Bir qrup gürcüstanlı jurnalist, ictimai-siyasi xadim və ekspertlər işğaldan azad edilmiş ərazilərə səfər edib. Qonşu ölkədən olan qonaqlar Ağdam, Füzuli, Cəbrayıl və digər ərazilərə baş çəkib, erməni vandalizmi və vəhşilikləri ilə tanış olublar. Gürcüstanlı qonaqlar gördüklərindən dərin məyusluqlarını ifadə ediblər.
Neqativ.com Trend TV-ə istinadən bildirir ki, Gürcüstan Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Aleksandr Kvaxadze jurnalistlərə açıqlamasında bildirib ki, işğalçı ermənilər 30 il ərzində azərbaycanlıların evlərini yox edib, məscidləri və qəbristanlıqları dağıdıblar:
"Biz burada olan zaman onu gördük ki, ermənilər işğal altında saxladıqları ərazilərdə daşı daş üstə qoymayıb, hər yeri dağıdıblar. Azərbaycan torpaqlarında xeyli sayda minalar da quraşdırıblar və onların təmizlənməsi üçün bir xeyli zaman lazım olacaq".
Suxumi Dövlət Universistetinin professor Quram Marxuliya isə jurnalistlərə bildirib ki, o Ağdamda olan zaman erməni vandallığının şahidi olub:
"Ağdam hazırda ölülər şəhəridir. Ermənilər həmin şəhərin məscidlərində donuz saxlayıb, islam dininə qarşı hörmətsizlik edib. Əgər sən xristiansansa, bu o demək deyil ki, sən islam dininin müqəddəs yerlərinə hörmətsiz yanaşmalısan. Allah ermənilər cəzalandırdı, ona görə ki, onlar qonşu ölkənin torpaqlarına iddialı idilər".