“Əgər insan tək gəzirsə, o zaman maskadan istifadə etməmək olar...”



 “Əgər insan tək gəzirsə, o zaman maskadan istifadə etməmək olar...”
Hazırda hər kəsi bir sual maraqlandırır “dünyanı cənginə alan koronavirus bəlası bizləri nə zaman tərk edəcək?”.  Ölkəmizdə istifadə edilən peyvəndin isə nə qədər təhlükəsiz olduğu və hansı müddətə qədər keçərli olacağı isə sual altındadır. Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Moderator.az-a danışdı.  
 
- Bizdə istifadə edilən “Coronovac” vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Belə olduğu halda biz bu vaksini bir ildən birmi vurdurmalıyıq?  
 
- Əslində vaksinə müddət qoymaq o qədər doğru yanaşma deyil. Bir il deyil ki, həmin vaksin Azərbaycana gətirilib. Peyvənd vurulduqdan sonra filan tarixə qədər qorunmaq mümkündür anlayışı qəbuledilməzdir. Bu suala cavabı zamanla,  müəyyən müddətdən sonra vermək olar. Vaksin tətbiqi heç bir ilini  tamamlamayıb. Ola bilər ki, bu dayanıqlı, ömürlük effekt versin, ola ilər ki, bir neçə ay effekt verdikdən sonra keyfiyyətini itirsin, ya da heç effekt verməsin. Bu nəticələri isə yaxın illərdə daha aydın şəkildə cavablandırmaq mümkün olacaq. 
 
- Pandemiyanın üçüncü dalğasının gələcəyi deyilir. Deyilənlər nə qədər realdır? 
 
- Ehtimal olunur ki, yayda pandemiya ciddi şəkildə səngiyə və bitə bilər. Müəyyən ehtimallar var ki, dalğavari şəkildə 3, 4, 5-ci dalğa kimi həyatımızda bizimlə yanaşı  addımlamağa çalışacaq. Ancaq bu şəkildə isə həmin koronavirusun təsiri qripin təsirindən fərqlənməyəcək dərəcədə olacağı düşünülür. Yəni koronavirusla bir il öncə qarşılaşdığımız kimi təkrarlanacağını düşünmürəm.
 
- Koronavirusun bu il bitəcəyini gözləyirsinizmi? 
 
- Bu barədə dəqiq bir söz demək çətindir, ancaq 2021-ci il üçün koronavirusun cəmiyyətə  təhlükə törətməyəcəyi gözlənilir.
 
- Öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var. Misal üçün daha çox maskadan istifadə etdikdən bir müddət sonra nəfəs problemləri yaradır. Maskadan nə qədər istifadə edilsə də immunitet zəifdirsə yolxuma qaçılmazdır. Belə olduğu halda maskanın qoruyucu funkasyası azalır.  
 
- Maskalar qorunma nöqteyi nəzərdən olduqca vacibdir. Maskaların bu gün kütləvi şəkildə istifadəsi təqdirə layiqdir. Bundan əvvəlki mərhələdə bütöv şəkildə insanların maska taxmasında bir qədər çətinlik çəkirdik. Ola bilər ki, insanlar maska taxmaq istəməsin, müəyyən narahatlıq yaratsın. Ancaq qaydalar hamı üçündür və hər kəs bu qaydalar əməl etməlidir. 
 
- Tək olduqda və insanlardan uzaq məsafədə, açıq havada maskadan istifadə o qədərmi vacibdir?
 
- Əgər insan tək gəzirsə o zaman maskadan  istifadə etməmək olar. Amma qaydalar isə məcbur edir ki, maskadan istifadə edək. Qaydalar bütün insanlara şamil olunur. Yay aylarında bu məhdudiyyətə yəqin yenidən baxılacaq və sözügedən  məsələ yenidən korrektə olunacaq.
 
- Microsoft şirkətinin təsisçisi Bill Geyts deyib ki, önümüzdəki il dünyada  yeni bir virus yaranacaq və bunun yoluxucu funksyası daha güclü olacaq. Sizcə bu proqnozun gerçək olma ehtimalı nə qədərdir?
 
- Biz də bu barədə oxuyuruq, eşidirik. Bunlar hamısı bir ehtimaldır. Müəyyən elmi dairələrin, “yaradıcı insanlar”ın təxəyyülünün məhsulu ola bilər. Təbiət öz sürprizləri ilə insanları çaşdırıb.  Dünya sürprizlərlə doludur, nələrinsə olma ehtimalı hər zaman gözlənilir. Amma bundan daha betər virus gələcək deyə oturub gözləmək  doğru deyil.
 
- Bu kimi proqnozlar insanlar arasında panika yaradır.  
 
-Təbii ki, koronavirus insanlıq üçün yeni bir təcrübə idi. Pandemiyanı kitablarda oxuyurduq. Yeni bir həyatla üz-üzə qaldıq.  İnsanların həyata, varlığa, sağlam qalma məsələsinə münasibətləri dəyişdi. Əlbət ki, belə proqnozlar müəyyən panikaya səbəb olur və istər istəməz stres yaradır.
Tarix: 16-02-2021, 21:06
Xəbəri paylaş



Xəbər lenti