Bakı narahatdır: “Ordu əməliyyata hazırlanır"- Putindən zəng!





“Dövlətimiz bunun üçün mövcud olan imkanları nəzərdən keçirir”

 “Bölgələrdə Azərbaycan suverenliyini pozan ciddi məsələlər baş verməkdədir”

“10 noyabr razılaşmasının əsas cavabdehi birbaşa Rusiya Federasiyası və şəxsən prezident Vladimir Putindir”



Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Danışıq zamanı Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun Bakıdakı danışıqları nəzərə alınıb. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının yaradılması üzrə işlərin gedişatı nəzərdən keçirilib.



Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məlum telefon danışığındakı vacib nüansları “Sherg.az”a sadalayıb. Ekspert qeyd edib ki, son günlər sülhməramlılarla bağlı narazılıqlar artmaqdadır:

“Rusiya kanallarında yenə də anti-Azərbaycan ab-havası var. Yenə də Qarabağ bölgəsində 10 noyabr razılaşması əsasında müəyyənləşmiş arealda fəaliyyət göstərən və rus sülhməramlılarının nəzarəti altında olan bölgələrdə Azərbaycan suverenliyini pozan ciddi məsələlər baş verməkdədir.

Bütün bunlar Azərbaycanı narahat edir.

Eyni zamanda sülhməramlıların özünün də fəaliyyətində xoşagəlməyən və bizi təhdid edən, razılaşmanın öhdəliklərinə zidd olan bəzi məsələlər meydana çıxır. Ölkəmizin bunlarla bağlı ciddi narahatlığı var.

Azərbaycan paralel şəkildə bu hadisələrin məntiqi nəticəsi olaraq hələ də meydanda qalan və zərərsizləşdirilməmiş erməni terrorçularına görə hazırlıqlarını davam etdirir.

Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirilir, ordumuz antiterror əməliyyatlarına hazırlanır. Dövlətimiz bunun üçün mövcud olan imkanları nəzərdən keçirir. İlk imkan belə bir əməliyyatın həyata keçməsinin reallaşmasıdır”.

Ə.Əlibəyli vurğulayıb ki, dünən Rusiya Müdafiə naziri müavininin bölgəyə səfəri və bundan sonra  Azərbaycanı qane etməyən müəyyən proseslərin baş verdiyinin şahidi olduq:

“Unutmamalıyıq ki, 10 noyabr razılaşmasının əsas cavabdehi birbaşa Rusiya Federasiyası və şəxsən prezident Vladimir Putindir. Bu isə onu göstərir ki, Azərbaycanı narahat edən ciddi məqamlar olduğu üçün Rusiya prezidenti ölkə başçımızla əlaqə saxlayıb və bu məsələləri müzakirə edib.

Telefon danışığında önəmli bir nüans var: Tərəflər 10 noyabr bəyanatındakı öhdəliklərinə sadiqdir və bu sadiqliyin davamlı olmasını da həyata keçirəcəklər. Bizim üçün mühüm məsələ Rusiya dövlətinin iradəsinin bu yöndə olmasıdır.

Bütün bunlar imkan verir ki, 5 il ərzində bölgənin Azərbaycan ərazisinə inteqrasiyasının, xalqların birgə yaşayışının və ərazi bütövlüyümüzün tam şəkildə təmin olunmasını həyata keçirək”.
Tarix: 2-04-2021, 07:43
Xəbəri paylaş



Xəbər lenti