İsti aylarda ən çox istifadə olunan məhsullardan biri də dondurmalardır. Dondurmaların həm görünüşü, həm tərkibi müştəri üçün önəmli məsələlərdən biridir. Dondurma hazırlanması üçün istifadə olunan ərzaqların keyfiyyəti məhsulun keyfiyyətinə təsir göstərir.
Gündəm24.az -a danışan qida eksperti İlkin Şirinov bildirib ki:
“Dondurmanın emulqator və stabilizatorlarla zənginləşdirilməsi istehsalçıya məhsulun formasını qorumağa, içindəki su və yağı qarışdırmağa kömək edir. Amma bu maddələr insan orqanizmi üçün zərərsiz deyil. Həzm sistemini yükləyir, uzun müddətli istehlak bağırsaq problemlərinə və allergiyalara yol açır."
Hər kəs marketdən dondurma alarkən diqqətli olmalıdır. Çox zaman qab gözəl görünür, amma əslində dondurma yalnız yarıya qədər doldurulub. Qablaşdırmanın üzərində məhsulun tərkibi haqqında Azərbaycan dilində məlumatlar tam şəkildə yazılmalıdır. Dondurma hazırlanan südün yağlılıq dərəcəsi, rəngləndiricilər və əlavə qatqılar paketlənmənin üzərində qeyd olunmalıdır.
Həmçinin dondurmanın satış məntəqələrinə çatdırılma prosesi, dondurmanın keyfiyyətinə təsir edir. Bəzən şirkətlər marketlərlə müştərləri üz-üzə qoyurlar. Yanacağa qənaət etmək məqsədilə dondurma daşıyan maşınlar soyuducunu işlətmir və ərimiş dondurma marketlərə verilir. Soyuq qida zənciri qırılır, ərimiş dondurma yenidən dondurulur. Bu isə birbaşa dondurmanın keyfiyyətinə təsir edir. Bəzən dondurmanın üzərində yazılmış çəki içi ilə düz gəlmir. Burada yenə ziyan görən tərəf müştərilərdir.
İlkin Şirinov qeyd edib ki, dondurmanı alarkən qabın doluluğunu yoxlayın, tərkib etiketini diqqətlə oxuyun, və ən əsası, düzgün temperaturda saxlanılmasına diqqət yetirin. Həmçinin qiymətdə ucuz görünən dondurmalar sizin sağlamlığınız üçün təhlükəlidir. Məhsulun içindəki qatqı maddələr süni dadlandırıcı və rəngləndiricilər sağlamlıq problemlərinə yol açır. Bu cür maddələr insana xoş gəlsədə, ürək və qaraciyər üçün ciddi təhlükə mənbəyidir.