Xəbər verdiymiz kimi, aprelin 16-dan Kəlbəcərdəki Söyüdlü(Zod) qızıl mədəninin Ermənistan tərəfdə qalan hissəsində işləyən erməni fəhlələr mədənə aparan yolu bağlayıblar.
Moderator.az xəbər verir ki, qəsbkar Ermənistan nəşrlərinin yaydığı son məlumata görə, hazırda yolu kəsmiş 40 sürücü öz tələblərindən geri çəkilmirlər. Onlar son 4 aylıq maaşlarının ödənilməsini, üstəlik, görülən işin həcmindən asılı olmayaraq ayda 500 min dram(təxminən 1585 AZN) maaş verilməsini tələb edirlər.
Qeyd edilir ki, Ararat qızıl zavoduna xammal daşıyan dəmiryol xətti də etirazçılar tərəfindən bağlanılıb.
Zod mədənini idarə edən Rusiyanın “GeoProMining Gold” şirkətinin rəhbərliyi isə fəhlə və sürücülərin tələblərinin əsassız olduğunu, şirkətin onlara əmək haqqı borcu olmadığını bildirib.
“Şirkət rəhbərliyi icazəsiz tətilin dayandırılmasına və konstruktiv dialoq çərçivəsində vəziyyətdən çıxış yollarının müzakirəsinə çağırır. İstehsal iflici səbəbindən daha çox dayanma halında şirkət həm Zoddakı, həm də Ararat qızıl zavodundakı istehsal fəaliyyətini dayandırmalı və bütün işçiləri ödənişsiz məzuniyyətə göndərməlidir. Zod mədəni sürücülərinin hərəkətləri də Ermənistan qanunvericiliyinin tələblərinə uyğun gəlmir. Şirkət rəhbərliyi qanunsuz tətilin təşəbbüskarlarının Ermənistan əmək qanunvericiliyi, əmək müqavilələri və digər normativ aktlar çərçivəsində cavab verəcəkləri barədə xəbərdarlıq edir.
“GeoProMining Gold” şirkəti Zod qızıl mədənini, Ararat qızıl filizi zavodunu idarə edir. Şirkət, Ermənistanın Geqarkunik və Ararat mərzlərində 1200 iş yeri təmin edən böyük bir işəgötürəndir. Şirkətin investisiyaları 350 milyon dolları ötüb” – xəbərdə belə deyilir.
Xatırladaq ki, bundan öncə digər xarici şirkətlərin istismar etdiyi Söyüdlü (Zod) yatağının idarəçiliyi 2007-ci ildən Ermənistanın razılığıyla Rusiyanın “GeoProMining Gold Company” şirkətinə verilib. Və 14 ilə yaxın müddətdə həmin şirkət yatağın Azərbaycan tərəfinin, yəni Kəlbəcərdəki hissəsinin də qanunsuz olaraq istismarıyla məşğul olub. 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcər rayonu Azərbaycana təhvil verildiyindən Azərbaycan ordusu Zod qızıl yatağı ərazisində sərhəd bölgüsünə müvafiq uyğun mövqelərini tutub. Və son məlumatlara görə, mədənin Azərbaycan hissəsinin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti yanvarın 22-də verdiyi bəyanata əsasən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində və Dağlıq Qarabağda yerləşən üç bərpa olunmuş müqavilə sahələri, o cümlədən Kəlbəcərin Zod qızıl yatağı üzrə üzrə qiymətləndirmə işləri aparmalıdır...
Tarix: 19-04-2021, 15:23