Antiterror əməliyyatlarımızı davam etdirməliyik - " Sülhməramlılar maneə deyil"





Azərbaycanın öz ərazilərini hərb və diplomatiya yolu ilə işğaldan azad etməsini həzm edə bilməyən Ermənistan, vaxtaşırı Qarabağda yeni ordu yaratmaq niyyətini açıqlayıb. Görünən odur ki, Ermənistan işğalçı faşist ideologiyasından əl çəkmir, regiondakı hərbi-siyasi vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edir. İşğalçı, həm də məğlub Ermənistanın başqasının torpaqlarına iddia etməsi, bu cür cəfəng bəyanatları, çıxışları ilə kimə və nəyə ümid edir? Hazırda Ermənistan və onu himayə edən qüvvələr Azərbaycan ərazisində hansı hərbi separatizmi cücərtməyə çalışırlar?

Bu və ya digər məsələlərlə bağlı “Həftə İçi”-nə müsahibə verən hərbi ekspert Ruslan İmamquliyev Qarabağın hərbi mənzərəsində baş verən maraqlı nüanslara diqqət çəkib.

- Ruslan müəllim, bu gün erməni faşistləri Dağlıq Qarabağda yenidən ordu yaratmaqla bağlı hərbi çağırışlar edirlər. Bunun arxasında nə dayanır?

- Bu cür çıxışlar Ermənistanın öz daxili auditoriyasını sakitləşdirməyə hesablanıb. Çünki Ermənistan nəinki Qarabağda, heç Ermənistanın özündə belə ordu qurmaq gücündə, iqtidarında deyil. Bu gün ermənilərin şovinist hərəkətləri onların hər zamankı himayədarlarının planları əsasında meydana atılmış informasiya müharibəsinin tərkib hissəsidir. Müharibədə əldə etdiyimiz uğurlar və üçtərəfli bəyanatdan sonra bütün məsələlər artıq aşkara çıxarılıb. Artıq sərhədlərdə uzun illərdən bəri qalan delimitasiya işləri aparılır. Ümumiyyətlə, Ermənistanla bütün sərhədlərimizə yenidən baxılır. Sadəcə Dağlıq Qarabağ istiqamətindəki delimitasiya işləri ilə bağlı deyil, eyni zamanda Qazax, Tovuz, Naxçıvan istiqamətindəki məsələlər öz həllini tapmaqdadır. Hesab edirəm ki, bu gün Laçın şəhərindən ermənilərə verilən karidor o demək deyil ki, onlar həmin ərazidən istifadə edərək Qarabağa hər hansı silahlı qruplaşmalar daşıyıb orda ordu yarada bilərlər. Bu cür cəhdlər edilsə də, onun qarşısının alınması ilə bağlı nümunələrimiz də var. 62 erməni terrorçusunun zərəsizləşdirilməsi və buna oxşar digər əməliyyatlar da Azərbaycan güc strukturları tərəfindən həyata keçirilir. Bu gün ordu yaratmaq, hətta silahlı bir nəfər belə o ərazilərə daxil ola bilməz və aşkar edildiyi təqdirdə terrorçu bilinərək məhv ediləcək. Bir daha qeyd etməliyəm ki, ermənilərin yeni silahlı ordu yaratmaqla bağlı hay-küyü Ermənistanda çaxnaşan daxili auditoriyanı sakitləşdirmək üçündür. Çünki uzun illərdən bəri erməni siyasi elitası daim Qarabağla bağlı əhaliyə saxta vədlər verib, saxta tarix, saxta miflər yaradıblar. Bu saxta mif üzərində böyük Ermənistan xəyalları ilə yaşayıblar. Bu gün fərqindədirlər ki, iddia etdikləri “böyük Ermənistan” deyil, hətta onların mövcud olduqları Ermənistan belə Azərbaycanın tarixi torpaqlarında qurulub. Onun nəticəsini bu gün Zəngəzurda da görürlər və Zəngəzuru da itirmə ərəfəsindədirlər. Azərbaycan torpaqlarında dövlət qurmuş Ermənistanın bu gün qalxıb Qarabağı yenidən işğal etmək iddiası ilə ordu yaradıb üzərimizə gəlməklə bağlı şovinist fikirlər ortaya atmaları boş bir xülyadır və belə çıxışlara önəm verməyə ehtiyac yoxdur.

- Erməni siyasilər deyir ki, yaratmaq istədikləri pullu ordunun məqsədi Dağlıq Qarabağda itirdikləri torpaqları geri qaytarmaqdır. Belə olduğu təqdirdə biz hansı addımları atmalıyıq?

