlar ağır hüquqi və mənəvi xarakter daşıyır:
Dövlət Qanunlarını Heçə Sayma: Onun rəhbərlik etdiyi müəssisədə dövlətin tibbi protokollarının və maliyyə qaydalarının kobud şəkildə pozulması, özbaşınalıq mühitinin hökm sürməsi barədə çoxsaylı siqnallar mövcuddur.
Həkimlərin Şantaj Edilməsi: Tibbi personalın peşəkar fəaliyyətinə mane olmaq, mütəxəssisləri qanunsuz tələblərlə şantaj etmək və işdən çıxarmaqla hədələmək kimi metodların onun idarəçilik arsenalında yer aldığı iddia olunur.
Mənəvi İflas və Şəhid Ruhuna Hörmətsizlik: Ən dəhşətli iddialardan biri isə Mehriban Qaralovanın Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə və onların ailə üzvlərinə qarşı nümayiş etdirdiyi hörmətsizlik və laqeydliklə bağlıdır. Bu, təkcə idarəçilik qüsuru deyil, həm də mənəvi iflasın göstəricisidir.
Anar Bayramovun apardığı islahatlar nə qədər müsbət görünsə də, Mehriban Qaralova kimi adı ağır cinayət və mənəviyyatsızlıq iddialarında hallanan bir şəxsin hələ də strateji bir tibb müəssisəsinin rəhbərliyində qalması bu prosesin səmimiliyini kölgə altına salır.
Cəmiyyətdə belə bir haqlı rəy formalaşır: əgər "islahat süpürgəsi" Zakir Qaralovun kölgəsinə sığınan Mehriban Qaralovanın qapısına çatmayacaqsa, deməli, bu, real nəticə verməyəcək.
Biz inanmaq istəyirik ki, Anar Bayramovun rəhbərliyi altında TƏBİB bu ağır sınaqdan üzüağ çıxacaq.
Gözləntimiz budur ki, Mehriban Qaralova özünün bütün qanunsuz əməllərinə, həkimlərə etdiyi şantajlara və şəhid ruhuna göstərdiyi hörmətsizliyə görə qanun qarşısında cavab verəcək. İslahatın kulminasiya nöqtəsi məhz qanunun aliliyinin klan maraqları üzərindəki qələbəsi olmalıdır.
Əks halda, TƏBİB-də dəyişən sadəcə rəhbərlərin adları olacaq, sistem isə köhnə zəhərlə çürüməyə davam edəcək!
Sima Babayeva
TEREF