“Təsəvvür edin ki, Azərbaycan əsgərinin mərmisina bir sülhməramlı tuş gəlir…”


“Təsəvvür edin ki, Azərbaycan əsgərinin mərmisina bir sülhməramlı tuş gəlir…”
Səxavət Məmməd: “Təmas xəttində gərginlik artan xətlə davam edəcək… Hadisələr antiterror əməliyyatlarının başlamasına gətirib çıxaracaq”
 
İki həftəyə yaxındır ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən həm Azərbaycanla sərhəddə, həm də Qarabağda, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulur. İkinci Qarabağ müharibəsindən qalib çıxan Azərbaycan öz sərhədlərin dəqiqləşməsində və yekun sülhün əldə olunmasında maraqlıdır. Bu, ən yüksək səviyyədə - Prezident İlham Əliyev səviyyəsində elan olunub. Lakin Ermənistan davamlı olaraq atəşkəsi pozmaqla sülhdə maraqlı olmadığını nümayiş etdirir.
 
Baş verən silahlı gərginliklərlə bağlı AYNA-nın suallarını prosesləri yaxından izləyən tanınmış hərbi jurnalist Səxavət Məmməd cavablandırıb. Deyib ki, artıq on gündən çoxdur köhnə günlərə dönmüşük - "Atəşkəs pozulub", "Cavab atəşi ilə düşmən susdurulub"...
səxavət məmməd jurnalist
- Əslində bunun adiləşməsi çox ciddi narahatedici faktdır. Gələk gərginlik məsələsinə. Gərginliyin olacağını əvvəldən proqnozlaşdırırdıq. Müharibədən bir müddət sonra erməni silahlılarının Qarabağda qalmasının təhlükəli olacağını deyirdik. Bu müddət uzandıqca, gərginlik də artmağa başladı. Bəzi ekspert və politoloqlar iddia edirdi ki, baş verənlər Ermənistandakı seçkilərlə əlaqədardır. Əslində bu gün oların seçki ilə heç bir əlaqəsi yox idi. Məsələ burasındadır ki, Ermənistan tərəfi məğlubiyyəti həzm etmir. Burda təkcə erməni tərəfinin rolu da yoxdur. Ümumiyyətlə, hər iki ölkəyə təsir və təzyiq etmək istəyən güc gərginlik yartmaq istəyəcək və bacaracaq.
 
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Birgə Bəyənatın 4-cü bəndinə əməl edilmir. Rusiya sülhməramlı qüvvələri erməni silahlılarının ərazidən çıxması ilə paralel şəkildə əraziyə yerləşəcəkdi. Faktiki olaraq isə bu gün ərazidə erməni silahlıları var. Erməni silahlılarının orda olması əsas problemdir. Bəzən deyirlər ki, Rusiyanın bütün maraqları təmin olunub. Belə düşünmürəm. Rusiya imperialist ölkədir. Bir istədiyini əldə edir, yenisini, daha yenisini istəyir. Rusiya öncə Qarabağa sülhməramlı qüvvələrini yeritdi. Daha sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin tənzimlənməsində iştirak etmək istəyir. Diqqət etdikdə görürük ki, məhz hansısa bir gərginlik baş verir, ardınca Rusiyanın istəyi üzə çıxır. Əslində isə bu, tam tərsidir. Rusiyanın istəyi ilə hadisələr baş verir. Rusiya ərazidə sülhməramlıdan daha çox döyülən uşağa qahmar durmağa gələn böyük qardaş təsiri bağışlayır.
 
Ermənilərin həzm etmədikləri yerlədən biri də Hadrutdur. Bəzi məlumatlara görə, Rusiya Hadrutun ermənilərə qaytarılması təklifini də edib. Azərbaycan tərəfi təbii ki, bununla razılaşmayıb. Düşünürəm ki, gərginlik artan xətlə davam edəcək.
 
- Atəşkəs pozuntusu təkcə sərhəd ərazidə deyil, Qarabağda da oldu - Şuşa istiqamətində separatçılar atəş açdılar. Separatçıların atəşkəsi pozmaqda niyyətləri nədir?
 
