Rusiya səhvinin cəzasını çəkə bilər: Azərbaycan fürsəti əldən verməyəcək


Vətən Müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın diqtə etdiyi şərtlər Ermənistan tərəfindən mütləq şəkildə yerinə yetirilməlidir. Bir neçə gün öncə Ermənistanda ciddi ictimai-siyasi qarşıdurmalara səbəb olan 60-dan çox terrorçunun qaytarılması üçün Bakıya endiyi deyilən, ancaq Ermənistana içiboş göndərilən təyyarənin İrəvanda yaratdığı qarmaqışıqlıq da bunun növbəti əyani sübutudur. 10 Noyabr bəyanatının bəndlərini şərt qarşılığında yerinə yetirməyə çalışan Ermənistan sülhə təhdid olduğunu, 44 günlük müharibədən dərs çıxarmadığını göstərir.
Hadisələrin gedişi İrəvan üçün kapitulyasiya aktının (10 noyabr 2020) tələblərinin icra etmək limitinin sürətlə tükəndiyini göstərir. İstər Köçəryanın, istərsə də Nikol Paşinyanın Rusiya turnesi təkcə iyulun 20-nə təyin edilən erkən parlament seçkiləri ilə bağlı Kremlin dəstəyini qazanmaq deyildi. İrəvan bütün siyasi möhtəkirliyini kapitulyasiya aktından sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində terrorçuluqla məşğul olan "əsirlərini" geri almaq üçün istifadə etməyə çalışır. İrəvan regionda bütün kommunikasiyaların icrasını məhz bu bənddən asılı vəziyyətə salmağa cəhd etsə də Bakıdan İrəvana uçan boş təyyarə Ermənistan hərbi-siyasi dairələrinə ciddi bir mesaj oldu. 
Növbəti ciddi mesajı Ali Baş Komandan Ermənistana və havadarlarına bu gün Bakıda Vətən Müharibəsi zamanı düşmənin ələ keçirilən hərbi qənimətlərindən ibarət parkın açılışı zamanı göndərdi. Azərbaycan Prezidenti Bakıda Hərbi Qənimətlər Parkının açılışında Şuşada  "İsgəndər M" raketinin aşkar edilən qalıqlarının saxlanıldığı lövhənin önündən keçərkən "Haradandır "İsgəndər-M" raketləri Ermənistan Ordusunda? Hələ ki, cavab ala bilməmişik, amma alacağıq" sözləri düşmənə edilən xəbərdarlıq idisə, "Şuşanı biz azad edəndən sonra bu silahdan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik" ifadəsi ilə düşməni silahlandıran, Azərbaycana qarşı kütləvi qırğın silahından istifadə etmək imkanı yaradan havadarlarına hər şeydən xəbərdar olduqları ismarıcını göndərib. 
Çünki sözügedən hadisə bütün mənalarda beynəlxalq hüquqi skandaldır. Azərbaycan belə bir unikal fürsəti işə çevirmək istəsə, istədiyini almaqda problem yaranmayacaq. Çünki qadağan olunmuş silah ("İsgəndər-M" Rusiyaya məxsusdur) sisteminin kim tərəfindən atılması Rusiyanı məsuliyyətdən azad etmir və bu, tam təsdiqlənəcəyi halda, təkcə Azərbaycanla deyil, dünyanın bütün ölkələri ilə əksər sferalar üzrə, o cümlədən silah alış-verişi ilə əlaqədar münasibətlər pozulacaq. Biz bu məsələni beynəlxalq səviyyəyə qaldırmırıq, əvəzində isə Rusiyadan Qarabağdakı mövqelərimizi daha da möhkəmlətməyi əldə edə bilərik.
Nəzərə alsaq ki, bu gün Qarabağda ermənilərin yaşadığı ərazilərdə rus sülhməramlıları fəaliyyət göstərir, o zaman Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla son vaxtlar Qarabağ ətrafında gedən proseslərlə bağlı onu məlumatlandırması və Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması zərurətini bildirməsi Kreml sahibinin Türkiyənin bölgədə varlığını qəbul etdiyinin bir daha təsdiqidir. Buradan da belə nəticə çıxır ki, Kreml Türkiyənin Cənubi Qafdazda və Azərbaycanda  möhkəmlənməsi amilini qəbul edib. Növbəti mərhələdə Türkiyənin Qarabağda hərbi varlığını təmin etmək Azərbaycan üçün də prearitet məsələyə çevrilə bilər. 
Rusiyanın İrəvanın arxasınca qaçaraq özünü regiondakı tərəfdaşları ilə üz-üzə qoymayacağı sirr deyil. Aprelin 8-də Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarına telefon zəngini bu dediklərimin real təsdiqi də hesab etmək olar. /Milli.Az
Tarix: 13-04-2021, 10:31
Xəbəri paylaş



Xəbər lenti