Robert və Araikin açıqlamaları nəyə hesablanıb? Politoloqlardan sərt reaksiya
Xocalı hərbi canisi, Ermənistanın eks-prezidenti Robert Köçəryandan yeni sərsəm iddia irəli sürüb. Köçəryan deyib: “Biz danışıqlar yolu ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini bərpa edə bilərik”. Hərbi cani bildirib ki, söhbət ilk növbədə Şuşa və Hadrutun qaytarılmasından gedir. Bunu o, tərəfdarları ilə görüşdə söyləyib.Bənzər fikri az öncə separatçıbaşı Araik Arutyunyan da söyləmişdi. Robert Köçəryan onu da bildirib ki, “müharibənin bitməsi hələ konfliktin bitməsi demək deyil, ədalətli sülh olmasa yenə müharibə ola bilər”.
Terrorçu Robert Köçəryan və onun kimilər hansı danışıqlardan dəm vururlar, Şuşanı, Hadrudu hara “qaytarmaq” istəyirlər? Onlar bu iddiaları beynəlxalq aləmdə tirajlamaq, himayədarlarının vasitəsilə Azərbaycana təzyiq kampaniyası başlatmaqmı istəyirlər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Robert Köçəryanın bu açıqlaması bir çox məqamlara aydınlıq gətirir: “Şuşa və Hadrutu haraya qaytarır bu cani?! Köçəryan və onun tayları özlərini tamam itiriblər, nə danışdıqlarını da bilmirlər. Digər tərəfdən, bunlar seçki qabağı verilən vədlər silsiləsindəndir. Bütün dünyada bu cür vədlər verirlər. Bu “siyasi xadim” bütün ölçüləri keçərək, ən fantastik vədlər verməklə məşğuldur. Köçaryan əvvəllər özünü bir az ciddi aparırdı, indi küçə adamlarının, Paşinyanla Araikin səviyyəsinə düşüb, sərsəm-sərsəm danışır. Onun dediklərini ciddiyə almağa ehtiyac yoxdur. Onların dedikləri Azərbaycana qarşı heç bir halda beynəlxalq təzyiq üçün yol aça bilməz. İkinci Qarabağ müharibəsinin gedişində dünya aydın şəkildə gördü ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası ilə məşğuldur.
Akif NağıHəmin rəy artıq beynəlxalq ictimai fikirdə özünə ciddi yer edib, onu dəyişdirmək mümkün deyil. Köçəryan və digərləri danışıqlar yolundan danışırlar, dediklərinə guya danışıqlar yolu ilə nail olacaqlarını deyir, amma müharibə yolunu da istisna etmirlər. Müharibə yolu artıq istisna edilib, onlar Azərbaycana qarşı yaxın 30 ildə hərb açmaq iqtidarında deyillər. Danışıqlar yolunun da predmetləri artıq aydındır, istənilən danışıqlar 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini ehtiva etməlidir. Ona görə də köçəryanların fikirlərinin heç bir mənası yoxdur, yenə də təkrar edirəm ki, bu, seçkilərə yönəlik gopabasmalardan başqa bir şey deyil”.
Məhəmməd Əsədullazadə Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan öz hərbi qələbəsi nəticəsində Ermənistanı məğlub edib və bundan sonra artıq Robert Köçəryan və onun kimilərinin hər hansı bir revanşist açıqlamaları, xam xəyallar nəticə verməyəcək: “Eks-prezident Robert Köçəryanın Şuşa və Hadrut barədə qeyd etdikləri revanşizm xəyalları ilə yaşadıqlarının göstəricisidir. Halbuki, Köçəryan özü də bilir bundan sonra onların bu cür absurd iddia və xəyallarının həyata keçməsi mümkün deyil. Köçəryan yəqin onu da bilir ki, Azərbaycan Qarabgadaki silahlı erməni birləşmələrini də çıxardacaq. Artıq Azərbaycan ərazisində onların hər-hansı bir ağır texnika və artilleriya vasitələri yoxdur. Separatçıların lideri Araik Arutyunyanın da açıqlaması da sadəcə avantüradır. Köçəryan və Araik öz aləmlərində həm də beynəlxalq aləmdə rəy yaratmaq istəyirlər ki, Qarabağ məsələsi həll olunmayıb. Hər iki cani çalışır ki, bu məsələni gündəmdə saxlasınlar. Lakin artıq heç nəyə nail ola bilməyəcəklər, məsələ artıq bitib. Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud deyil və onun hüdudları deyilən bir şey də yoxdur. Azərbaycana hər hansı bir təzyiqin ediləcəyi də mümkün deyil. İlk növbədə regionda yeni bir siyasi nizam formalaşır. Ermənistan hakimiyyəti onsuz da Azərbaycanla əlaqələri normallaşdırmağa çalışmağa məhkumdur. Köçəryan və separatçı Araik müharibədə Azərbaycandan böyük zərbə alıblar. Hər iki şəxs birinci Qarabağ savaşında iştirak ediblər və onların bütün “uğurlarını” Azərbaycan ordusu yerlə yeksan edib. Biz Ermənistan əhalisinin də gözündən düşmüş Robert Köçəryanın dedikləri əsas götürülməməlidir. Şuşa ilə bağlı baş nazir Paşinyan parlamentdə qeyd edib ki, Şuşa Azərbaycan şəhəridir və orada erməni yaşamayıb. Yəni artıq Ermənistanın baş naziri belə reallığı etiraf edib. Köçaryan bu reallığı hətta hakimiyyətə gəlsə belə, dəyişə bilməz. Artıq 90-ci illər deyil”.
Etibar SEYİDAĞA,“Yeni Müsavat”
Tarix: 1-05-2021, 14:24