“Laçın dəhlizindəki Ermənistanla sərhəd məntəqəmizi birbaşa öz nəzarətimizə götürə bilsək, bütün bu məsələlər qısa müddətdə həllini tapacaq…” 10 Noyabr üçtərəfli razılaşmasına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad edilməsindən sonra Tərtər-Ağdərə-Kəlbəcər yolunun Azərbaycan ordu birləşmələri və gərəkli mülki qurum əməkdaşlarının sərbəst hərəkəti üçün açılması məsələsi gündəmdədir. Bu yolun strateji əhəmiyyəti çox mühümdür. İlk növbədə hərbi baxımdam ehtiyat qüvvələrin Kəlbəcərə, eləcə də oradan ehtiyac olduqda Ağdərəyə tez bir zamanda gətirilməsində, eləcə də ərazidəki yüksəkliklər və xüsusən Ermənistanla sərhəddəki hərbi birləşmələrimizin təminatı üçün Ağdərə-Kəlbəcər yolu xüsusi önəm daşıyır. İkincisi də, Böyük Qayıdış proqramı əsasında keçmiş məcburi köçkünlərin rayonda qısa müddətdə məskunlaşmasını təmin etmək üçün orada bərpa-quruculuq işlərini sürətləndirmək baxımından da həmin yolun rolu çox böyük olacaq.
Bəs Tərtər-Kəlbəcər-Ağdərə yolunun açılmasına mane olan amillər hansılardır? Bunu etmək üçün ilk növbədə hansı addımlar atılmalıdır? Bu yolu açmaq üçün hərbi, yoxsa siyasi yollardan istifadə olunmalıdır?
Mövzu ilə bağlı
Moderator.az-a açıqlamasında sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev maraqlı fikirlər səsləndirib.
“Ağdərə-Kəlbəcər yolunun açılmasının iki yolu var, ya Ağdərə Azərbaycan ordusu tərəfindən hərbi yolla, oradakı erməni hərbi birləşmələrinə qarşı antiterror əməliyyatı keçirməklə azad olunmalı, ətraf kəndlər, o cümlədən həmin yolun üzərində olan məntəqələr erməni silahlı birləşmələrindən təmizlənməlidir, ya da buna Rusiya sülhməramlıları şərait yaratmalıdır. Bunun üçün isə ilk növbədə keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin, gizli terrorçu qruplaşmaların təminatına şərait yaradan Laçın dəhlizindəki Ermənistanla sərhəd məntəqəmiz birbaşa Azərbaycan dövlətinin, ordusunun, təhlükəsizlik qüvvələrinin və s. nəzarətinə verilməlidir”- keçmiş Müdafiə naziri belə deyib.
General-mayor sülhməramlı missiyası daşımalı olan Rusiya hərbi kontingentinin Azərbaycan torpaqlarında öz istədikləri kimi inzibati-ərazi bölgüsü aparmasına da etirazını ifadə edib.
“1992-ci ildən bəri inzibati-hüquqi baxımdan Kəlbəcər rayonuna daxil olan 16-17 kəndi Rusiya sülhməramlılarının diqtəsi ilə sovet dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsinə uyğun olaraq o vaxt elə ermənilərin istədiyi kimi “Mardakert” adlanan Ağdərə rayonunun tərkibinə salınaraq 10 Noyabr üçtərəfli razılaşmasına əsasən Kəlbəcərə qaytarılmayıb. Nəyə görə Kəlbəcərin və digər rayonlarımızın siyasi yolla azad olunma prosesi müstəqil Azərbaycan Respublikasının hazırkı rəsmi inzibati bölgüsünə görə yox, sovet dövrünün bölgüsünə görə aparılmalıdır? Rus hərbçilərinə bu ixtiyarı, bu hüququ kim verib? Əslində nəinki Ağdərənin ətrafındakı sözügedən kəndlər, ümumiyyətlə, bütün keçmiş Dağlıq Qarabağ ərazisi də, eləcə də “Laçın dəhlizi” deyilən əraziyə düşən kəndlər də həm tarixi, həm hüquqi cəhətdən Azərbaycan torpağıdır. Axı bunu Rusiya prezidenti Putin özü də dəfələrlə təsdiqləyib ki, Qarabağ Azərbaycan torpağıdır. Bəs onda sülhməramlı adıyla gələn Rusiya hərbi kontingenti nədən öz funksiyalarına aid olmayan məsələlərə qarışır? Biz öz torpağımızda öz vətəndaşlarımızı köçkün düşdükləri bütün məntəqələrə, o cümlədən Xocalıya, Xankəndinə, Ağdərəyə və s. qaytara bilərik, hara lazımdı yol çəkə bilərik. Ağdam-Şuşa yolunu da, Ağdərə-Kəlbəcər yolunu da aça bilərik. Biz niyə qışın oğlan çağında təhlükəli Murov yolu ilə getməliyik Kəlbəcərə? Bu yolların açılması gec-tez həllini tapmalıdır. Ali Baş Komandanımız son mətbuat konfransındakı çıxışında da bu cür məsələlərə eyham vurdu. Əgər Rusiya rəhbərlərinin bir az ağlı varsa, onlar anlamalıdır ki, Azərbaycan Prezidenti onlara mədəni, diplomatik tərzdə anlatdı ki, əvvəla, Qarabağdakı ermənilərə heç bir statusdan söhbət gedə bilməz, ikincisi də Rusiya sülhməramlıları da özlərinə aid işlərlə məşğul olsunlar. Yəni rus hərbçilərin vəzifəsi yalnız ilk növbədə Azərbaycan torpaqlarındakı bütün işğalçı erməni hərbi birləşmələrini tərksilah etməklə çıxarmaq və ərazidə atəşkəsi, sülhü təmin etməkdir. Qalan işlərin onlara heç bir aidiyyatı yoxdur. Və mən əminəm ki, bu yaxınlarda Laçın dəhlizindəki Ermənistanla sərhəd məntəqəsində bizim sərhədçilər, gömrükçülərimiz, təhlükəsizlik xidmətlərimizin dayanması məsələsi həll olunduqdan sonra artıq qeyri-ixtiyari bütün Yuxarı Qarabağ bizim nəzarətimizə keçəcək. Çünki o halda buradakı separatçı,işğalçı xislərtli ermənilər özləri də, onların qanunsuz, işğalçı silahlı birləşmələri də orada qalmayacaq, Ermənistana getməyə məcbur olacaqlar. Və belə bir şəraitdə bizim üçün həm Ağdərə-Kəlbəcər, həm də Şuşa-Ağdam yolunun açılması qısa müddətdə və çox asan başa gələcək...” –deyə Tacəddin Mehdiyev vurğulayıb.
“Digər tərəfdən, məlumdur ki, Rusiyanın beynəlxalq miqyasda vəziyyəti gündən-günə pisləşməkdədir. Demək olar ki, bütün dünya onlara qarşıdır. Bu məqamdan da məharətlə yararlanaraq Qarabağdakı rus hərbçilərinə öz, kifayət qədər əsaslı hüquqi-siyasi şərtlərimizi diqtə etməliyik. Onlar buna heç bir müqavimət göstərmək iqtidarımda deyil. Sadəcə, bir az da qətiyyətli davranmalıyıq. Eyni zamanda bu və digər məsələlərin tezliklə həlli üçün qardaş Türkiyə ilə, eləcə də Pakistanla xüsusən hərbi-siyasi müstəvidə əməkdaşlığı daha da gücləndirməliyik”- deyə sabiq Müdafiə naziri fikrini tamamlayıb.
Sultan Laçın
Tarix: 2-03-2021, 20:54