Zərdüşt Əlizadə: “Paşinyan çox gözəl bilirdi ki, KTMT ona kömək etməyəcək. İstəyir erməni cəmiyyətini inandırsın ki...”“Artıq ermənilərin 30-40 faizi əmindir ki, Rusiya Ermənistanın müttəfiqi, himayədarı deyil... Bu, əslində Paşinyanın böyük uğurdur”AzərbaNINycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyən edilməsi prosesi davam edir. Rəsmi İrəvan bu prosesi dayandırmaq üçün gah Rusiyadan hərbi dəstək istəyir, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında tələblər irəli sürür. Həmçinin, Qərbdə Azərbaycan əleyhinə kampaniya aparır. Hətta yaratdığı səs-küyün gözlənilən effekti vermədiyini görən İrəvan elan edir ki, əgər dialoq vasitəsilə məsələ həllini tapmasa, hərbi yola baş vura bilər.“AzPolitika.info” bu mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:
- Zərdüşt bəy, mayın 12-dən bu yana Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənləri necə qiymətləndirirsiniz?- Azərbaycan tərəfi öz qanuni torpaqlarını, sərhədlərini bərpa edir. Erməni tərəfi isə uzun müddət xülya və əsatirlərlə yaşayıb və indi onu gerçəkliyə qaytarırlar. Yəni erməni xalqı nağıllardan gerçəkliyə qaytarılır, gerçəkliksə onlar üçün acıdır. Ən böyük acı ondan ibarətdir ki, ermənilər “müqəddəs qədim erməni torpağı Qarabağı azad etmişdi”, amma bunu onun əlindən aldılar. Başa saldılar ki, səhv etmisən.
İkinci gerçəklik odur ki, ermənilərin istifadə etdiyi hansısa torpaqlar hüquqi baxımdan Azərbaycana məxsusdur və indi geri alınır. Sözsüz ki, bu da onları incidir. Həm də nəzərə almaq lazımdır ki, hazırda Ermənistan seçki ərəfəsindədir və orada müxtəlif siyasi qüvvələr arasında mübarizə gedir. Delimitasiya zamanı torpaqların Azərbaycana qaytarılması Paşinyanın mövqelərini zəif də olsa laxladır. Bu, imkan verir ki, Köçəryan və digərləri Paşinyanı torpaqları satmaqda ittiham etsin.
Paşinyan komandası məsələnin mahiyyətini anlayır və bilirlər ki, Azərbaycan öz torpaqlarını tələb edir. Çünki strateji baxımdan Azərbaycana onun olmayan torpaqları tələb etməsi əl vermir. Biz anlayırıq ki, bizə məxsus olmayan ərazilərə daxil olsaq, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) faktoru işə düşə bilər. Ona görə də biz yalnız xəritələrdə Azərbaycanın olan torpaqlarımıza iddiamızı ortaya qoyuruq. Paşinyan bunu bilir, amma o, “Azərbaycan öz qanuni torpaqlarını geri alır” deyə bilməz. Odur ki, torpaqları qorumaq istədiyini deyir, KTMT-yə müraciət etdiyini göstərir və həm də Ermənistanın gücünün olmadığını nümayiş etdirir. Üstəlik, KTMT-nin Ermənistanı satdığını göstərir. Bir sözlə, mübarizə gedir.
- Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Rusiyanın mövqeyini necə görürsünüz, bu ölkə hansı maraqları güdür?- Rusiya öz mənafeyini, marağını ortaya qoyub.
İndi marağı odur ki, Azərbaycan mümkün qədər Ermənistanı əzsin, Paşinyan zəifləsin. Azərbaycan Rusiya ilə münaqişə axtarmır, biz öz torpaqlarımızı alırıq, Ermənistanın da Rusiyadan asılılığı getdikcə artır. Mən belə düşünürəm ki, 20 iyundan sonra bu asılılıq azalmağa başlayacaq. Erməni xalqından mandat alacağı təqdirdə Paşinyan bu asılılığı mümkün qədər azaltmaq üçün addımlar atacaq. Rusiya isə çalışacaq ki, bu asılılıq artırsın. Azərbaycanın da dövlət maraqları, strateji məqsədi tələb edir ki, biz nəyin bizim olduğunu, nəyin olmadığını tədricən müəyyənləşdirək.
