"Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq hazırkı anda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil".Neqativ.com-un məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Aştarak vilayətinin Ucan kəndində sakinlərlə görüşdə bildirib.N. Paşinyan deyib ki, bu gün onu Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamağa görə satqınlıqda günahlandırmağa davam edirlər: “Ancaq sual vermək lazımdır ki, digər hakimiyyətlər bu razılaşmadan imtina edərdilərmi? Mən buna mənfi cavab verirəm, çünki bu, faciəyə gətirib çıxarar. Bizi 2018-ci ildə hakimiyyətə gəldikdən sonra 25 il ərzində Silahlı Qüvvələrdə mövcud olmuş bir sıra problemləri həll etməməkdə də günahlandırırlar. Bu ittiham doğrudur. Ancaq sual yaranır ki, ərzaq və mərmilərlə bağlı problemlər 2018-ci ildə də mövcud olmalı idimi?”
Ermənistan Baş naziri bir daha bəyan edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində dəyişikliyə nail olmağa çalışıb: “Çünki aparılmış danışıqlar torpaqların mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Qarabağda müharibə başlayanda ordu mümkün olan vaxta qədər döyüşdü”.
N. Paşinyan Mehridən açılacaq dəhlizin əvəzində Ermənistan Naxçıvandan İran və Azərbaycan üzərindən Rusiya ilə əlaqə yaratmaq imkanı qazanacağını qeyd edib. O, hakimiyyətə kimin gəlməsini isə xalqın həll etməli olduğunu vurğulayıb. (APA)
Tarix: 20-03-2021, 20:39