ABŞ dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Filip Riker ötən gün Azərbaycana səfərinin yekunlarına və Prezident İlham Əliyevlə danışıqlara dair Bakıda mətbuat konfransı keçirib.Virtualaz.org “Turan”a istinadən bildirir ki, jurnalistlərlə görüşdə F. Riker Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda ABŞ üçün Azərbaycan ilə əməkdaşlıqda prioritet əhəmiyyət kəsb edən məsələlər üzrə danışıqlar aparıldığını söyləyib: enerji və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik.
Fürsətdən istifadə edərək Dövlət Departamentinin nümayəndəsi öz hökuməti adından ABŞ-ın Azərbaycanla əməkdaşlığının səviyyəsini bir daha vurğulayıb:
“Vaşinqton Azərbaycanı strateji tərəfdaşı hesab edir”.O, Azərbaycandan Avropaya qazın çatdırılmasını və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP qaz dəhlizinin tikintisinin yekunlaşdırıldığını qeyd edib.
“ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki,
sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.Filipp Riker bir daha Dövlət katibi Blinken və Prezident Baydenin Vaşinqtonun Ermənistanla Azərbaycan arasında münaqişənin həlli axtarışında Rusiya və Fransa ilə birgə iştirak etmək niyyətində olduğunu bəyan edib.
Bununla yanaşı, diplomat Türkiyənin ABŞ-ın yaxın müttəfiqi olduğunu və iki ölkənin əməkdaşlıq məsələlərinin Bayden və Ərdoğanın qarşıdakı görüşünün diqqət mərkəzində olacağını xüsusi vurğulayıb:
“Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik”.
Tarix: 9-06-2021, 09:35