Terrorçular Qarabağa niyə buraxılır? - "Sülhməramlıların gizli məqsədi var"


Terrorçular Qarabağa niyə buraxılır? - "Sülhməramlıların gizli məqsədi var"

Martın 11-də Ermənistanın rəsmi “Armenpress” agentliyi Qarabağ separatçılarının lideri Araik Arutyunyanın bir gün öncə “N” saylı hərbi hissənin hərbi qulluqçularını qəbul etməsi və onlara “dövlət mükafatları” təqdim etməsi barədə məlumat dərc edib.
Təltif edilən bütün şəxslərin Azərbaycanda terrorçu kimi tanınmış dəstənin üzvləri olduğu ortaya çıxıb. Bu dəstənin komandiri Vova Vartanov barəsində axtarış elan edilib və ona qarşı bir neçə maddə ilə cinayət işi açılıb.

Baş verənlər sülhməramlıların yeni təxribatıdır. Azərbaycan dövləti tərəfindən rəsmən terrorçu elan edilmiş şəxslər Xankəndiyə niyə buraxılır? Missiyası bölgədə sülhü təmin etmək olan sülhməramlılar nə vaxta qədər ermənilərə hamilik edəcək? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, artıq sülhməramlıların hərəkətinə qiymət vermək və onların fəaliyyətini məhdudlaşdırmağın zamanıdır:

“Artıq onların özlərini yola salmağı zamanıdır. Onları səlahiyyətlərindən kənara çıxmamaqla bağlı xəbərdar etmək lazımdır. Onlar anlaşmanın 4-cü bəndinə əməl etmirlər. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağdan çıxmalı idilər. Lakin buna əməl etmədilər. Silahlı quldurları Qarabağda çıxarmadılar. Üstəlik azərbaycanlı qaçqınlar Qarabağın dağlıq hissəsinə qaytarılmalı idi. Bunu da təmin etmədilər. Əksinə ermənilərə motivasiya veriblər.
Xeyli erməni ailələrini Qarabağa qaytarıblar. Ermənilərə Rusiya pasportunun paylanması ilə bağlı məsələ qalxdı. Qarabağ ərazisində 60-dan çox terrorçu tutuldu. Noyabrın 10-dan sonra Azərbaycan ərazisində olan bütün erməni silahlıları terrorçudur. Onların Qarabağda toplantı keçirməsi anlaşmanın kobud surətdə pozulmasıdır.
Burada iki məsələ var: Rusiya sülhməramlıları ya onlarla bacarmır, ya da özləri sərbəstlik veriblər. Hər iki halda anlaşma pozulduğu üçün onlar missiyalarını davam etdirə bilməzlər. Qarabağa kimlərin gəlib-getməsi Azərbaycanın nəzarətində olmalıdır. Yadınızdadırsa Xankəndiyə fransız jurnalistləri gələndə sülhməramlılar onları buraxmamışdı. Jurnalistlər Fransa səfirliyinə şikayət etmişdi. O zaman hətta Ermənistanın Baş naziri Nikol Paşinyan da demişdi ki, onlar Xankəndiyə getmək üçün Azərbaycanın icazəsini almalıdır. Paşinyan belə bu etirafla Azərbaycanın ərazi bütövlüyün tanıdığını göstərdi”.
Fərəc Quliyev hesab edir ki, bütün bu problemləri yaradan Rusiya sülhməramlılarının gizli məqsədi var:
“Belə çıxır ki, onlar burada siyasi kataklizm yaratmaq istəyirlər. Saxta çəkildə demokrafik dəyişiklik etmək, bölgədə gərginliyi saxlamaq, sabitliyin və daimi sülhün əldə olunmasına mane olmaq istəyirlər. Terrorçuların Xankəndinə gəlməsinə icazə verməklə sabitliyin əldə olunmasına əngəl törədirlər. Çünki sabitlik olarsa Rusiya sülhməramlıları bölgədən çıxmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə bildirmişdi ki, biz elə bir şərait yaratmalıyıq ki, sülhməramlı qüvvələr və monitorinq mərkəz olmadan azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilsinlər. Ruslar bu gərginliyi, qarşıdurmanı ona görə yaradırlar ki, sülhməramlı missiya davam etsin və onlar daim burda olsunlar”.
Sabiq millət vəkili hesab edir ki, Azərbaycan artıq qəti addımlar atmalıdır:
“Azərbaycan Laçın dəhlizinə nəzarəti gücləndirməlidir. Ordan keçən erməniləri, hətta rusların özünün belə yoxlamalıdır. Çünki onların içərisində ermənilər də ola bilər və yəqin ki var. Çünki Xocalı soyqırımını tərədən 366-cı alayın tərkibində ermənilər də var idi. Anlaşmada azərbaycanlılarn Xocalı və Xankəndinə qaytarılması məsələsi var. Bu gün Xocalı qətliamında iştirak edək quldurlar Xankəndiyə buraxılırsa, soydaşlarımız ora necə qayıdacaq?”
Fərəc Quliyevin sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları antiterror əməliyyatı keçirə bilər:
“Əlbəttə, bu mümkündür. Yadınızdadırsa, Azərbaycan xüsusi xidmət orqanları bir gün ərzində 62 terrorçunu həbs etmişdi. Bu cür əməliyyatlar davam etdirilməlidir.
Biz orada anti-terror əməliyyatı aparanda Rusiya sülhməramlılarından icazə almamalıyıq. Ora bizim ərazimizdir. Türkiyənin bu məsələdə təcrübəsi var. Onları da bu prosesə cəlb edə bilərik. Biz bundan ötrü general Rüstəm Muradovdan və onun Prezidenti Vladimir Putindən icazə almalı deyilik. Bura bizim ərazimizdir, onlar Rusiyada baş verən proseslərə cavabdehdir”.
Tarix: 11-03-2021, 16:30
Xəbəri paylaş



Xəbər lenti