Ermənilərin Xankəndidə növbəti TƏXRİBATI - İrəvan və Moskva nə “oyun” çıxarır?

Qarabağda Rusiya sülhməramlılarının himayəsinə sığınan separatçı-terrorçular yığnağı martın 25-də Xankəndidə qondarma “parlament” iclası keçirib rus dilinin “ikinci dövlət dili” elan olunması haqqında “qərar” qəbul ediblər.

"Separatçılar bu “qərarı” Moskvaya xoş gəlmək və Rusiyanın nökərçiliyini davam etdirmək üçün veriblər”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Xankəndidə məskunlaşan erməni separatçılarının növbəti təxribatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azəbaycan Xarici İşlər Nazirlyi dərhal bəyanat verməlidir: 

“Bəyanatın mətnini hazırlamaqda çətinlik çəkirsinizsə, Prezident İlham Əliyevin fevralın 26-dakı bu mövzuyla bağlı açıqlamasına istinad edin: “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! "Arsax" dövləti olmayıb və olmayacaq da! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!”
Bu sözlərin hər dəfə təkrarlanmasına, bəyanatların verilməsinə ehtiyac var ki, bunu həm İrəvanda, həm də Moskvada duysunlar!”.


Siyasi təhlilçi Asif Nərimanlı deyir ki, Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan etmək üçün artıq 1 ay idi ki, hazırlaşırdılar.

O, baş verənləri separatçıların növbəti oyunu adlandırıb:
- Qarabağdakı separatçı-terrorçuların qalıqları Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə “sağ qalmaq” üçün bu addımı atır;

- Baş separatçı Araik Arutunyan bununla rusların gözünə girməyə çalışır, Vitali Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir;

- Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir".

A.Nərimanlı bu məsələdə Rusiyanın da oyun qurduğunu qeyd edib:

"Moskva maraqlarına təhlükə yaranacağı təqdirdə - bölgədə mövcudluğu sual altına düşərsə - Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaq istəyir.

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bununla bağlı bildirib:

- Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz".

Təhlilçi bildirib ki, rəsmi Bakının mövqeyi açıqdır. Lakin bunun bölgədə atəşkəsə qarşı təxribat olduğunu əsas götürərək, məsələni Ankara və Moskvanın masasına daşımaq lazımdır.
Tarix: 26-03-2021, 13:03
Xəbəri paylaş



Xəbər lenti