Qarabağ erməniləri arasında da sorğu keçiriləcək: Ya qalırsan, ya gedirsən...

Qarabağ erməniləri arasında da sorğu keçiriləcək: Ya qalırsan, ya gedirsən...
 Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan sələfi Zöhrab Mnatsakanyandan daha aqressivdir. Nazir olan gündən bəri milətlərin "müqəddəratını təyinetmə hüququndan“ danışır və Azərbaycanla mümkün perspektiv danışıqlar olarsa yalnız bu prinsip ətrafında baş tutacağını mümkün hesab edir. Nazir faktiki olaraq şərt irəli sürən tərəf kimi hədələyici tonda danışır. Ayvazyan 44 günlük dərsdən hələ nəticə çıxarmayıb. Nəticə çıxarsaydı, dünən "Əl-Arabiya“ telekanalına verdiyi müsahibədə "müqəddarat“ söhbəti eləməzdi. 
 
Onun sözlərinə görə Qarabağdakı mövcud status-kvo "güc tətbiqi nəticəsində meydana gəldiyi üçün bölgədə uzunmüddətli sülh və təhlükəsizlik baxımından sabit ola bilməz və qəbulolunan deyil“. Erməninin naziri də, sıravisi də hər zaman öz pis əməllərini görməzdən gəliblər. Ayvazyan guya bilmir ki, torpaqlarımızı məhz güc tətbiq etməklə 27 il işğalda saxlayıb "status-kvo“nun hərbi həlli yoxdur“ deyənlər elə özləri idi?  Amma, bizim hərbi yolla torpaqlarımızı azad etməyimizi məqbul saymırlar. Erməni güc tətbiq edə bilər, biz yox? 
Onun sözlərinə görə, Qarabağ münaqişəsi ərazi mübahisəsi deyil, "burada yaşayan insanların öz talelərini müstəqil qərar verməklə həll etməsidir. Bu səbəbdən Artsaxın statusu məsələsinin əsasını öz müqəddəratını təyinetmə hüququ təşkil edir“. 
 
Göründüyü kimi məğlub olmalarına baxmayaraq erməni diplomatiyası statusdan və öz talelərini təyinetmə prinsiplərindən danışır və bu mövqelərindən asanlıqla geri çəkilmək fikrində deyillər. Deməli, elə siyasət aparmalıyıq ki, Azərbaycan Respublikasının vətəndaşı statusundan başqa əlavə bir statusun verilməyəcəyini düşmənin naziri də, Qarabağda yaşayan Vartazar da biryolluq anlasın. Sözlə, anlamayan da bilsin ki, "Dəmir yumruq“ başının üstündə hazır dayanıb. 
 
Müqəddaratdan danışan ermənilər də bilməlidir ki, millət olaraq bizim də müqəddaratımız elə bütöv Qarabağa sahib olmağımızdan keçir, dövlət olaraq da ərazi bütövlüyümüzdən. Hər iki prinsipin hüquqi əsasları bizim tərəfdədir. 
 
Bu gün Qarabağa qayıdışla əlaqədar qaçqınlar arasında "sorğu“ keçirənlər, Xankəndidə də sorğu keçirməyə cəhd etsinlər. Sorğunun da sualı belə qoyulsun: "Azərbaycan Respublikasının vətəndaşı olub Qarabağda yaşamağı qəbul edirsiniz, yoxsa çıxıb getməyi“. Başqa variant yoxdur! 27 il sübut elədi ki, erməni sərt ritorikanı qəbul edir, güclə hesablaşır. Hətta biz qalib olub sakit dayananda da, erməni "böyük Ermənistan“xülyasından, "Artsax“ın müstəqilliyindən danışır. Dörd aylıq səssizlik yetər. Neçə ki, İrəvanda erməni siyasi elitası bir-birini didir, hakimiyyətə gəlib sərvət qazanmaq uğrunda çabalayır, bir sözlə başları özlərinə qarəşıb, Azərbaycan işğalda qalan Qarabağ torpaqlarını azad etməlidir. 
Bu mövqe diplomatiyamızın gündəmi olmalı və rəsmilərin dilindən bütün beynəlxalq tədbirlərdə səslənməlidir. Mövcud status-kvo uzun müddət çəkə bilməz. Sülhməramlıların Azərbaycanda qalmasının ilk beşillik müddəti bitənədək məsələ həll olunmalıdır, əks halda yeni problemlər yaranacaq...
 
Moderator.az

Tarix: 13-03-2021, 09:56
Xəbəri paylaş



Xəbər lenti