- Son prosesdə Türkiyənin hansısa formada iştirakı varmı?- Kifayət edir ki, Türkiyə “Biz Azərbaycanın yanındayıq” desin. Bu, yetərlidir. Putin demişkən, hamı bilir ki, Ərdoğan sözünün sahibidir...- Ermənistan Azərbaycan Ordusunun onun dövlət sərhədini pozması bəhanəsi ilə KTMT-yə və Rusiyaya hərbi yardımla bağlı müraciət etdi, ancaq arzuladığı cavabı ala bilmədi. Sizcə, niyə?- Ona görə ki, KTMT-nin siyasi rəhbərləri hansı siyasi oyunun getdiyini gözəl bilirlər. Amma onlar açıq deyə bilməzlər ki, Nikol, bəsdir artistlik etdin, Azərbaycanın torpaqlarını qaytarmaq lazımdır. Tacikistan rəhbəri İmoməli Rahmon bildirdi ki, məsələni öyrənmək üçün göstəriş verib. Amma onun göstərişindən sonra məsələni bir aya və ya üç aya öyrənəcəkləri bilinmir. Bir sözlə, oyunun mahiyyətini bilirlər. KTMT-nin Baş katibi, belaruslu general Stanislav Zas bildirdi ki, məsələni öyrənirik, iyunun 1-də gündəliyə sala bilərik. Ona qədər də bu dalğa keçəcək. Məsələ aktuallığını itirəcək. Odur ki, ciddi hadisə baş vermir.
Məncə, Gürcüstanda, daha doğrusu Dmanisidə baş verənlər ciddi və təhlükəli ola bilər. Ola bilsin ki, Gürcüstan dövlətinin daxilində xariclə bağlı olan hansısa strukturlar var. Onlar çalışırlar ki, Borçalıda gərginlik yaratsınlar. Bir dəfə 1989-cu ildə bunu etmək istəmişdilər, amma alınmamışdı. Sonradan vaxtaşırı bu cür niyyətlər olub, lakin baş tutmayıb. Mən hesab edirəm ki, indi bunun qarşısını həm Azərbaycan, həm də Gürcüstan tərəfi birgə səylərlə və qətiyyətlə almalıdır.
- Nikol Paşinyan Rusiyaya hərbi dəstək üçün müraciət edir, amma istədiyi cavabı ala bilmir. Əvəzində, Fransa elan edir ki, hərbi dəstək verməyə, hətta BMT vasitəsilə regiona gəlməyə hazırdır. Halbuki, bir müddət əvvəl Putin və Makron Qarabağla bağlı yeni təşəbbüslə çıxış etmələrinə dair anlaşmışdılar. İndi nədən fərqli mövqelər ortaya qoyulur?- Mən, hətta Qarabağ müharibəsindən də böyük bir müharibənin iştirakçısıyam. Misir və İsrail orduları döyüşürdü və mən də müharibənin içindəydim. Görürdüm ki, müharibənin taleyini hərbi güc həll edir. Fransanın Cənubi Qafqazda hansı hərbi gücü var? Yoxdur, sıfırdır. Cəmi bir hərbi ataşesi İrəvanda, biri də Bakıdadır. Bu qədər sadə.
Çox da ki, danışır. Fransa deyir ki, sənə hərbi yardım göndərməyə hazıram. Haradan, hansı yolla göndərəcək bu yardımını? Hətta belə hərbi dəstək gəlsə belə, dərhal məhv ediləcək. Yaşmadakı bir qrupu göndərməklə məsələni həll edərlər. Makron seçkilərə hazırlaşdığından bunu deyir, bu cür danışır. Sadəcə, bu qədər. Regionda onun real gücü və təsir imkanları sıfırdır.
- Sizə elə gəlmirmi ki, Fransa öz dəstək mesajlarıyla Nikol Paşinyanın hakimiyyətdə qalmasına çalışır, Rusiya isə susmaqla onun iqtidardan getməsini istədiyini nümayiş etdirir?- Paşinyan KTMT-dən hərbi dəstək istəyəndə çox gözəl bilirdi ki, ona kömək edilməyəcək. Fransa da Paşinyana hərbi dəstək təklif edəndə gözəl bilirdi ki, İrəvan bunu qəbul etməyəcək. Ermənistan Rusiyadan savayı başqa bir dövlətin hərbi dəstəyini qəbul edə bilməz. Çünki bu, qadağandır, Ermənistan Rusiyanın kəbinli xanımıdır.
