Rəsmi Moskvanın Azərbaycana atdığı “İsgəndər” barədə deyilənlərə susqunluqla “cavab” verməsini “susmaq, razılaşmaqdır” deyimi ilə əlaqələndirsək, deməli Rusiya dolayısı ilə bu səhvə yol verdiyini etiraf etdi. Ancaq bu arada, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevin Xankəndinə atdığı “ofis bombası”nın partlayış effekti erməni və müəyyən mənada Rusiya tərəfi üçün daha dağıdıcı gücə malik oldu. Doğrudur, özünü qondarma “dqr prezidentinin mətbuat katibi” sayan Lusine Avanesyan, Azərbaycan rəsmisinin öz Twitter səhifəsində “Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək. Hazırda şəhərdə yeni ofis binası üçün uyğun məkanlar axtarılır”, sözündən ilk baxışda heç də ruhdan düşənə oxşamasa da, ancaq rəsmi Bakı bu kimi “bombalardan” mütəmadi olaraq istifadə etsə, bu, erməni cəmiyyətinin, xüsusən də Azərbaycan ərazisindəki separatçı ermənilərin ruhən dağılmasına daha yaxşı təsir etmiş olacaq.
Diqqət edin, Lusine Avanesyan Tural Gəncəliyevə cavab olaraq, öncə “...Bu cür ucuz məlumatla cəmiyyəti çaşdırmağa və erməni cəmiyyətini qıcıqlandırmağa çalışırlar”, desə də, ancaq sonra həyasızlıqla “Azərbaycanlılar Stepanakertdə nəinki ofis aça bilərlər, hətta onların ayaqları bura dəyə bilməz. Yaxşı olar qoy bizim işğal olunmuş ərazilərimizi qaytarmaq barədə düşünsünlər ki, bəlkə onda konfliktin gələcəkdə tənzimlənməsi istiqamətində real danışmaq mümkün olsun”, deyir.
Bu azmış kimi, azərbaycanlılara qarşı nifrəti təbliğ edən Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan bir az da irəli gedərək, özünəməxsus çirkin bəyanatla çıxış edib Gəncəliyevin “həbsxanada başını kəsəcəyik”, - deyə, Azərbaycan rəsmisini açıq şəkildə təhdid edir. Yeri gəlmişkən, ermənilər hələ ötən illərdə də Gəncəliyevi xarici səfərlər zamanı ölümlə hədələyərək, ona “Nemezis” terror əməliyyatını xatırladıblar. Bildiyimiz kimi “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən həyata keçirilmiş terror hadisəsidir.
Sözsüz ki, keçmiş Dağlıq Qarabağla bağlı rəsmi Bakının mövqeyi hər kəsə bəllidir. Mediadan oxuduğumuza görə isə Milli Məclisin deputatı Tahir Kərimlinin fikrincə razılıq var ki, Xankəndidə Azərbaycanlı icmasının ofisi olsun və tədricən köçürülmə prosesinə start verilsin.
Doğrudur, ilk baxışda bütün bunlar su kimi aydın görünsə də, ancaq burada separatçı ermənilərin və onlara atalıq edən Rusiyanın “saman altından su yeritmələrini” də görmək vacibdir.
Baxın, sizcə Rusiya Federasiyası Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Qriqori Karasinin bu günlərdə “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağdakı vəziyyətin həllində faydalı rol oynaya bilər”, deməsi nəyə hesablanıb? Karasinin fikrincə guya çox şey tərəflər arasında etimadın qurulmasının mümkün olmasından asılı olacaq. Maraqlıdır, əgər separatçılar adı sülhməramlı olanların qoltuğunun altına dürtülüb indidən yenə baş kəsməkdən, azərbaycanlıların Xankəndiyə ayaqlarının dəyə bilməməsindən dəm vururlarsa, onda burada hansı etimaddan söhbət gedə bilər?!
Şübhəsiz ki, Karasinin bu “ölmüş və qapısı bağlanmış” ATƏT söhbətini dirildib ortaya atması ilk növbədə separatçılara status qazandırmağa, həmçinin Azərbaycanda “lövbərini” birdəfəlik və daha dərinə atmaq üçün problemin həllini yenidən uzatmaq istəyən Rusiyanın xeyrinə hesablanıb.
Baxın, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsində qeyd edir ki, “ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi Yerevana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır... Lavrov planı adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı, birdən bu planı qəbul etsələr, Kreml onu doğrudanmı həyata keçirəcək? Cavab: “Əlbəttə ki, yox!”, oldu. Mənə onda aydın oldu ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Bu, real olaraq Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.
Bu üzdən də, beşulduzlu otellərdə ayrıca yemək otağı, içərisi dolu barı və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalan, yaxşı yaşayan, arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salan ATƏT-çilər, həmçinin Karasin birdəfəlik bilməlidir ki, artıq onların görə bilmədikləri işi Azərbaycan Ordusu özü gördü.
Yuxarıda qeyd etdiyimiz hadisələri diqqətlə analiz edəndə görünən o olur ki, əslində Xankəndidə Azərbaycanlı icmasının ofisinin açılması daha çox ermənilərə sərf edə bilər. Çünki bu, separatçıların “ayaqlarının yer almasına” əsas verərək, onların burada sanki, yurd, həmçinin söz sahibi kimi davranışlarına şərait, müəyyən mənada isə hansısa formada status almalarına ruh yaradacaq. Digər tərəfdən də, bildiyimiz kimi icma anlayışı daha çox hansısa ölkənin ərazisində yaşayan milliyətcə eyni soydan və ya dindən olan qeyri etnik xalqların ictimai təşkilatına deyilir.
Bu mənada etnik mənsubiyyətinə görə dədə-babadan köklü azərbaycanlı olanın öz doğma yurdunda hansısa icmaya nə ehtiyacı var? Azərbaycan ərazisi olan Dağlıq Qarabağ bölgəsində etnik xalq olaraq yalnız ermənilərin icması ola bilər. O da ki, xüsusi status filan verilmədən! Azərbaycanlılar Bakıda, Şəkidə yaşadıqları kimi Xankəndidə də icmasız yaşamalıdırlar. İndi ermənilər var deyə, azərbaycanlılar öz doğma yurdlarında icma halında yaşamalıdırlarmı?
Odur ki, Xankəndidə ofis yeri yox, məhz İcra Hakimiyyəti binası axtarılmalıdır! O İcra hakimiyyəti binası ki, bu bölgədə yaşayan ağlını başına yığmış ermənilər istəsələr gəlib orada Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq öz icmalarını qeydiyyatdan keçirəcəklər.
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Tarix: 12-04-2021, 23:21