“Koronavirusun sonu çatıb” - infeksionistlərdən müjdəli xəbər


Ekspertlər sərt karantin rejiminin tətbiqini əhəmiyyətsiz sayır

Ölkəmizdə koronavirusdan ölənlərin sayı artıq 4 mini keçib, 32 mindən çox aktiv xəstə var.  Hökumət isə sərt karantinlə bağlı qərar verməkdə israrlı görünmür. Görəsən, bu amil vəziyyəti daha da qəlizləşdirməyəcək ki? Milli Məclisin son iclasında isə vaksinasiyanın zəif aparılması ilə bağlı tənqidi fikirlər səsləndirildi. Yeri gəlmişkən, bu günə qədər Azərbaycanda ümumilikdə 1 243 191 ədəd vaksin vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı 813 413 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 429 778 olub.
Bu arada İsrail peyvənd kampaniyası  sayəsində koronavirus epidemiyasını nəzarət altına ala bilib. Hazırda İsraildə əhalinin yarısından çoxu (5,3 milyon nəfər) koronavirusa qarşı peyvənd olunub. Yoluxma sayının azalmasından sonra İsrail 23 may tarixindən etibarən ölkəni yenidən turistlərə açacağını açıqlayıb.
Bəs bizdə yaxın gələcək üçün hansı proqnozları vermək olar?
Həkim-infeksionist Gülnarə Əhmədova son günlərin epidemioloji vəziyyəti ilə bağlı “Yeni Müsavat”a danışıb: "Xəstə sayı çoxdur. Amma  10 milyonluq əhali üçün əgər bu sayla kifayətlənərsə, yaxşı olar. Mənim proqnozum bəlkə də gözlənilməz olacaq. Amma hesab edirəm ki, koronavirus artıq sona çatmalıdır. Son bir ili təhlil etsək görərik ki, COVİD-19 başlayandan bu yana digər virus infeksiyaları demək olar ki, yox idi. Qızılca da tam sönmüşdü, suçiçəyi də yox idi. Virus infeksiyalarında qəribə bir xüsusiyyət var. Əgər bir virus yayılıbsa, o biri virusları sıxışdırıb çıxarır. Yəni indi yenə əvvəlki kimi başqa viruslar peyda olub. Bir müddət əvvəl “rinavirus”, “adenavirus” demək olar ki, hamısı itmişdi, yox idi. Əgər insan bədənində köhnə viruslar baş qaldırırsa, bu, koronanın sıxışdırılması deməkdir. İmmunitet bununla bacaracaq. Mənim fikrim belədir, ola bilər, səhv düşünə bilərəm. Amma müşahidələrim bunu deməyə əsas verir".
Gülnarə Əhmədova — Qastroenteroloq, İnfeksionist, Bakı | HekimTap
Gülnarə Əhmədova
G.Əhmədova sərt karantin rejiminin olmasını əhəmiyyətsiz sayır: "Onsuz da sərt karantin bizdə alınmırdı. Camaat başqa yollar axtarıb necəsə küçəyə çıxırdı. Buna görə sərt karantin rejimi saxlamaq onsuz da mənasız idi. Bəli, başqa ölkələrdə olduğu kimi olsaydı,  alınardı, amma bizdə mümkün deyil". 
İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı fikirlərini bildirib: “Yoluxma sayı 2 mindən bir az artıqdır. Sağalanların sayı da iki minə yaxınlaşır. Düşünürəm ki, əgər  bu templə davam eləsə, yoluxma sayı iki mindən aşağı düşsə, vəziyyətin bir qədər yaxşı olduğunu deyə bilərik. Artıq aktiv xəstə sayı azalacaq. Amma 2 mindən yuxarı olsa, aktiv xəstə sayı təqribən indiki vəziyyətdə qalacaq. Ona görə də sərt karantin rejiminə gedilməyəcək. Karantin rejiminin tətbiq olunub-olunmaması yoluxma sayından asılıdır, ölüm sayından deyil.  Yoluxma sayı azaldıqda ölüm sayı ona mütənasib olaraq azalacaq. Ölüm sayları həm də xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Ümumi xəstə sayı az ola bilər, ağır xəstələr çox ola bilər. Ölüm sayı da çox ola bilər. Sərt karantin rejimi birbaşa yoluxma sayı  ilə bağlı olsa da, ölüm sayı ilə əlaqəli deyil. Sərt karantin rejiminə gedilməməsinə səbəb xəstəxanalarda hələ ki yerlərin olmasıdır. Eyni zamanda  vaksinasiya prosesi də davam etdirilir. Havalar da istiləşir. Bunların da təsiri var".
İnfeksionist vaksinasiyanın zəif aparılması məsələsinə də aydınlıq gətirib: "Arada bir müddət yubanma oldu. Ölkəyə vaksinin çatdırılmasında yubanmalar oldu. Bir də təbii ki, bu işə daha çox tibb işçisi cəlb olunmalıdır. Bütün tibb işçilərini də buna cəlb etmək olmaz, çünki xəstələrin bir çox müraciətləri olur, yalnız virusla bağlı deyil. Yəni  bütün həkimlər cəlb olunsa, tibbi xidmətin keyfiyyəti aşağı düşə bilər. O ki qaldı xəstələrin müraciətinə, gələnlər çoxdur. İdarələr tərəfindən göndərilir, maaifləndirmə var".
Tarix: 16-04-2021, 10:47
Xəbəri paylaş



Xəbər lenti