Amma əvəzində Paşinyan başqa söz deyir. Tovuz hadisələri zamanı KTMT və Rusiyadan dəstək istədi. Qarabağ müharibəsi zamanı da, elə indi də dəstək istədi.
Nikolun məqsədi nədir? Erməni cəmiyyətini inandırsın ki, Rusiyadan Ermənistana nicat yoxdur. Rusiya Ermənistanın anladığı formada təhlükəsizliyə zamin ola bilməz. Onların da təhlükəsizlik anlayışı budur ki, başqa dövlətin torpağını tuturlar və daha güclü müttəfiqləri tərəfindən açıq şəkildə müdafiə olunurlar. Bu isə faktiki təhlükəsizlik deyil, təcavüzdür. Ermənilər təhlükəsizliyi bu formada qavrayırlar. Böyük israr və inadla da öz mövqelərində dururlar.
Paşinyanın məqsədi budur ki, cəmiyyəti Rusiyadan Ermənistana xeyir gəlməyəcəyinə, Moskvanın onun təhlükəsizliyinə təminat verməyəcəyinə inandırsın. Bu proses də gedir. Artıq erməni cəmiyyətində 30-40 faiz əhali əmindir ki, Rusiya Ermənistanın müttəfiqi, hamisi deyil. Bu, əslində böyük uğurdur. Vaxtilə erməni cəmiyyətinin maksimum 10 faizi belə düşünürdü, indisə artıq 30-40 faizi. Ən əsası da odur ki, bu cür düşünənlər Nikol Paşinyanın seçiciləridir. Çünki Nikolun istiqaməti Qərbə tərəfdir.
- ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan və Ermənistan liderlərinə zəng edərək, sərhəddə baş verənləri müzakirə etdi, məsələylə bağlı ABŞ-ın bəyanatı oldu. Sizcə, ABŞ bununla yenidən Cənubi Qafqazda əsas oyunçuya çevrilmək istəyini ortaya qoymurmu?- ABŞ bununla “biz də varıq” demək istəyir. Onların Cənubi Qafqazda baş verən hadisələrə təsir etmək imkanı və həm də istəyi yoxdur. ABŞ hara, Cənubi Qafqaz hara? Cənubi Qafqaz ABŞ-ın maraq darəsində ola bilsin ki, iyirminci yerdədir. İndiki halda ABŞ-ın regionda gedən proseslərə qarışmaq imkanı və istəyi yoxdur.
- Müşahidələr onu göstərir ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesində faktiki olaraq, Azərbaycana qarşı kampaniya həyata keçirildi. Necə düşünürsünüz, sərhədlərin müəyyənləşdirilməsi sona çatdırılacaqmı, yoxsa hansısa mərhələdə qarşıdurmaya şahidlik edəcəyik?- Əlbəttə ki, demarkasiya prosesi sona çatdırılacaq. Azərbaycan qalib tərəfdir. O, beynəlxalq qanunlarda nəzərdə tutulan sərhədlərini bərpa etmək istəyir. Bunun üçün sanballı və qanuni sənədlərə istinad edir.
Sovet dövründə sərhədləri müəyyənləşdirən xəritələr var, üstəlik müasir avadanlıqlardan istifadə etməklə sərhəd cızılır. Beləcə, danışıqlar apara-apara sərhədləri müəyyən edəcək, sonra dövlət sərhədini quracaqlar. Başqa çıxış yolu yoxdur. Hər iki xalqın tez bir zamanda barışmasına, ermənilərin daşı ətəyindən tökməsi və ağıllanmasına ümid yoxdur.
