Paşinyanın sensasion “X” planı - Bakı buna hazır olmalıdır!


Ermənistanda proseslər kulminasiya nöqtəsinə çatıb; “pat” vəziyyətinin çözümü uzaqda deyil; Nikol öz xalqının tarixində xəyanətkar kimi yox, xilaskar kimi də qala bilər, əgər...

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu öz tərəfdarlarının mitinq-yürüşünü təşkil etdi. Əksər siyasi müşahidəçilərə görə, aksiya “İstefa!” qışqıran müxalifətin eyni gündə keçirdiyi mitinqindən heç də az izdihamlı olmadı. Hətta kütləviliyi ilə ikincini üstələdi. Doğrudur, opponentlər hakimiyyəti inzibati resurslardan istifadə edərək, əhalini mitinqə zorla gətirməkdə suçladılar, lakin bu da var ki, hazırda iqtidar elə böyük gücə malik deyil ki, vətəndaşları məcburən aksiyaya cəlb eləsin. Demək, Paşinyan tərəfdarları böyük ölçüdə öz xoşları ilə aksiyaya qatılıblar.  
Mitinqdə baş nazir oktyabrda referendum keçirilə biləcəyini anons etdi. Məqsəd ölkəni tədricən hazırkı baş nazirlik institutundan yarım-prezidentli (2018-ci ildən öncəki) idarəçiliyə qaytarmaqdır. Bununla bir növ “demokrat rəhbər” kimi işarə etdi ki, heç də kreslodan yapışıb qalmayıb. Üstəlik, Paşinyan erkən parlament seçkilərinin keçiriləcəyini bəyan etdi. Vurğuladı ki, bu yolla xalqın onun səhvlərini bağışlayıb-bağışlamadığını və hansı reytinqə malik olduğunu bilmək istəyir. Yəni yenə “demokrat” qismində görünmək çabası.

İstisna deyil ki, Nikol Paşinyan bununla həm də vaxt udmaq, ictimai müzakirələri başqa səmtə yönəltməklə müxalifətin “İstefa!” tələbini kəsərsiz etmək, paralel surətdə özünün obyektiv və hakimiyyət hərisi olmayan rəhbər imicini möhkəmlətməyə çalışır. Əlavə olaraq, müharibədə məğlub olmuş ordunun rəhbərliyindən (Baş Qərargah rəisindən) effektli şəkildə sığortalanmaq istəyir.
Proseslərin bundan sonra onun ssenarisi ilə cərəyan edib-etməyəcəyini isə hələlik dəqiq söyləmək mümkün deyil.
*****  
“İlk baxışda Nikol Paşinyanın taleyi artıq həll olunub: o, hərbi məğlubiyyətə görə məsuliyyət daşıyır, səbəbsiz-filansız yeganə müttəfiqini (Rusiyanı - red.) hədəf almaqla öz postuna uyğun gəlmədiyini nümayiş etdirir. Paşinyan getməlidir. Ancaq buradaca əsas sual ortaya çıxır: bəs onu kim əvəzləyəcək?”

Maksim Yusin
“Yeni Müsavat” xəbər verir ki, bunu “Kommersant” nəşrinin şərhçisi Maksim Yusin Ermənistandakı siyasi qarşıdurmadan mümkün çıxış yollarını təhlil edərkən söyləyib.
“Problem ondadır ki, Paşinyana yeganə real alternativ keçmiş prezidentlər Köçəryan, Sərkisyan və onların Qarabağ klanıdır. Ancaq bu adamlar cəmiyyətdə güclü şəkildə korrupsiya ilə, iqtisadiyyatda durğunluqla assosiasiya edilirlər - hansı durğunluq ki, müharibədə məğlubiyyətə gətirib çıxarıb. Demək, üçüncü bir qüvvəyə ehtiyac var. O da yoxdur. Yaxın gələcəkdə çətin ki, olsun. Bugünkü Ermənistanın faciəsi məhz budur”, - deyə ekspert qeyd edib.

Öz növbəsində tarix elmləri namizədi, Qafqaz üzrə mütəxəssis Stanislav Tarasov “RİA-Novosti” bildirib ki, hazırda edir müxalifət Nikol Paşinyanı öz vəzifəsindən kənarlaşdıra bilmədiyi, Paşinyan isə müxalifəti parçalaya bilmədiyi üçün ölkədə pat vəziyyəti yaranıb: “Uzun sürən böhran səbəbindən isə dövlət zəifləyir, idarəetmənin effektivliyi azalır və bu, həyatın bütün sahələrini əhatə edir. Ölkə müxalifəti bu arada xarici siyasətin zondajına çıxdı və özü üçün müəyyən etdi ki, hazırda Paşinyanı konstitusiyaya zidd üsulla devirməkdə maraqlı olan xarici güc yoxdur. Həmçinin Moskva baş verənlərin Ermənistanın daxili işi olduğunu bəyan edib”.

