Uşaq xəstəxanalarında biabırçı mənzərə: dərman, isti su yoxdur


Yeni il öncəsi Bakıda yerləşən bir neçə dövlət uşaq yoluxucu xəstəxanasında yaranmış şərait ciddi narahatlıq doğurub.

Turkglobal.az xəbər verir ki, bu barədə İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri, araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk öz rəsmi “facebook” hesabında yazıb.

Jurnalistin bildirdiyinə görə, 1 yaş 3 aylıq nəvəsinin mədə-bağırsaq virusuna yoluxması fonunda üzləşdikləri mənzərə dövlət xəstəxanalarındakı ciddi problemləri bir daha üzə çıxarıb.

Hadisə dekabrın 29-da başlayıb. Yüksək hərarət(38.5) və ağır vəziyyətdə olan uşaq ilkin olaraq “Yeni Klinika”ya aparılıb. Burada tibbi xidmətin səviyyəsi, həkimlərin peşəkarlığı və tibbi intizam ailəni razı salsa da, klinikada mədə-bağırsaq virusu olan xəstələrin müalicə edilmədiyi bildirilib və uşağın 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılması tövsiyə olunub.

Axşam saatlarında, yeni il ərəfəsindəki tıxaclar fonunda yüksək hərarətli uşaqla sözügedən xəstəxanaya çatan ailə qəbul şöbəsində gözlənilməz vəziyyətlə qarşılaşıb. Bildirilib ki, xəstəxanada illərdir isti su problemi mövcuddur. Uşağın gigiyenik baxımı üçün nə tualetdə isti su, nə də nəm salfet olub. Tibb personalı salfetlərin öz vəsaitləri hesabına alındığını qeyd edib.

Bu səbəbdən uşaq həmin xəstəxanada yerləşdirilməyib. Daha sonra Medikal Klinikaya və Lelya Şıxlinskaya adına xəstəxanaya müraciət edilsə də, palataların dolu olması səbəbindən qəbul mümkün olmayıb.

Nəticədə ailə 30 dekabr gecə saat 02:00 radələrində A.F.Qarayev adına 2 saylı Uşaq Yoluxucu Kliniki Xəstəxanasına üz tutub. Burada da isti su probleminin illərdir mövcud olduğu bildirilib. Uşaq xəstəxanaya yerləşdirilsə də, ailə məcburən evdən elektrikli çaydan gətirərək uşağın gigiyenasını təmin edib.

Daha sonra məlum olub ki, uşağa qida verilməyib, yalnız köçürülən sistemlər və dərmanlar hesabına vəziyyəti stabil saxlanılıb. Dərmanlar, müxtəlif tibbi vasitələrin əksəriyyəti ailə tərəfindən alınıb. Hətta xəstəxanada qlükoza preparatının olmadığı bildirilib və bu dərman da gecə saatlarında xəstənin ailəsi tərəfindən alınaraq gətirilib.

Aida Eyvazlı Göytürk ailənin şəxsi vəsaitləri hesabına müalicə aparan həkimlərə təşəkkür etsə də, onun sözlərinə görə, belə vəziyyətdə maddi imkanı və dərman almağa adamı olmayan ailələrin necə çıxış yolu tapacağı sual altındadır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Prezident Administrasiyası və Baş Prokurorluğa çağırış edərək uşaq xəstəxanalarında yaranmış şəraitin araşdırılması, korrupsiya hallarının ifşa olunması və xəstəxanaların elementar ehtiyaclarla – xüsusən isti su və dərmanla təmin edilməsi tələb edib.



Qeyd olunur ki, hər il dövlət büdcəsindən xəstəxanaların təmiri və təminatı üçün milyonlarla vəsait ayrılmasına baxmayaraq, bir çox tibb müəssisələrinin şəraiti bu vəsaitlərin real nəticəsini əks etdirmir. Müraciətdə vurğulanır ki, səhiyyə sahəsindəki bu cür nöqsanlar həm vətəndaşların sağlamlığına, həm də dövlətin quruculuq siyasətinə zərər vurur.


Paylaşımın fotosunu sizə təqdim edirik:


Tarix: 6-01-2026, 15:09
Xəbəri paylaş



Xəbər lenti