
Azərbaycanlı professor: “Vaksinlər hazır olanda ölkəyə gətiriləcək”
Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. Əgər aprel ayında 7-10 günə 1 milyon yoluxan olurdusa, hazırda 36-48 saata yoluxanların sayı 1 milyon nəfəri keçir. Dünyada artıq 64 milyon 302 min 436 nəfər koronavirusa yoluxub (biz bu materialı hazırlayan zaman). Yoluxanlardan 1 milyon 489 min 401 nəfər dünyasını dəyişib. İndiyədək koronavirusdan sağalanlar isə 44 milyon 572 min 667 nəfərdir. Hazırda dünyada 106 min 13 nəfər koronavirus xəstəsinin vəziyyəti ağırdır. Ötən sutkada 577 min 229 nəfər koronavirusa yoluxub, 11 min 894 nəfər isə bu virusdan dünyasını dəyişib.Koronavirusun yayıldığı ilk gündən dünyanın inkişaf etmiş ölkələri vaksin axtarışına çıxıblar. Araşdırmalar aparılır, nəticələr var. Lakin ortada lisenziya və yekdil qərar yoxdur. Ona görə də hazırda dünyada koronavirusa qarşı vaksinasiya prosesi başlamayıb. Bir çox həkimlər hesab edirlər ki, vaksinasiya prosesi bu ilin aprel ayına qədər başlayacaq. Lakin almaniyalı mütəxəssislərin fikrincə bu proses 2021-ci ilin sonuna qədər vaxt apara bilər.
Yuxarıdakı statistikadan da göründüyü kimi dünyada yoluxanların sayı sürətlə artır. Buna görə də digər çıxış yolu da kollektiv immunitetin yaranmasıdır. Hesab edilir ki, böyük əksəriyyət yoluxarsa, virus məhv olar və dünya bu bəladan qurtular. Ancaq bu fikri əksər həkimlər indiki an üçün illüziya hesab edirlər.
Azərbaycan da vaksinlə bağlı dünya ölkələrinin araşdırmalarını izləyir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclasında Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib. O bildirib ki, elan olunmuş qaydalara əməl edilsə, yoluxma saylarının azalmasına nail olarıq: “Bu gün bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Hamı bilməlidir ki, insanların çoxunda bu virusa qarşı immunitet yaratmasaq, bu virusa qarşı mübarizə çətin olacaq. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Biz bununla da virusa qarşı kütləvi immunitet yaratmış olacağıq”,-deyə professor söyləyib.
Azərbaycanda son zamanlar yoluxanların əksəriyyəti evdə müalicə alır. TƏBİB rəsmiləri deyirlər ki, xəstəliyi yüngül keçirənlərin xəstəxanaya aparılmasına gərək yoxdur. Onlar hesab edirlər ki, evdə müalicə alanlar ətrafdakılarını qorumalı, lazım olmadığı təqdirdə müxtəlif dərman vasitələrindən istifadə etməməli, KT (kompüter tomoqrafiyası), “Rentgen” etdirməli deyillər.
Tibb Universitetinin professoru Akif Qurbanov deyib ki, əhhətindən şübhələnən şəxs xəstəxanada ağciyərini KT etdirir və nəticə yaxşı çıxdıqda arxayınlaşır:"Belə olmaz. Bu xəstəlik yalnız sonda özünü ağciyərdə biruzə verir. COVİD-19-un müayinələrində rentgen və KT yalnız köməkçi vasitədir. Bu yoluxan şəxsin ağciyərində biruzə verməyə bilər. Bunun üçün yalnız PSR testi verilməlidir. Bu testin cavabı pozitiv olarsa, dərhal özünü təcrid etməli və iş yerinə məlumat verib müalicə olunmalıdır. Bu xəstəlik hətta simptomsuz da olur. Bu cür hallara diqqət etməliyik.
Hətta test nəticələri neqativ çıxsa da bu o demək deyil ki, həmin şəxsdə COVİD-19 yoxdur. Bütün hallarda insan özünü qorumalıdır".
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva sonuncu brifinqdə deyib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.
Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev söyləyib ki, yaşı 20-dən aşağı olan şəxslər COVİD-19 xəstəliyinin, daha doğrusu ölümün daşıyıcılarıdır:“20 yaşdan aşağı insanlara müraciət edərək deyirəm ki, ailənizə sevginiz varsa, ona atəşin düşməsini istəmirsinizsə, mütləq COVİD-19-u ciddi qəbul etməlisiniz”.
Dünyada da koronavirusdan dünyasını dəyişənlərin əksəriyyəti yan xəstəlikləri olanlardır ki, bunların da yaş kateroqriyası 65-dən yuxarıdır.
Tarix: 2-12-2020, 21:40