44 günlük Vətən müharibəsindən sonra ağır məğlubiyyətə düçar olan Ermənistan və separatçı rejimin rəhbərləri cəmiyyətin aqressiyasını sakitləşdirmək üçün hər cür sərsəm bəyanatlar səsləndirirlər. Növbəti sərsəm açıqlama ilə Qarabağ ermənilərinin qondarma parlamenti çıxış edib. Açıqlama o qədər gülüncdür ki, artıq Ermənistan cəmiyyətinin özündə belə bu cür qeyri-ciddi fikirlərə reaksiya sərgilənmir. Separatçı rejimin parlamenti “Azərbaycanın nəzarətində olan “Artsax” əraziləri” Bakı tərəfindən işğal edilib” açıqlaması ilə Qarabağ erməniləri arasında məhv olan nüfuzunu artırmaq istəsə də, bunun mümkün olmayacağı bəllidir.Neqativ.com xəbər verir ki, mövzunu şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sərsəm bəyanatı həyasızlığın son həddi adlandırıb: “Hətta “Şuşanı işğaldan azad etməliyik” kimi gülünc fikirlər də səsləndirirlər. Bunların hamısı piyar xarakterli açıqlamalardır. İtirdiklərini guya geri qaytarmağa çalışırlar. Amma bu mümkün deyil. Artıq 1990-cı illər deyil , hazırda Azərbaycanın gclü ordusu mövcuddur. Modern hərbi texnika almaq üçün kifayət qədər maliyyə resurslarımız var. Biz heç vaxt bir qarış torpağımızın belə işğal altına düşməsinə imkan verə bilmərik. Odur ki, nə desələr də, bunun heç bir mənası yoxdur. Sadəcə erməni cəmiyyətini guya itirdiklərini qaytaracaqlar fikri ilə ruhlandırmağa çalışırlar. Amma nə Ermənistanın, nə də ki Dağlıq Qarabağ separatçılarının buna gücü çatmaz. Çünki müharibədə çox böyük məğlubiyyətlə üzləşdilər və hərbi texnikalarının 90 faizdən çoxu məhv edildi, 7-8 min əsgəri həlak oldu. İkinci dəfə müharibə etməyə ermənilərin gücü və potensialı yoxdur. Ona görə də nə nağıl danışsalar da, beynəlxalq aləmdə də reaksiya verən yoxdur. Ümumiyyətlə beynəlxalq aləmin müharibədən sonra Ermənistana və ermənilərə marağı azaldı. Çünki onların özlərini idarə edə bilmədiklərini müşahidə etdilər. Odur ki, bu cür mənasız açıqlamalar diqqəti yayındırmaq məqsədi ilə verilir”.
Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov da maraqlı məqamlara toxunub. Politoloq bildirib ki, separatçıların şəxsi yaşayışı və gələcəyi üçün bu kimi sərsəm açıqlamalar səsləndirməsi mütləqdir: “Biz bilirik ki, ümumiyyətlə Dağlıq Qarabağda problemin qalması və gələcəkdə təxribatların olması Cənubi Qafqazdan kənardakı bir çox qüvvələrin də maraqlarına cavab verir. Ona görə də bu kimi təxribatlardan istifadə edəcəklər. Separatçılar çox gözəl bilirlər ki, Azərbaycan ordusu onlara əsl yerini göstərib. Ona görə də yaxşı olardı ki, qondarma Parlamentdə hər hansı qərar qəbul edənlər güzgüyə baxsınlar və kim olduqlarını görsünlər. Onlar müharibə vaxtı zirzəmilərdə gizlənən və Azərbaycan ordusunun qarşısına çıxa bilməyən şəxslər idi. Bu gün isə sülhməramlıların orada olmasından qüdrətlənən həmin psevdo qəhrəmanlar deyəsən baş verənləri unudublar. Əgər bu kimi təxribatlar davam edəcəksə, o zaman Azərbaycan öz torpağı olan Xankəndində antiterror əməliyyatları apararaq, oradakı separatçıların hamısını məhv edəcək. Yaxşı olardı ki, separatçılar ağıllarını başlarına yığsınlar və Ermənistanı zərbə altına qoymasınlar”.
Zaur Məmmədov əlavə edib ki, bütün bu açıqlamaları can verməkdə olan orqanizmin son cəhdləri kimi də başa düşə bilərik: “Nəinki separatçılar, heç Ermənistan rəhbərliyi də Qarabağda ermənilərin aqibətinin həll olunmasında əsas subyekt kimi çıxış etmir. Bu gün Azərbaycan və Rusiya arasında birbaşa olaraq regionun gələcəyi həll edilir. Onlar guya Qarabağın “işğalından” danışarkən unutmasınlar ki, Zəngəzurun şərqi 44 günlük Vətən müharibəsi ilə azad edildi. Lakin Zəngəzurun qərb hissəsi var ki, istənilən an işğaldan azad edə bilərik. Odur ki, bu cür təxribat xarakterli açıqlamalardan ən çox ermənilər əziyyət çəkəcəklər”. /Konkret.az
Tarix: 1-03-2021, 21:56