- Silahsız toqquşmalar tez-tez olurdu. Bunu sosial şəbəkələrdə yayılan videolardan da görürdük. Daha sonra iki ölkə rəsmilərinin sözlü atışmalarından sonra silahsız toqquşmalar atəşkəsin pozulması ilə nəticələndi. Ağdamın Əliağalı kəndi istiqamətində bir Azərbaycan hərbçisi yaralandı. Əldə edilən məlumata görə, həmin ərazidə Azərbaycan tərəfi yol təmiri işi ilə məşğul idi. Ermənilər əraziyə PUA qaldırıb, müşahidələr aparıblar. Daha sonra Rusiya sülhməramlı qüvvələrinin komandan müavini əraziyə gəlib. Onun gedişindən bir neçə saat sonra atəş açılıb. Adətən əraziyə bir rəhbər şəxs gəlirsə, onun gəlişindən əvvəl və sonra nizam-intizam üst səviyyədə olur. Nədənsə Rusiya sülhməramlı qüvvələrinin komandan müavininin gedişindən qısa zaman sonra bu hadisə törədildi. Əmri verməsə də, ən azı Rusiya sülhməramlı qüvvələrinin hadisədən xəbəri olub.
 
Daha sonra Azərbaycan tərəfi Şuşaya xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrini apardı. Onların gəlişindən dərhal sonra erməni tərəfi atəşkəsi daha çox pozmağa başladı. Erməni tərəfi açıq şəkildə bilir ki, azərbaycanlıların Qarabağa köçü başlayandan sonra orda qalmaqları mümkün olmayacaq. Prosesi ləngitmək üçün hər addım atılacaq. Bu səbəbdən də, üçtərəfli Birgə Bəyənatın 4-cü bəndinə dərhal əməl olunmalıdır. Yoxsa təxribatlar adi hal alacaq.
 
Bundan əlavə, təsəvvür edək, Qarabağda Azərbaycan əsgərinin qarşısında təkcə erməni silahlıları yox, Rusiya sülhməramlıları da durur. Bir anlıq düşünək ki, Azərbaycan əsgərinin açdığı atəş Rusiya sülhməramlı qüvvələrinin bir hərbçisini yaraladı və ya öldürdü. Bu, Qarabağdakı prosesi “ərəb saçı”na döndərər. Ermənilər həm də bunu hesablayıb, atəşkəsi pozurlar. Çünki belə olan halda Azərbaycanla Rusiya qarşı-qarşıya qalacaq. Bu, arzuolunmaz bir şeydir.
 
- Rusiya sülhməramlıları nə işlə məşğul olurlar ki, separatçılar silaha əl atırlar?
 
- Əslində Rusiya sülhməramlıları sülhməramlı fəaliyyətindən başqa hər işlə məşğul olurlar. Ermənilər üçün evlər tikirlər, özləri yerləşirlər, ərazidə olan erməni silahlıları ilə birgə təlim keçirirlər. Rusiya sülhməramlılarının komandanı yalnız ermənilərin xahişi ilə terrorçuları geri almaq üçün Azərbaycana səfər edib. Baş verənlərdən sonra onu mütləq Bakıya çağırıb hesab sormaq lazım idi. Prezident İlham Əliyev Rusiyada səfərdə oldu. Putindən üçtərəfli Birgə Bəyənatın 4-cü bəndinin yerinə yetirilməsi israrla tələb edilməlidir. Bundan əlavə, ermənilərin atəşkəsi pozduğu üçün cəzalandırılması tələb olunmalıdır.
 
Hazırda Qarabağdakı erməni silahlıları nizami ordu deyil. Onlar daha çox ərazidə yaşayan insanlardan formalaşıb. Əldə etdiyim məlumata görə, artıq Qarabağa Ermənistandan çağırışçılar gəlmir. Bu, özü də təhlükəli bir məqamdır. Qarşıda bir dövlət yoxdur. Hazırda bir dövlət, bir dövlətin maşası və onların ikisinin ağası var. Separatçılar istər Ermənistandan, istər Rusiydan, istərsə də, sifariş ala biləcəkləri başqa bir ölkədən gələn mesajla silaha əl ata bilərlər. Azərbaycanın ilk işi bu problemi həll etməkdir.
 
