"Xankəndidə antiterror əməliyyatı qaçılmazdır" - Üç ölkə birləşir

“Xankəndidə antiterror əməliyyatı qaçılmazdır” – Üç ölkə birləşir
Aprelin 14-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar İrəvanda Qarabağdakı separatçıların “xarici işlər naziri” David Babayanla qeyri-rəsmi, qapalı görüş keçirib. Detallar bəlli deyil, amma bunun münaqişənin davam etməsi üçün atılan addım olduğu şübhəsizdir.
Bir gün sonra – aprelin 15-də Ankaraya gələn Yunanıstan xarici işlər Niko Dendias kameralar önündə Türkiyəyə hücum etdi. Yunan nazirin hücumunun iki hədəfi var:
1. Yunan ictimaiyyətinə “türklərə evində dərs verdiyini” göstərmək: canlı yayımda Çavuşoğlunun Nikonun dərsini necə verdiyini gördük;
2. Aİ-ni arxasına alaraq, Aralıq dənizində şərqində gərginliyi artırmaq.
Türkiyənin Liviya ilə anlaşmasından sonra Aralıq dənizinin şərqində qızışan Ankara-Afina qarşıdurması NATO-nun çağırışları ilə səngidi. Türkiyə dialoqa açıqdır, Yunanıstan isə məcburi gəlir. Yunan nazirin dialoq üçün gəldiyi Ankarada hücuma keçməsi də məhz dialoqu pozmaq, gərginliyi artırmaq məqsədi daşıyır. Çünki Türkiyənin Misirlə qurduğu təmaslar bölgədə arxasında Fransanın dayandığı yunan oyununu tamamilə pozur.
Toyvo Klaarın Babayanla görüşü ilə Dendiasın Aralıq dənizinin şərqində gərginliyi artırmağa hesablanan hücumu eyni pazlın hissələridir.
Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyində rolu praktiki mərhələyə keçdi. Azərbaycanın Şərqi Aralıq məsələsində Türkiyənin yanında olması o bölgədə Ankaranın əlini gücləndirir. Prezident İlham Əliyev Qarabağ müharibəsindən öncə Bakıda Yunanıstan səfirinə dediyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” sözləri də təkcə Afinaya yox, Şərqi Aralıqda yunanları Ankaranın üzərinə göndərən Avropaya (daha çox Fransaya) mesaj idi. Bu mesajın açması belə idi: “Şərqi Aralıqda Türkiyənin maraqlarının təhlükə altına düşməsi və istənilən hərbi riskin yaranması Avropanın enerji təhlükəsizliyinin də təhlükə altına düşməsi deməkdir”.
Qarabağ müharibəsi, Türkiyənin Liviya ilə razılaşmasından sonra Misirlə danışıqlara başlaması Fransa-Yunanıstan-Ermənistan üçlüyünün prosesdə uduzan tərəfə çevrilməsi ilə nəticələndi. İndi bu üçlük yenidən hərəkətə keçir:
– Yunan-erməni lobbisi Türkiyənin “Türksat 5B” peykinin kosmosa göndərilməsinin qarşısını almaq üçün İlon Maska təzyiq edir;
– Fransanın Ermənistandakı səfirliyi Bakıda açılan Hərbi Qənimətlər Parkına görə Bakını ittiham edir;
– Aİ nümayəndəsi İrəvanda Babayanla, Azərbaycan ərazisindəki separatçı-terrorçularla görüşür.
Proses daha da gərginləşəcək. Avropadan Bakıya müxtəlif mövzularda, xüsusilə insan haqları üzərindən təzyiqlərin güclənəcəyi, Minsk Qrupunun Qarabağ məsələsi üzərindən təxribatları davam etdirəcəyi, paralel olaraq, Şərqi Aralıqda gərginliyin artacağı gözləniləndir. Bu kontekstdə ABŞ-ın Qara dənizə göndərməkdən vaz keçdiyi iki hərbi gəmisinin Aralıq dənizinə göndərməsi də təsadüfi deyil.
Azərbaycanın Xankəndidəki separatçı-terrorçuların neytrallaşdırılması istiqamətində addımları qaçılmazdır.
Asif Nərimanlı
Tarix: 17-04-2021, 12:38
Xəbəri paylaş



Xəbər lenti