Kardioloq: COVID-19 yüksək tromboz riski əmələ gətirir ki, bu da miokard infarktı ilə nəticələnə bilər



Miokard infarktının və ya stenokardiya adlandırılan ürəktutmalarının tipik xüsusiyyətləri var. Sinədə yandırıcı, sıxıcı ağrılar olarsa, ağrılar qola verərsə, boğazda sıxılma hissləri yaranarsa, mütləq kardioloqa müraciət etmək lazımdır. Həmin əlamətlər kəskin inkişaf edirsə, təcili yardım çağırılmalı, EKQ, qan analizləri aparılmalıdır. Müayinələrin nəticəsində aşkarlanan dəyişikliklərə görə ilkin müdaxilə olunmalıdır. EKQ-də ciddi dəyişikliklər varsa, təcili koronar angioqrafiya olunmalı, lazım gələrsə, stent taxılmalı və ya əməliyyata yönləndirilməlidir.

Ümumilikdə kəskin miokard infarktı zamanı xəstənin həyatda qalması üçün təcili olaraq ona müdaxilə etmək lazımdır. Yəni xəstəyə ilkin olaraq 60 dəqiqə ərzində invaziv müdaxilə edilməlidir. Azərbaycanda həmin müdaxilə üçün yetərincə mərkəz var.

Bunu AZƏRTAC-a müsahibəsində III Azərbaycan İnvaziv Konqresində iştirak edən Almaniyanın İdar Oberştayn Klinikasının kardioloqu Mirzə Mütəllimov deyib.

M.Mütəllimovun sözlərinə görə, hazırda COVID pandemiyasının davam etdiyi dövrdə kardioloji xəstəliklərdən əziyyət çəkənlər risk qrupuna daxildirlər. Onlar özlərini mütləq qorumalı və koronavirus əleyhinə vaksinasiyada aktiv iştirak etməlidirlər. İkinci dozadan 6 ay sonra peyvəndlərin effekti zəifləyir və həmin xəstələrə üçüncü doza vaksini qəbul etmələri tövsiyə olunur.

"Bəzi ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər ürəklərində ağrıları olsa da, xəstəxanaya getməkdən qorxurlar. Həmin şəxslərin tipik ağrıları varsa, mütləq həkim müayinəsindən keçməlidirlər. Əks halda, evdə miokard infarktı səbəbindən ölüm halı baş verə bilər. COVID-19 xəstəliyi isə son mərhələlərdə yüksək tromboz riski əmələ gətirir. Bu da miokard infarktı və ağırlaşmalara səbəb ola bilər. Odur ki, bir daha qeyd edirəm ki, tipik şikayətlər varsa, ya kardioloqa, ya da təcili yardıma müraciət edilməlidir. COVID-ə yoluxan ürək xəstələri mütləq həkim nəzarətində olmalıdırlar”, -deyə M.Mütəllimov qeyd edib.

Kardioloq diqqətə çatdırıb ki, bir sıra xəstəliklərin simptomları, ağrıları ürək ağrısı ilə səhv salınır. Bunlardan biri də qida borusunun xəstəlikləridir. Elə ola bilər ki, xəstənin qida borusunda problem var, o, bunu ürək ağrısı ilə səhv sala bilər. Ya da əksinə olaraq daha təhlükəli hal qeydə alınır - ürək ağrısı mədə ağrısı hesab olunur. Nəticədə infarkt keçirəndən sonra xəstəxanaya gec müraciət edirlər. Əgər tez bir müddətdə damara müdaxilə olunmazsa, bu, ürək çatışmazlığı ilə nəticələnə bilər.

Son 20 ildə Azərbaycanda kardiologiya sahəsinin inkişaf etdiyini diqqətə çatdıran kardioloq konqresin təşkilini yüksək qiymətləndirib. "Çalışacağıq ki, Almaniya ilə də gələcəkdə belə tədbirlər təşkil olunsun və yeniliklərlə bağlı təcrübə mübadiləsi aparılsın", - deyə M.Mütəllimov bildirib.

Tarix: 28-11-2021, 16:46
Xəbəri paylaş



Xəbər lenti