- Strateji mənada böyük dövlətlər hər bir zaman özləri üçün düşmən axtarıblar. Bu gün bizim düşmən axtarışına ehtiyacımız yoxdur, o düşmən var. Biz o düşmən üzərində qələbə çalmışıq. Bütün bunlara baxmayaraq düşmən öz şovinizmini davam etdirir. Bu o deməkdir ki, biz regionun ən güclü dövləti olmaq üçün daha qüdrətli, güclü silahlı qüvvələrə sahib olmalıyıq. Millət olaraq həmrəyliyimizi qorumalıyıq və düşməni məhv edərək növbəti daha yüksək mərhələlərə irəliləməliyik.

Ermənilərin ordu yaratmaqla bağlı çıxışlarını boş xülya adlandırsam belə, İrəvanın şovinist əməllərindən əl çəkməyəcəyini nəzərə alaraq antiterror əməliyyatlarımızı sərt bir şəkildə davam etdirməliyik. Və hər qarış torpağımızı tam təmizləməliyik.

- Ruslan müəllim, erməni separatçıları Qarabağda -Xankəndində separatçı rejiminin yaranmasının 33-cü ildönümünü nümayişkəranə qeyd etdilər. Özü də rus sülhməramlılarının, erməni separatçıların iştirakı ilə. Hansısa üzdəniraq abidəyə əklillər, qərənfillər qoyuldu, dini ayinlər icra olundu. Buna nə nə ad verək?

- Bu görüntülərdən bir şeyi anlamaq mümkündür. O tədbirdə uzun bir bayrağın, qərənfillərin olması onu göstərir ki, Ermənistan nəinki havadarları olmadan silahlanma həyata keçirə bilər, hətta bir qərənfili ala bilmək qədər iqtisadi gücdə deyil. Bu qərənfillərin ora aparılması bu tədbirin onların havadarları tərəfindən planlaşdırıldığını açıq şəkildə göstərir. Hətta orda keşişin belə çıxış etməsi onun hansı komitəyə, hansı silahlı birləşmənin tərkibində bölgədə iştirak etməsini də müəyyən edir. Bütün hallarda bu, ermənilərin havadarlarının dəstəyi ilə həyata keçirilir. Və biz bu gün regionun, bölgənin daha güclü sahibi olmaq üçün bir daha qeyd edirəm ki, silahlı qüvvələrimizi daha da gücləndirməliyik. Çünki bizim qarşımızdakı tək Ermənistan deyil, həm də onun havadarlarıdır.

- Həmin tədbirdə sülhməramlıların rəhbəri ilə ön sırada dayanan Araik Harutunyan Azərbaycanda barəsində cinayət işi qaldırılan və barəsində beynəlxalq axtarış verilmiş bir cinayətkardır. Nəyə görə Harutunyan həbs olunaraq Azərbaycana təhvil verilmir və nəyə görə Xankəndində silahlı dəstələr saxlanılmalıdır?

- Sülhməramlılar bu gün öz vəzifə borclarını icra etməlidirlər və onlar öz vəzifə borclarını icra etmirləsə, bu o demək deyil ki, Azərbaycan silahlı qüvvələri də öz vəzifələrini icra etməyəcəklər. Silahlı qüvvələr dedikdə, söhbət tək ordumuzdan deyil, həm də bütün növ hüquq-mühafizə, təhlükəsizlik orqanları təşkilatlarımızın fəaliyyətindən gedir. Hazırda o yöndə işlər aparılır, antiterror əməliyyatları görülür, gərəkli tapşırıqlar da verilib və təmizlik işləri də davam edəcək. Çox şükür ki, bu gün Şuşaya qələbə bayrağını sancmışıq. Azərbaycan öz torpaqlarının azadlığını təmin etmiş durumdadır. Çox az rayonlarımız var ki, onların da təmizlənməsinə ehtiyac var. Bunlar bəhs olunan Xankəndi, Xocalı, Xocavənd kimi rayonlarımızdır. Bu yerlər də qısa zamanda təmizlənəcək və Azərbaycan bayraqları o yerlərdə dalğalanacaq və Azərbaycan qanunları o yerlərdə təmin olunacaq.

- Hərbi cəhətdən güclənməsi, yenidən bərpa olunması üçün Ermənistan kimdən dəstək ala bilər, yaxud kimlər onları havayı silahlandırar?

