“Azərbaycan həmin işğalçı hərbi birləşməyə qarşı lokal antiterror əməliyyatı keçirmək hüququna malikdir...” Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “təhlükəsizlik katibi” sayılan terrorçu general Vitali Balasanyanın dünən Xankəndindəki “ictimai televiziya”ya müsahibəsində Azərbaycana qarşı sərt ifadələrindən “Artsaxda ordu olub və olacaq” sözlərindən sonra torpaqlarımızda hələ də sülənən digər yüksək rütbəli erməni hərbçilər də səslərini qaldırmağa başlayıb.
“Mən hələ Ermənistan ordusunun qələbəsi üçün tost deyib içəcəm. Biz səbr və silahlarla silahlanacağıq...”
Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, bu sözləri Tərtər rayonunun Azərbaycanın nəzarəti altında olmayan ərazilərində yerləşən və “elit birləşmə” sayılan "Yehnikner"(“Marallar”) adlı erməni hərbi hissəsinin komandiri, “Kyoxa" ləqəbli Qarabağ qəhrəmanı polkovnik Karen Jalavyan söyləyib.
Xatırladaq ki, 10 Noyabr üçtərəfli razılaşmasından sonra Karen Jalavyan həmin sazişi tanımadığını və əmrindəki hərbçilərə Qarabağda olduqları mövqelərdən çıxmamaq əmrini verməsi haqda xəbərlər yayılmışdı. Eyni zamanda qondarma "müdafiə ordusu” komandanlığı bu ordu hissələrinin öz müdafiə mövqelərində xidmətə davam etdiyini və bundan sonra da davam edəcəyini bildirmişdi.
Bundan cəmi bir həftə öncə - noyabrın 5-də isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun işğal altındakı Təpəkənd (“Tonaşen”) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılması haqda məlumat yaymışdı.
Zəruri şərh:
Əgər ermənilərin yaydığı məlumat doğrudursa və separatçıların hərbi komandanlığı Qarabağdan çəkilməyə dair müddəaları yerinə yetirməkdən imtina edirsə, Rusiya sülhməramlıları müdaxilə etmək məcburiyyətindədirlər. Çünki 10 noyabr tarixli üçtərəfli razılaşmanın maddələrinin riayət olunmasının izlənilməsi məsuliyyəti onlara həvalə edilib. Əgər sülhməramlılar da bunu etmirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri üçtərəfli razılaşmanın işğalçı erməni ordusunun hüquqi ərazisindən kənarlaşdırılmasının həyata keçirilməsini təmin etmək, yəni həmin işğalçı hərbi birləşməyə qarşı lokal antiterror əməliyyatı keçirmək hüququna malikdir... Onu da xatırladaq ki, hazırda Tərtər rayonunun 10 kəndi hələ də rəsmən işğal altındadır. Sultan Laçın
Tarix: 13-03-2021, 09:07