Koronavirusun yenidən alovlanması baş verməyəcək


Professor: "Əhalinin 90 faizində kütləvi immun müqaviməti əmələ gəlib"

"Uşaqların bağça və ya məktəbə getməsinə görə, heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyildir. Bu uşaqların əlinə 95 faizli spirt vurmayın, onlara maska taxdırmayın"

"Covid-19"-la bağlı tətbiq edilən bir çox məhdudiyyətlər ləğv olunub. Bu çox düzgün qəbul edilmiş bir qərardır və insanların normal həyata qayıtmasının ilkin müjdəsi və şərtidir. Təəssüf də olsa, normal həyata qayıdış və "Covid-19" xofundan qurtarmağa xidmət edən bu vəziyyətlə, bəziləri sanki barışmaq istəmirlər. "Covid-19"-un qonşu ölkələrdə şiddətli artımı, ölüm hallarının kəskin çoxalması, xüsusən cavanlar arasında üstünlük təşkil etməsi haqqında məlumatlar yayılır və insanları qorxu altında saxlamağa çalışırlar. Hətta bəziləri daha uzaqgörənlik edərək, "Covid-19"-un yenidən alovlanacağı, bu dəfə xəstələnənlər içərisində uşaqlar və gənclərin üstünlük təşkil edəcəyini söyləyirlər. Odur ki, karantin tədbirlərinin mərhələli şəkildə sərtləşdiriləcəyinin gündəmdə olduğu iddia olunur". 

Bu sözləri "Şərq"ə açıqlamasında  tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Professor qeyd edib ki, bu məlumatlar tamamilə yanlış və əsassızdır:

"Bütün bunlar xoş olmayan məram və məqsədlərə xidmət edir. Əvvəla ona görə ki, konkret səbəbləri göstərməklə, "Covid-19"-un bizim millətimiz və xalqımız üçün “qorxulu kabus” olmaması haqqında dəfələrlə demişəm. İkincisi, böyüklərə xas olan əksər fizioloji, neyro-humoral, immun və reseptor mexanizmlər yalnız 2-ci uşaqlıq yaş dövrünün sonu, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır, o cümlədən COVİD-19-un bağlanaraq orqanizmə daxil olduğu ACE2 reseptorları da. Covid 19-un postsinaptik hüceyrə baryerini aşmasına yardımçı olan basiqin (CD147) və Neyropilin-1 reseptorları isə söylədiyim yaş qruplarında ümumiyyətlə “supresiya” vəziyyətində olur. Odur ki, bəzi kənaraçıxmalar nəzərə alınmazsa, bu yaş qrupuna qədər uşaqların "Covid-19"-a yoluxma, xüsusən də bu infeksiyanı ağır keçirmə ehtimalı yoxdur. Buna görə də, söylədiyim yaş qrupunda olan uşaqların bağça və ya məktəbə getməsinə görə, heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyildir. Bu uşaqların əlinə 95 faizli spirt vurmayın, onlara maska taxdırmayın. Sadəcə olaraq, adi gigiyenik vərdişlərə əməl etməyi onlara aşılayın və ən əsası, onların üzündən kimsənin öpməsinə icazə verməyin".

Tibb elmləri doktoru əlavə edib ki, bu virus gənclər üçün də qorxulu deyil:

 "Gənclik dövrünün tamamlandığı 19 yaşa qədər (11-12 yaşdan başlayaraq) COVİD 19-un letallıq əmsalı 0,2 faizdən 0,6 faizə qədərdir. Yəni hər 1000 nəfər xəstələnməyə 2-6 nəfərə qədər ölüm halı düşür. Bu faiz nisbəti də bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliyi olan gənclərdir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi yalnız sıfırın üstündədir. Yəni adi gigiyenik vərdişlərə əməl olunarsa belə, "Covid-19", bu yaş qrupu üçün heç bir halda qorxulu deyil. Mən adi gigiyenik vərdiş dedikdə nə maska taxmaq, nə də əllərin spirtlənməsini nəzərdə tutmuram, yalnız nəfəs-nəfəsə durmaq və hazırda bizim gənclər arasında stereotipiya halını almış anormal ünsiyyət forması olan öpüşməyi nəzərdə tuturam.  İnsanlar arasında, xüsusən övlada görə, qorxu toxumu səpmək istəyənlərə, bir daha xatırladıram: hazırda ölkəmizdə "Covid-19" əleyhinə vaksinasiya olunanların ümumi sayı 7 milyon 174 min 292 nəfərdir. Bunların içərisində hər iki doza vaksin alanların sayı 3 milyona yaxındır. Hərgah keçən ilin son 3 ayı, eləcə də bu ilin mart, aprel, həmçinin son aylarda yoluxub-sağalanların ümumi sayını nəzərə alsaq, Azərbaycanda insanların 90 faizdən çoxunda kütləvi immun müqavimətin əmələ gəldiyini bütün məsuliyyətlə söyləmək olar. Digər tərəfdən, məlum həqiqətdir ki, "Covid-19"-un orta inkubasiya dövrü 2-14 gündür.

 Lakin 90 faizdən yuxarı hallarda, bu müddət cəmi 5,2 gün təşkil edir. Kütləvi insan kontaktının sentyabrın 29-dan, yəni ali məktəblərdə dərslərin başladığı gündən olduğunu nəzərə alsaq, "Covid-19"-un iddia olunan alovlanması iki gün əvvəldən, yəni oktyabrın üçündən baş verməli idi. Halbuki, sentyabr ayının 29-u ilə müqayisədə (842 yoluxma halı)  4 oktyabrda yoluxma halı 2,2 dəfə azalıb, 391 nəfər olub. "Covid-19"-un məlum inkubasiya dövrün nəzərə alsaq, növbəti günlərdə yoluxma sayının arta biləcəyinin nə praktik, nə də heç bir elmi əsası var. 

Hətta bunu kimsə istəsə və ya arzulasa belə. Oktyabr, noyabr aylarında fəsli viral infeksiyaların artması təbii qanunauyğunluqdur".

Tarix: 6-10-2021, 08:48
Xəbəri paylaş



Xəbər lenti