İkinci Qarabağ savaşı Azərbaycanın zəfəri ilə başa çatdı. Xalqımızın ən ağrılı problemi öz həllini tapdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 44 günlük müharibə ilə biz təkcə Qarabağ problemini həll etmədik, həm də sınmış qürurumuzu, əzilmiş imicimizi özümüzə qaytardıq. İkinci Qarabağ savaşı parçalamaq, pərən-pərənə salmaq istədikləri xalqımızı birləşdirdi, bütövləşdirdi. Müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heysiyyatı, qüruru ilə oynamaq olmaz.
Tarix boyu xalqımızı dəfələrlə məhv etməyə çalışıblar. Ancaq o, yenidən var olmağı bacarıb, dirçələ bilib. Xalqımızın hər bir övladı əli hər yerdən üzüləndə Vətəndən yapışıb. Hamı Vətəndən yapışanda isə birləşib, daha güclü olub, haqqının tapdalanmasına imkan verməyib.
Vətən müharibəsindən sonra Aərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi. Ölkəmiz həm də regionun siyasi mənzərəsini dəyişdi, Qafqazda sülhün, sabitliyin əsasını qoydu.
Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladağı 10 noyabr tarixli bəyanatda öz əksini tapan mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılması regionda sülhün, sabitliyin təmin edilməsini daha da sürətləndirəcək, bölgə dövlətlərinin əməkdaşlığını dərinləşdirəcək, onların sürətli inkişafına şərait yaradacaqdır. Əlbəttə ki, bu dəhlizin ən çox xeyrini görəcək ölkələrdən biri də məhz Ermənistan olacaqdır. Zəngəzur dəhlizi Azərbaycanın yalnız bir regionunu – Naxçıvan Muxtar Respublikasını blokadadan çıxaracaqsa, dəhliz Ermənistan adlı dövləti blokadadan xilas edəcəkdir.
Prezident İlham Əliyev son vaxtlardakı çıxışlarında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub, onun bölgə ölkələrinin inkişafına təkan verəcəyini vurğulayıb. Ölkə rəhbəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında bu məsələdən də danışaraq deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir”.
Göründüyü kimi, Zəngəzur nəinki region, eləcə də bütün dünya üçün əhəmiyyətli nəqliyyat dəhlizidir. Ancaq bu gün Ermənistandakı revanşist qüvvələr Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışırlar. Onları erməni xalqının həyatı, gələcəyi qətiyyən maraqlandırmır. Prezident İlham Əliyevin dediyi kimi, “onların yaxşı həkimlərə ehtiyacı var... onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var”.
Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan revanşistlər həm “Dəmir yumruğu”, həm də Laçın dəhlizini unutmamalıdırlar. Azərbaycan regionda sülhü, sabitliyi təmin edəcək mühüm faktorlardan biri olacaq Zəngəzur dəhlizinin açılması üçün Laçın dəhlizinin saxlanılmasına razılıq verib. Doğrudur, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə Zəngəzur dəhlizinin birbaşa əlaqəsi yox idi. Ancaq zamanla mövcud reallıqlar dəyişir. 44 günlük savaşdan sonra üstünlük Azərbaycanda idi və indi biz diktə edən tərəfə çevrilmişdik. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz nəyə görə onlara Ermənistana gedib-gələ bilmələri üçün dəhliz verməliyik? Axı Qarabağın Ermənistanla nə əlaqəsi var? Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Ermənistan isə başqa “müstəqil” dövlətdir. Azərbaycanla Ermənistan arasında diplomatik və digər əlaqələr qurulsa belə, ən yaxşı halda Qarabağda yaşayan ermənilər Ermənistana vizasız gedib-gələ bilər. Təbii ki, sərhəd və gömrük-keçid prosedurları tətbiq olunmaqla.
Ermənilərin 200 ilə yaxındır Qarabağda yaşaması onlara bu haqqı tanımır. İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır. Orada Azərbaycan adında iki vilayət vardır. Həmin ərazilər isə orada yaşayan azərbaycanlıların dəbə-baba torpaqlarıdır. Ancaq oradakı azərbaycanlılar severen İran dövlətinin ərazisində yaşayırlar. İndi İran İslam Respublikasının ərazisində yaşayan azərbaycanlıların ölkəmizə gəlib-gedə bilməsi üçün biz dəhliz istəməliyik? Yaxud başqa bir misal. Gürcüstanın Marneuli bögəsinin əhalisinin 80 faizdən çoxu azərbaycanlıdır. Gürcüstan həmin insanların Azərbaycana gələ bilməsi üçün dəhliz verməlidir? Bu, sadəcə, absurd və gülüncdür.
Ermənistanda revanş arzusunda olub Zəngəzur dəhlizi kimi mühüm bir layihənin reallaşdırılmasına mane olmağa cəhd edənlər bu barədə düşünməlidirlər. Onlar bilməlidirlər ki, bununla bağlı cəhdin heç bir mənası yoxdur. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanatın bəndlərinin hamısı icra olunacaqdır. Çünki bu bəyanatda nəzərdə tutulanların icrasının qarantı Rusiyadır. Bundan imtina etmək, onun icrasına mane olmağa çalışmaq özünəqəsddir, axmaqlıqdır.
Ermənistanda bir də onu dərk etməlidirlər ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistana gedə bilməsi üçün onlara öz ərazisində dəhliz verib. Naxçıvan Muxtar Respublikasını blokadadan çıxarmaq, Türk dünyasının quru əlaqəsini təmin etmək üçün yenə öz ərazisindən dəhliz açır. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun bir hissəsi 1920-ci ildə zorla Azərbaycandan qoparılıb Ermənistana birləşdirilib. Onlar unutmamalıdırlar ki, güclü Azərbaycanın Müzəffər Ali Baş Komandanının “Dəmir yumruğu”, yenilməz Ordumuz hər an Zəngəzuru da geri qaytarmaq qüdrətindədir. Ancaq bizim ölkəmiz sülh tərəfdarıdır. Biz regionda sabitlik, Qafqazda uzunmüddətli sülh istəyirik. Bunun əksini düşünən ermənilərə isə bir daha xatırladırıq: Zəngəzur da, İrəvan da qədim Azərbaycan torpaqlarıdır. Azərbaycan Ordusu İrəvana qədər gedə bilər. Biz mütləq İrəvana da qayıdacağıq. Lakin İrəvana tankların üzərində qayıtmaq istəmirik. Prezident İlham Əliyevin dediyi kimi: “Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.
Tarix: 18-04-2021, 19:51