- Qarabağda atəş səslərinə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də səssiz qalır. Bunun səbəbi nədir?
 
- Bu Mərkəzin fəaliyyəti qaranlıqdır. Bu günə qədər Mərkəzin hansısa bir işlə məşğul olduğu barədə səhih məlumat yayılmayıb. Ən son türkiyəli zabitlərlə rusiyalı zabitlərin Mərkəzdə nərd oynamasını gördük. Mərkəzin əsas işi PUA-larla mövqelərə nəzarət etməkdir. Ancaq necə nəzarət edirlər, əllərində hansı imkanlar var - bunu bilmirik. Ehtimal edirəm ki, Mərkəz ancaq dövlətlərə hesabat verir. Ola bilsin ki, oların fəaliyyəti dövlətləri razı salır, o üzdən də heç bir tərəfdən narazılıq yaradacaq açıqlama ilə qarşılaşmamışıq.
 
- Sərhəddə atəşkəs pozuntusuna daha çox Naxçıvan istiqamətində rast gəlirik. Düşmən niyə son günlər Naxçıvanı atəşə tutur?
 
- Naxçıvanda ermənilərin atəşkəsi pozmasının səbəbi Azərbaycan tərəfinin dövlət sərhədi boyu postları möhkəmləndirməsi və lazım olan istiqamətlərdə “bufer zona”lar yaratmasıdır. Erməni tərəfi bunu da həzm edə bilmir. Bu səbəbdən də atəşkəsi pozurlar. Ancaq düşünürəm ki, bu, Azərbaycanın ən doğal haqqıdır. Buna görə KTMT-ni, beynəlxalq təşkilatları haraya çağırmaq əbəsdir. Azərbaycan Ermənistana güvənmir və yay mövsümündən istifadə edərək, sərhədini möhkəmləndirir. Buna kimsə irad tuta bilməz. Erməni tərəfi, böyük ehtimalla, Kərki kəndinin geri qaytarılmasını da hesablayır. Həm də bu səbəbdən atəşkəsi pozur. Erməni tərəfi Azərbaycanı postları önə çəkməkdə ittiham edir. Bu, gülüncdür. Bu, işğal yox, torpaq almaq yox, sadəcə təhlükəsizlik tədbiridir.
 
- Cəmiyyətdə belə fikirlər var ki, lokal atəşkəs pozuntuları genişmiqyaslı müharibəyə gətirib çıxaracaq. Sizcə, Qarabağda genişmiqyaslı antiterror əməliyyatları və ya müharibə gözlənilirmi?
 
- Görünən odur ki, hadisələr antiterror əməliyyatlarının başlamasına gətirib çıxaracaq. Olmaya da bilər. Əgər erməni silahlıları ərazidən çıxarsa, əlavə qan tökülməsinə gərək qalmayacaq. Proseslər onu göstərir ki, antiterror əməliyyatları baş tutcaq. Öncə silahsız toqquşmalar, hazırda atəşkəsin intensiv pozulması halları var. Ancaq antiterror əməliyyatlarının payızda baş verə biləcəyini düşünürəm. Çünki hazırkı isti hava şəraitində sürətli əməliyyat keçirmək mümkünsüzdür. Ancaq bu, müharibə olmayacaq. Müharibə çox geniş anlayışdır. Əgər antiterror əməliyyatları olacaqsa, bu, çox qısa zaman kəsiyində baş tutcaq və bitəcək. Yeri gəlmişkən, Azərbaycan Ordusunun son təlimləri məhz antiterror, qanunsuz silahlı dəstələrə qarşı mübarizə və Xüsusi Təyinatlı Qüvvələrlə digər qoşun növlərinin döyüş uzlaşması və qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi yönündə olub. Əslində bu özü bir mesajdır.
Tarix: 23-07-2021, 22:03
Xəbəri paylaş



Xəbər lenti