Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdlərinə dair açıqlama verib. XİN başçısı bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə bildirib.
Nazir həmçinin bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib.
Mövcud durumu “Sherg.az”a şərh edən millət vəkili Rasim Musabəyov bildirib ki, Azərbaycan tərəfi bu məsələni çox sərt şəkildə Rusiya hərbi komandanlığı qarşısına qoyub:“Ortada müəyyən öhədəliklər var. Rusiya komandanlığı Azərbaycandan asılıdır. Onların bütün təminatı Azərbaycan ərazisindən keçir. Ona görə də Rusiya qarşısında məsələ qaldırmaq, müəyyən tələblər irəli sürmək hüququmuz var. Fikrimcə, bu hüquqdan da istifadə edirik.
Ermənilər hər gün zarıyırlar ki, bizim əlimizdə onların girovları var.
Lakin onlar girov yox, terroristdirlər. Əli silahlı hər bir Ermənistan vətəndaşı Azərbaycan ərazisində terrorçu sayılacaq. Həbs olunub uzun müddət dustaqxanaya məhkum olacaq.
Ona görə də ermənilər bu terrorçuların qayıtmasını istəyirlərsə, öhdəliklər götürməli və hərbçilərini ərazilərimizdən çıxarılmalıdırlar".
Tarix: 15-03-2021, 20:51