Rus sülhməramlıları üçün bir şans – Günahlarının bir qismi yuyula bilər


Rus sülhməramlıları üçün bir şans –   Günahlarının bir qismi yuyula bilər
Və ya Xankəndidəki 9 May paradı ilə bağlı müəyyən məqamlar
 
Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlıları mayın 9-da Xankəndi şəhərindəki aeroportda İkinci Dünya müharibəsində Qələbə Günü şərəfinə hərbi parad keçirməyə hazırlaşır. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı xüsusi məlumatda deyilir.
 
Ölkəmizdə bu xəbər müxtəlif reaksiyalara səbəb oldu. Çünki 10 noyabr 2020-ci il tarixli Qarabağda atəşkəs haqqında üçtərəfli razılaşmada bu bardə heç bir şey yazılmamışdı. Elə bundan sonra da aparılan danışıqlarda bu barədə nəyinsə deyildiyini heç kim xatırlamır.
 
Rus sülhməramlıları yenə də növbəti dəfə özfəaliyyətlə məşğuldur? Bu suala hələlik dəqiq bir cavab yoxdur. Həqiqət budur ki,  Şuşa, Ağdam və 44 günlük müharibə nəticəsində azad edilmiş digər torpaqlarla yanaşı, Xankəndi də Azərbaycanın ərazisidir. Buna görə Rusiya tərəfi Xankəndidə hər hansı bir böyük tədbirin keçirilməsi məsələsini rəsmi Bakı ilə əlaqələndirmək məcburiyyətindədir - Hərbi parad da daxil olmaqla!
 
Üstəlik 9 May Azərbaycanda da bayramdır. Xatırladım ki, “Türk xalqları” ensiklopedik istinad kitabına görə, Azərbaycandan cəbhəyə 640 min insan səfərbər olmuşdu, bunlardan 350 mindən çoxu geri qayıtmayıb. Respublikada 77, 223, 271, 402 və 416-cı milli Azərbaycan diviziyaları yaradılmışdı.
 
“20-ci əsrin müharibələrində Rusiya və SSRİ” statistik tədqiqatına görə, faşist işğalçılarına qarşı mübarizədə göstərdikləri cəsarət və şücaətlə bağlı Azərbaycandan yüz mindən çox insan SSRİ-nin orden və medalları ilə təltif olundu. Onlardan yüzdən çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bundan əlavə 43 etnik azərbaycanlı bu ada layiq görülüb. Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədovun adlarını xatırlamaq kifayətdir.
 
Nəhayət, müharibə illərində Azərbaycan cəbhəyə əsas neft və neft məhsulları tədarükçüsü idi. Neftçilərimiz bütün SSRİ-nin yanacağının 90%-ə qədərini istehsal edirdilər. Müharibənin ilk ilində cəbhəyə 23,5 milyon ton neft göndərildi. Ümumilikdə, İkinci Dünya müharibəsi dövründə hərbi ehtiyaclar üçün 75 milyon ton neft göndərilib. Bəli, alman faşizmi üzərində qələbəyə bu qədər əhəmiyyətli töhfə verməsinə baxmayaraq, Bakı heç vaxt qəhrəman şəhər statusu almadı.
 
Buna baxmayaraq, Respublikanın, onun igid oğul və qızlarının böyük Qələbənin yaxınlaşmasında verdiyi töhfənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Və mənə elə gəlir ki, Rusiya sülhməramlıları qərar verdkləri 9 may tarixini Xankəndidə paradla qeyd etməsi prosesində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri də iştirak etməlidir. Qələbə Paradında Rusiya sülhməramlıları ilə birlikdə iştirak edəcək olan Azərbaycan hərbçilərinin Azərbaycanın Xankəndi şəhərində olması məntiqli, ədalətli olardı və bu məsələ ilə əlaqədar bəzi gərginliyin aradan qaldırılmasına kömək edərdi…
Tarix: 27-04-2021, 11:28
Xəbəri paylaş



Xəbər lenti