Stanislav Tarasov
Tarasova görə, Paşinyanın ritorikasındakı qəfil dəyişiklik vaxt qazanmağa hesablanıb. “O, ”İsgəndər" sistemləri haqqında ona səhv məlumat verildiyini söylədi. Ancaq bunların hamısı taktiki manevrlərdir", - deyə ekspert vurğulayıb və əlavə edib ki, Ermənistanda siyasi böhran gec-tez yoluna qoyulacaq, çünki tərəflər uzun müddət manevr edə bilməyəcəklər və çox güman ki, vəziyyət ilin sonunadək öz həllini tapacaq...
*****
“Bir daha bu mövqeyimdə qalıram və aradan keçən müddət sübut etdi ki, müşahidələrimdə yanılmamışam. Əgər Ermənistan Baş Qərargahının rəisi Qasparyan həqiqətən Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəsəydi, anlaşılmaz bəyanatlar verməzdi. Paşinyanı girov götürərək hakimiyyətdən imtina etmək barədə sənədləri imzalamağa məcbur edə, hakimiyyətin ötürülməsinin guya qanun çərçivəsində olduğunu nümayiş etdirərdi”.
Bu sözləri isə tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a deyib.
Onun qənaətincə, hazırda İrəvanda hərbi çevriliş elementləri müşahidə olunmur: “Hərbçilər kazarmalarda, parlament, hökumət və televiziya binası, dövlət bankı və ölkənin digər kredit-maliyyə qurumları ordu tərəfindən nəzarətə alınmayıb, internet kəsilməyib, aeroportlar da bağlanmayıb. Qasparyanın Paşinyanı istefaya çağırması baş nazirin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmanın yenidən vüsət almasına səbəb olub, ordunun özü isə kənarda qalıb. Erməni hərbçiləri ölkədə mövcud olan xaosun bir hissəsi olduqları üçün onu dayandırmağa qadir deyillər, generallar isə bu fonda sabah vəzifələrindən məhrum olmamaq üçün bu gün ”siyasət" oyunu oynamaq qərarına gəliblər".

 Oleq Kuznetsov
Kuznetsov deyib ki, Ermənistan silahlı qüvvələrinin ali komandanlığı son dərəcə aşağı olan peşəkarlığı ilə şəkk- şübhəsiz, ötən ilin payızında Azərbaycanla müharibədə məğlubiyyətin əsas səbəbidirlər: “Bunun ardınca Ermənistan ordusunun bütün generalları istefaya göndərilməli idi. Onlar isə öz növbəsində tutduqları vəzifə müddətinin sona çatdığını çox yaxşı başa düşürlər. Bu səbəbdən Nikol onları vəzifədən azad etmədən öncə generallar baş nazirin özünün hakimiyyətdən uzaqlaşdırılmasında iştirak etmək qərarına gəliblər”.
Politoloq düşünür ki, Paşinyan ölkədə baş qaldıran generalların cəzasını (fiziki deyil, karyera cəhətdən) verəcək və sonrakı aylar ərzində Qarabağ klanı və ona bağlı olan milyonçuları aktivləri ilə ittiham edəcək: “Köhnə elitaların məhv edilməsi prosesinin dünya birliyi, xüsusilə də Rusiya diasporu üçün gözəgörünməz olması üçün Paşinyan Qarabağ ideyasından tamamilə imtina edə bilər. Bəlkə də belə bir perspektiv kiməsə fantastik görünür, lakin ona hazır olmaq lazımdır”.
*****
Əslində Ermənistanın bütün bəlalarının kökündə məhz Qarabağ avantürası, Azərbaycana qarşı ərazi iddiasını reallaşdırmağa hesablanan “mitasum” ideyası dayanır. Hansı ki, 44 günlük müharibə zamanı tarixin zibilliyinə atıldə və bununla erməni xalqına ondan birdəfəlik imtina edib inkişaf yoluna çıxmaq üçün şans yaratdı. Qalır bu şansı düzgün dəyərləndirmək və qaçırmamaq. Deyəsən bu xüsusda işartılar da var.
“Kim deyir ki, Şuşa bizim, ermənilərindir?! Şuşa bizim şəhərimiz deyil. Şuşanı o zaman Sparapet (Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan - red.) əsgərləri ilə birlikdə ələ keçirmişdi. Əlbəttə ki, Şuşa da, Qarabağ da Azərbaycanındır”.
Bunu İrəvanda keçirilən son mitinq zamanı şəhər sakini, orta yaşlı bir erməni qadın deyib. Qadının yanında dayananlar da onu dəstəkləyiblər.
“Nikol Paşinyan düz edir, onu dəstəkləyirik. Əslən Qarabağdan olanlar 30 il bizi idarə etdilər, bizə divan tutdular. Qarabağı işğal etdik, nə oldu? Ələ keçirdiyimiz ərazilərdə yaşadıq, evlər və məktəblər tikdik?! Yox, hamısı viranə idi. Yüz milyonlarla dollar pulu, milyardları ”Qarabağa xərcləyirik" adı ilə yedilər, həzm etdilər. Bəsdir artıq. Öz dərdimiz özümüzə bəsdir", - irəvanlılar deyiblər.
Getdikcə güclənən belə pozitiv ictimai rəy fonunda əgər Paşinyan “Qarabağ yükü”ndən qurtulub, Azərbaycanla bir-birinin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalamağa nail olarsa, o zaman yüzdə yüz öz xalqının tarixində xəyanətkar kimi yox, xilaskar kimi qalacaq. Biz isə İrəvanın istənilən “X variantı”na hazır olmalıyıq...      

Analitik xidmət,



Tarix: 4-03-2021, 10:24
Xəbəri paylaş



Xəbər lenti