Ceyhun Bayramov: “Saxlanılan erməni hərbiçilərinin əməllərinə hüquqi qiymət veriləcək”
2020-ci il noyabrın 10-dan sonra əsir düşmüş erməni hərbiçiləri ilə bağlı məsələ Litvanın Xarici İşlər Naziri Qabrielius Landsberqisin Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə müzakirə olunan mövzulardan biri olub. Litva naziri Bakıya səfərindən əvvəl Yerevanda səfərdə olub, burada kifayət qədər kəskin bəyanatlar səsləndirib, Bakıdan atəşkəsdən sonra saxlanılmış hərbiçiləri qeyd-şərtsiz azad etməyi tələb edib. Onun bu ifadələri diqqətdən yayınmayıb və bu gün iki nazirin birgə konfransında bununla bağlı narazılıq dilə gətirilib. Bayramov dəfələrlə təkrar edib ki, bəzi Avropa ölkələri ikili standartlar nümayiş etdirir, Azərbaycanın maraqlarına məhəl qoymur və Ermənistanı dəstəkləyir. “Bu, yolverilməzdir ”. Bayramov 10 noyabr tarixli atəşkəs bəyanatının şamil olunmadığı erməni əsirləri ilə bağlı vəziyyəti Landsberqisə ətraflı izah etdiyini bildirib. Nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq barədə Litvalı nazirlə fikir mübadiləsi aparılıb. “Azərbaycan tərəfini narahat edən bəzi ciddi məsələlər var və bu məsələləri litvalı həmkarımın diqqətinə çatdırdım. Bizi narahat edən məsələlərdən biri Ermənistan tərəfinin haqsız olaraq Azərbaycanda “hərbi əsirlər” barəsində iddialar qaldırmasıdır və bu barədə məsələni litvalı həmkarımın diqqətinə catdırdım. Bir daha nəzərinizə çatdırım ki, 10 noyabr razılaşmasından sonra qanunsuz olaraq erməni tərəfindən göndərilən adamlar Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib və 62 nəfər saxlanılıb. Həmin adamlarla bağlı cinayət-istintaq tədbirləri davam etdirilir və onların əməllərinə müvafiq qaydada Azərbaycan qanunveriliciyinə uyğun olaraq qiymət veriləcək”, deyə nazir qeyd edib. Contact.az