"Azərbaycan Qarabağla bağlı hər cür ekstremal situasiyaya hazır olmalıdır" — Etibar Məmmədov




“İkinci Qarabağ müharibəsində Azərbaycan böyük zəfər qazansa da, müharibə hələ tam başa çatmayıb, Deməli,  biz sülh rejiminə keçməmişik, atəşkəs rejimindəyik. 10 noyabrda bağlanan üçtərəfli saziş də müharibənin bitməsi haqda yox, atəşkəs haqqında sazişdir...”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında AMİP lideri, 1991-1992-ci illərdə Prezident yanında Dövlət Müdafiə Şurasının üzvü olmuş Etibar Məmmədov söyləyib.
 
“Müharibə o zaman bitir ki, düşmənlə sülh müqaviləsi imzalansın. Nəticədə qarşı tərəf də artıq düşmənçilik rejimindən çıxıb sülh rejiminə keçsin. Sonra da istəsə, lap dostluq rejiminə də keçə bilər. Ancaq müharibə başa çatmadığına görə qarşıda növbəti mərhələ dayanır. Həmin mərhələdə Qarabağın azad olunmamış hissəsi qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməli və  Xocalı, Xankəndi başda olmaqla digər ərazilərimiz də azad olunmalıdır. Bu, ya danışıqlar- siyasi məcburetmə yoluyla, ya da hərbi məcburetmə yoluyla baş verməlidir. Dövlət olaraq da biz hər iki variant üçün hazır olmalıyıq. Son 44 günlük savaşımız da göstərdi ki,  nə qədər Azərbaycanın, ordumuzun  əleyhinə təbliğat aparılsa da, ordumuz qəhrəman ordudur, əsgərlərimiz, zabitlərimiz igid və peşəkardırlar. Milli Ordumuz lazımi səviyyədə idarəçilik nümunəsi də nümayiş etdirərərək dünya çapında təqdir olunan bir böyük savaş əməliyyatı həyata keçirdi. Bu da göstərir ki, ən azı, yaxın on ildə Güney Qafqazdakı heç bir ordu, o cümlədən Ermənistan ordusu Azərbaycan ordusu qarşısında dayana bilməz. Və lazım gələrsə, növbəti mərhələdə də Milli Ordumuzun gücündən istifadə oluna bilər. Bu da siyasi qərardan asılıdır. Ancaq belə məsələlərdə, nə qədər ürəyimiz yansa da,  tələskənliyə də yol vermək olmaz.  Çünki beynəlxalq situasiyanı və digər təhdidləri də nəzərə almalıyıq...” –deyə fikirlərinin davamında partiya lideri vurğulayıb.
 
“Rusiya sülhməramlılarının torpaqlarımızda olduğu müddətdə Ermənistanla  növbəti genişmiqyaslı müharibə baş verə bilərmi?” sualını isə Etibar Məmmədov belə cavablandırıb:
 
“Hər şey ola bilər. Ona görə də Azərbaycan Qarabağla bağlı hər cür ekstremal situasiyaya hazır olmalıdır. Sadəcə, biz elə addımlar atmalıyıq ki, özümüzə əlavə düşmən, yaxud  maneələr yaratmayaq. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması vəzifəsinin birinci mərhələsi yerinə yetirilib. Ona görə də Azərbaycan dövlətinin hazırkı ilkin vəzifəsi azad edilmiş bütün torpaqlarda, xüsusən keçmiş Dağlıq Qarabağ ətrafında möhkəmlənmək, orada infrastrukturu bərpa etmək, keçmiş köçkünləri o torpaqlarda daimi məskunlaşdımaqdan ibarətdir. Ondan sonra digər məsələlər tədricən öz həllini tapacaq...”
Tarix: 8-03-2021, 21:32
Xəbəri paylaş



Xəbər lenti