- Burda mən ad çəkmək istəməzdim. Sadəcə olaraq, deyə bilərəm ki, ermənilərin yenidən dirçəlməsi artıq uzun illərə gedib çıxa bilər. Bunun üçün ermənilərə 20-25 il lazımdır. Bu müddət ərzində də yəqin anlayacaqlar ki, belə bir ordu yaratmağa ehtiyac yoxdur. Onların daim bir himayəçiyə ehtiyacı olacaq ki, ən gözəl himayədarları da ərazilərində qaldıqları, vətəndaşı olduqları Azərbaycan dövlətidir. Bunu anlamadıqları təqdirdə davamlı olaraq əziləcəklər və şovinist əməllərinin qarşılığını sərt bir şəkildə görəcəklər.

- Ruslan müəlim, artıq 3-cü Qarabağ savaşına ciddi hazırlığın getməsi barədə də tez-tez məlumatlar yayılır. Bu barədə nə düşünürsüz?

- Məncə bu yersiz və boş mesajlardır. 3-cü Qarabağ savaşından söhbət gedə bilməz. Bundan sonra bizim edəcəyimiz tək bir şey var, o da antiterror əməliyyatlarının aparılması və bölgələrin terrorçulardan təmizlənməsidir.

- Əgər məlum ərazilərə sülhməramlılar nəzarət edirsə, orada antiterror əməliyyatını necə icra edəcəyik?

- Burda sühməramlıların bir maneə kimi gösərilməsi yanlışdır. Çünki bundan əvvəl aparılan antiterror əməliyyatlarında da bölgədə sülhməramlılar var idi. Buna baxmayaraq antiterror əməliyyatlarını həyata keçirdik. Sülhməramlıların fəaliyyəti bizim antiterror əməliyyatı keçirməyimizə heç bir maneə yaradan deyil. Hal hazırda da davam edir və davam edəcəkdir.

- Niyə Ermənistan minalanmış ərazilərin xəritəsini bizə təhvil vermir. Sizcə bu, hərbi cinayət sayılırmı və niyə sülhməramlılar kapitulyasiyaya imza atan Ermənistanı buna məcbur etmir?

- Sözsüz ki, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi hərbi cinayətdir. Ümumiyyətlə, üçtərəfli bəyanata əsasən, minalanmış yerlərin xəritəsini təhvil verməliydilər. Verilməyəcəyi təqdirdə bu da onlardan iddia edəcəyimiz təzminatın miqdarına təsir göstərməlidir.

Hazırda torpaqların minalardan təmizlənməsi sahəsində sürətlə işlər gedir. Azərbaycan bu gün o prosesləri sürətləndirmək üçün bölgəyə Türkiyə kimi professional imkan və təcrübələri olan mütəxəssisləri cəlb edib. Hazırda Türkiyənin sülhməramlı adına fəaliyyət göstərən məsudları var, onlardan aldığımız texnikalar var ki, artıq bu məsələlərin tez bir zamanda öz həllini tapmasına müsbət imkanlar yaradır. Ondan başqa bizim Azərbaycan silahlı qüvvələrinin tərkibində artıq yeni mühəndis taborlarının yaradılması göstərişi verilib. Aldığımız məlumata görə, artıq 3000 hektardan artıq əkin sahələri təmizlənmiş vəziyyətdə sahibkarlara təhvil verilib. Orda əkin-biçin işləri başlayıb. Bunları xüsusi vurğulamaq istərdim...

O ki, qaldı sülhməramlıların onları niyə buna məcbur etməməsinə, düşünürəm ki, sülhməramlıların missiyası orda başqadır, biz onları buna məcbur etməliyik.

- Sülhməramlıların ağır artileriyalarla hərbi təlimlər keçməsi onların səlahiyyətlərinə daxildir? Belə təlimlər nəyi ifadə edir?

- Bunların hamısı informasiya müharibəsinin bir tərkib hissəsidir. Düşünmürəm ki, o görüntülərdə əks olunduğu kimi təlimlər keçirilsin.

- Türkiyə-Rusiya monitorinq Mərkəzinin fəaliyyətə başlaması sülhün yaradılamasında bölgəyə hansı üstünlükləri gətirib? Monitorinq qrupu ilə bağlı vəziyyət nə yerdədir?

- Hazırda bölgədə texnoloji vasitələrdən istifadə edərək monitorinqlər aparılır. Birgə monitorinqin təşkili məhz Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini daha ədalətli şəkildə aparmasına yansımaqdadır. Çünki bu prosesdə təkcə Rusiya deyil, Türkiyə də iştirak edir. Monitorinq Mərkəzinin gələcəkdə daha ciddi faydalarını görmüş olacağıq.







Tarix: 25-02-2021, 09:32
Xəbəri paylaş



Xəbər lenti