Dağlıq Qarabağ Rusiyanın işğalına məruz qala bilər
Bəxtiyar Hacıyev Dağlıq Qarabağın işğal altında olan 2/3 hissəsində bu gün də fəaliyyət göstərən və qorunan “Dağlıq Qarabağ Respublikası” separatçı rejiminin “parlamenti” bu gün rus dilinin qondarma respublikanın ikinci rəsmi dili olması barədə qanun qəbul edib. Bir müddətdir ki, beynəlxalq ekspertlər Qarabağda yerləşdirilmiş rusməramlıların Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbass, Krımdakı prosesəri başlatdıqlarını yazırdılar. Onlar bildirirdilər ki, artıq separatçı “DQR”in defakto qoruyucuları artıq Ermənistan yox, Rusiyadır və bir müddət sonra Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsində yaşayan ermənilərə Rusiya pasportu veriləcək, bununla da Azərbaycana böyük bir təzyiq vasitəsi əldə edəcək. Azərbaycan bu gün “Rusiya bizim ərazi bütövlüyümüzü tanıyır” desə də, unutmamalıyıq ki, Rusiya bir müddət Gürcüstanın da, Ukraynanın da ərazi bütövlüyünü tanıyırdı. Ancaq sonradan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı, Krımı isə Rusiyaya ilhaq etdi. Dağlıq Qarabağ hər keçən gün Azərbaycanın nəzarətindən çıxmaq istiqamətində gedir. Bundan sonra Azərbaycan ya Rusiyanın hər tələbinə baş əyməlidir, ya da hansısa məqamda Rusiya bu əraziləri ya Abxaziya, ya da Krım ssenarisi ilə işğal edəcək.