Nəzərə alınmalıdır ki, söhbət Qarabağdan deyil, Azərbaycan-Ermənistan sərhədindən gedir. Biz SSRİ-də yaşadığımızdan inzibati sərhədlərin heç bir əhəmiyyəti yox idi. Məsələn, Qaragöl Azərbaycan ərazisi idi, amma onun suyundan erməni kolxozaları, təsərrüfatları istifadə edə bilərdi. O zaman kimin nə vecinə idi ki, inzibati sərhədlər haradan keçir. Biz düşmən deyildik, sonradan düşmənçilik toxumu səpdilər. İndiki sərhədlərin mahiyyəti ondan ibarətdir ki, bir-birilə dost olmayan ölkələr dövlət sərhədlərini müəyyən edirlər. Mümkündür ki, ermənilər hansısa ərazilərimizdə 3, hansındasa 6 kilometr Azərbaycan ərazisinə giriblər. Amma bu, xəritədə Azərbaycan torpağıdırsa, deməli Azərbaycan ərazisi olmalıdır. Başqa cür mümkün deyil. Hesab edirəm ki, erməni tərəfi əslində buna müqavimət də göstərmir. Mayın 12-dən bu yana sərhəddə dəqiqləşdirmə prosesi gedir. Qarşı tərəf bir güllə belə atmayıb. Gəlib etiraz bildiriblər, deyiblər ki, buralar bizim ərazimizdir. Buna da əhəmiyyət vermirik. Çünki ortada sənəd, xəritə var.
Nə olsun ki, buna görə ermənilər dünyanı bir-birinə qatdılar. Bunun onlara xeyri oldumu? 2-3 qəzet yazdı, Makron axmaq bəyanat verdi, vəssalam. İsraildə raketlər atılır, insanlar ölür, Hizbullah 20 min raketlə müharibəyə qoşulur və s.
Dünyanı bu maralandırır. Bəli, Qarabağ müharibəsi zamanı biz dünyanın diqqət mərkəzində idik. 44 günlük müharibədən sonra biz dünyanın gündəmindən çıxaraq, 15-ci yerə düşmüşük. Nikol Paşinyan 10 dəfə KTMT-yə müraciət etsin, bizə qarşı ittihamla çıxış etsin, Bakı buna qarşı bəyanat versin və s. Siz gedin dünya mediasına baxın görün bizim region dünya gündəmində neçənci yerdədir. Manşetdə yoxdur, birinci səhifədə yoxdur. Ən yaxşı halda dördüncü səhifədə ola bilər. Yəni dünyanı Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşirilməsi məsələsi maraqlandırmır.
- Sizcə, Levon Ter-Petrosyanın “Nikol Paşinyan və Robert Köçəryanın hakimiyyətə gəlişi Ermənistanın yeni faciələrinə yol açacaq” bəyanatı nədən xəbər verir?- Bunun açması odur ki, Ermənistanın “xoşbəxtliyi” Levon Ter-Petrosyanın hakimiyyətə gəlməsindədir. O, belə düşünür. Bu bəyanat pərdə arxasında Paşinyanın müdafiə edilməsinə yönəlməyib. Levonla Nikolun arası dəyib. Bəli, Paşinyan Levonun komandasında idi, gənc kadr sayılırdı, mitinqləri aparırdı və s. Amma sonra Nikol gördü ki, Levon kəskin qarşıdurmaya getməyə, qan tökməyə hazır deyil. Odur ki, Levondan ayrıldı, həbsdə yatdı, azadlığa çıxdı, deputat seçildi və öz xəttini ortaya qoydu. Məqsədi hakimiyyətə gəlmək idi və buna da nail oldu. Baş nazir olduqdan sonra Paşinyan sabiq prezidentə hörmətlə yanaşırdı. Amma sonra Levon gördü ki, Paşinyandan ona heç bir xeyir yoxdur, başladı tənqidə. İndisə daha sərt tənqid edir.
- Faktiki olaraq, Ermənistanda seçkiyə 4 əsas qüvvə qatılıb. Onlardan hansının qalib gələcəyini düşünürsünüz?- Əgər Robert Koçaryan terror aktına əl ataraq Nikol Paşinyanı öldürməsə, Paşinyan seçkilərdə qələbə qazanacaq. Qərb də bunu istəyir. Əslində, erməni xalqının mənafeyinə Nikolun qələbəsi daha uyğundur. Erməni xalqının gözü tədricən açılır.
Tarix: 20-05-2021, 09:17