Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak üçün Rusiyada olan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan nümayəndə heyəti arasında aprelin 29-dan 30-na keçən gecə gizli görüş keçirilib.
Erməni mənbələrində yayılan bu iddiaya görə, görüşdə iki məsələ müzakirə olunub:
- Nəqliyyat kommunikasiyalarının açılmasına dair yol xəritəsi;
- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması;
Bu iddianı daxili siyasi mübarizədə Paşinyana qarşı növbəti ittiham hesab etmək olar, lakin görüşdə müzakirə edilən məsələlər son proseslər fonunda diqqət çəkir və müəyyən ehtimalları ön plana çıxarır.
ABŞ regiona Ermənistan üzərindən təsirlərini artırmaq gedişləri edir, Baydenin “soyqırımı” ifadəsi də buna hesablanan addım idi.
Ermənistanın Moskvanın çətiri altından çıxarmaq və münaqişənin Rusiyasız həlli üçün “Bolton planı” dövriyyədə idi, lakin ABŞ gecikdi və Avrasiyada geosiyasi dəyişiklik planı önə çıxdı.
“Amerika qayıdır” şüarı ilə hakimiyyətə gələn Bayden Avrasiyadakı dəyişikliyin ABŞ-ın maraqlarına uyğunlaşdırmaq istəyir. “Soyqırımı” məsələsindən sonra Blinkenin Bakıya zəngi də Vaşinqtonun balansı qorumaqla yanaşı, bu niyyətindən irəli gəlir.
Amerikalıların gəlişini hiss edən ruslar narahatdır və mümkündür ki, Qarabağla bağlı prosesi sürətləndirmək üçün sülh müqaviləsinin – 10 noyabr razılaşmasının rəsmiləşdirilməsini müzakirəyə çıxarıblar.
Bu məsələnin müzakirəsi üçün ilk növbədə razılaşmanın indiyə qədər heç bir irəliləyiş olmayan 4-cü bəndinin – erməni qoşunlarının Qarabağdan çıxarılmasının yerinə yetirilməsi lazımdır. Bu kontekstdə iki hadisə diqqət çəkir.
1. Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın Moskvaya çağırılması;
2. Erməni hərbi texnikası və şəxsi heyətin Qarabağdan çıxarıldığı haqda yayılan videokadrlar;
Moskva Qarabağda erməni qoşunlarının çıxarılmasından sonrakı dövrə hazırlaşır, Arutyunyanın bununla bağlı təlimatlandırıldığı istisna deyil.
4-cü bəndin yerinə yetirilməsindən sonra isə 10 noyabr razılaşmasının rəsmiləşdirilməsi istiqamətində fəaliyyəti genişləndirəcək. Lavrovun İrəvan və Bakı səfərinin gündəliyini də bu məsələlərin əhatə etdiyini deyə bilərik.
Asif Nərimanlı
Tarix: 30-04-2021, 14:10