“Rus sülhməramlılar Dağlıq Qarabağı tərk etsələr, orada erməni qalmayacaq”. Pravda.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq Prezidenti, “Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Ruslar çıxsa, Qarabağda bir nəfər də olsun qarabağlı erməni qalmayacaq”, - deyə Ter-Petrosyan əlavə edib.
O qeyd edib ki, nədənsə insanların 95 faizi 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə inanır: “Ancaq belə bir şey yoxdur”.
Petrosyanın sözlərinə görə, bəyanatda rus hərbçilərin qalma müddətinin uzadılması ehtimalının göstərilməsi boş yerə deyil, onlar getməyə hazırlaşmırlar.
“Sonradan əllərini yuyub getsinlər deyə gəlməyiblər. Razılaşmada hər şey qeyd olunub”, - deyə Ter-Petrosyan bildirib.
Ermənistanın keçmiş Prezidenti Rusiya ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini də vurğulayıb.
Petrosyan tərəflərin “nəqliyyat dəhlizi” sözlərini özünəməxsus şəkildə başa düşdüyünü qeyd edib: “Azərbaycan Naxçıvana, Ermənistana - Rusiyaya dəhlizlə çıxış əldə etməyə çalışır. Nəyi izah etmək lazımdır? Ermənistan üçün Rusiya ilə etibarlı bir yolun olması vacib deyilmi? Gürcüstanla yolların vəziyyətini bilirsiniz və Azərbaycan yolları bizim üçün bağlıdır. Əgər belə bir fürsət yaradılırsa, Ermənistan üçün əla bir əlaqə olacaq”.
Xatırladaq ki, Levon Ter-Petrosyan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak edəcək.
Tarix: 10-06-2021, 21:54