İran "Gorus-Qafan"a alternativ, Azərbaycandan yan keçən yolun tikintisinə qoşulur



İran Ermənistanın Sünik vilayətində Gorus-Qafan yoluna alternativ olacaq yeni yolun tikintisində iştirak edəcəyini bildirib. Bu barədə "Mehr" İran informasiya agentliyi məlumat yayıb.

Gorus-Qafan yolunun bir hissəsi Azərbaycandan keçir və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bu əraziyə öz nəzarətini bərpa etməsi nəticəsində İran mənşəli yük maşınları yoxlamaya və gömrük rüsumuna cəlb olunub. Bu isə iranlı sürücülər üçün əlavə maliyyə yükü yaratdığından narazılıqla qarşılanıb.

Ermənistan Gorus-Qafan yoluna alternativ, öz ərazisindən yol salacağını bildirib.

Ermənistan ərazisində tranzit yolun tikintisi məsələsini müzakirə etmək üçün mühəndis-texniki nümayəndə heyəti ilə birgə Yerevana gedən İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi Gorus-Qafan magistralının Azərbaycandan keçən hissəsinə alternativ yolun çəkilişi ilə tanış olub.

Bu yol, əsasən, İrandan Ermənistana yüklərin daşınması üçün nəzərdə tutulur.

Xayrulla Xademi İran-Ermənistan yolunun İran üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib və Tehranın bu yolla "sərnişin və yükdaşımaların mümkün qədər tez sahmana salınmasında" maraqlı olduğunu qeyd edib.

"Biz o yolda olduq və yeni yolun tikintisində Ermənistana öz mühəndis-texniki imkanlarımızı təqdim etməyə hazırıq", - İran rəsmisi deyib.

Ermənistan üçün də İranla əlaqələrin əhəmiyyəti böyükdür.

Rəsmi məlumatlara əsasən, İran Ermənistanla ticarət əlaqələrinə görə dördüncü ölkədir. Hətta 2020-ci ildə, koronavirus pandemiyasının mənfi təsirinə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi hətta bir qədər artıb və birinci 10 ay ərzində təxminən 74 milyon dollar təşkil edib.

Son günlərdə Ermənistan və İran rəsmiləri tez-tez görüşməyə başlayıblar. Son görüş bu həftə Ermənistan hökumətində baş verib, lakin bu görüşlər haqqında ətraflı məlumat verilmir.

Naxçıvan üzərindən Türkiyəyə çəkiləcək dəmiryolu xətti: "Böyük oyunçuların qazancı daha çox olacaq"

"Su Suqovuşanda yox, Sərsəngdədir - o da ermənidədir"

İranlı sürücülər narazıdır

Ötən il 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğalında olan ərazilərin böyük bir hissəsini geri qaytardıqdan sonra Zəngəzur bölgəsində, sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa edib.

Yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan İran yük maşınlarından rüsum tələb etməyə başlayıb. Nəticədə Ermənistana yük daşıyan iranlı sürücülər üç dəfə rüsum verməyə məcbur olurlar: bir dəfə Ermənistan sərhədini keçəndə, iki dəfə də Azərbaycan ərazisinə daxil olanda və geri qayıdanda.

Yüzlərlə maşın karvanı sərhəddə günlərlə dayanmağa məcbur qalıb. Bəzi sürücülər rüsumu ödəyib keçir və bir daha bu şəraitdə işləməmək qərarı ilə İrana qayıdır. Bəziləri Ermənistan ərazisi ilə dolayı, lakin yükdaşıyan maşınlar üçün yaramayan, təmirə ehtiyac olan xarabalıq yolla keçməyə çalışır.

Ermənistan dövlət arxivinin keçmiş direktoru, tarix elmləri doktoru Amatuni Virabyan deyir ki, Gorus-Qafan yolu 1920-ci illərdə Azərbaycanla Ermənistan arasında sərhədə çevrilib. Lakin hər iki respublika Sovet İttifaqı tərkibinə daxil olduqdan sonra bu, inzibati sərhəd olub. 1990-cı illərdə Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra isə dövlət sərhədinə çevrilib.

O zaman (ötən əsrin 20-ci illərində) sərhədlər dağların zirvələri və çaylar üzərindən çəkilirdi, çay olmayan yerlərdə isə - sərhəd xətti yollar üzərindən keçirdi. Sovet dövründə çaylardan və yollardan hər iki sovet respublikası da istifadə edirdi, Amatuni Virabyanın Azadlıq Radiosunun erməni redaksiyasına müsahibəsində deyib.

"Gorus-Qafan"a alternativ yol

Ermənistanın Gorus və Qafan məntəqələrini birləşdirən bu yol İranla Ermənistan arasındakı dövlətlərarası magistralın bir hissəsidir.

Yaranmış vəziyyətdən çıxmaq üçün Ermənistan hökuməti hazırda mövcud olan və bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yoluna paralel yeni Gorus-Qafan yolu tikmək qərarına gəlib. Bu yol tamamilə Ermənistan ərazisindən keçəcək və Azərbaycan sərhədi ilə kəsişməyəcək.

Əslində yol yenidən salınmır, hazırda Gorus, Tatev, Ağvani, Tandzavar, Verin Xotanan məntəqələrindən keçməklə Sisian kəndindən Qafan istiqamətində gedən M2 dövlətlərarası yol var, amma bu yolun bəzi hissələri bərbaddır, istifadə zamanı çətinliklər yaradır.

Təxminən 81 kilometrlik bu yolun Gorus-Tatev hissəsi indi də bütün növ sərnişin və yük nəqliyyat vasitələri üçün yararlıdır və hazırda burada təmir işləri aparılır.

43 kilometr təşkil edən Tatev-Qafan yolunun tikintisinə dövlət büdcəsindən 5,25 milyard dram (təxminən 11 milyon dollar), Sünik vilayətində yolların tikintisi və təmir işlərinə isə ümumilikdə 8,9 milyard (təxminən 18,5 milyon dollar) ayrılıb.

Yolun Tatev-Ağvani 12,5 kilometrlik hissəsində yolsalma işləri ötən ildən başlanıb və artıq istifadəyə verilə bilər.

17,5 kilometrlik Ağvani-Tandzaver-Verin Xotanan hissəsində intensiv işlər gedir. Bu kəndlərdə su kəmərləri də təmir olunub. Yolun kəndlərdən keçən hissələrində səkilər tikiləcəyi də nəzərdə tutulur. Bu barədə yeli informasiya vasitələri nümayəndələri ilə görüşü zamanı Yol Departamenti dövlət qeyri-hökumət təşkilatı proqramlar idarəsinin rəhbəri Vahaqn Stepanyan məlumat verib.

Onun sözlərinə görə, hava yağmursuz keçərsə, yolun ikinci hissəsi vaxtından əvvəl hazır olar. Hava şəraitindən başqa, tikinti işlərini yolda günü-gündən intensivləşən nəqliyyat hərəkəti də ləngidir.

Yolun üçüncü 13 kilometrlik hissəsi yaşayış məntəqələrindən keçmir, burada işlər vaxtından əvvəl başa çatıb və hazırda avadanlaşdırma işləri aparılır.

Alternativ yolun eni də hazırkı İran-Ermənistan dövlətlərarası yolun eni qədərdir: bəzi yerlərdə 6,6 metr, bəzi yerlərdə 7,2 metrdir.

Yeni Gorus-Qafan yolunun tikintisi bu ilin sonunadək başa çatdırılmalıdır.
 
BBC
Tarix: 8-10-2021, 21:32
Xəbəri paylaş



Xəbər lenti