Xankəndində hələ də öz iqamətgahında oturmuş Araik Arutyunyana Azərbaycan xalqının nifrəti hədsizdir. Bu səbəbdən bu erməni dığası ilə bağlı mövzuya da çox həssasdır. Araik bizim xalqımızın düşmənlərinin başda gələnlərindən biridir. Qarabağda isə bəlkə də birincisidir. Amma yalnız bu Araikmi? Yaddaşımızı təzələyək: illərlə işğal olunmuş torpaqlarımızda qondarma rejim quran Ermənistan 1997-ci ildə bu “kürsüyə” Arkadi Qukasyanı oturdub. 1997-ci ildən ta 2017-ci ilədək də Qarabağ ermənilərinə o rəhbərlik edib. Sonra Bako Saakyan adlı bir debil onu əvəz edib, üç il də ATƏT-in həmsədrləri Xankədində səlahiyyətli şəxs kimi onunla görüşüblər, tut arağı da içiblər. 2020-ci ilin mayında Araik Arutyunyanı ermənilərin başına bəla kimi gətiriblər. Heç hələ “ili” çıxmayıb...İşğal illəri ərzində Xankəndində oyuncaq “hökumət” başçısı, müxtəlif sahələr üzrə “nazirlər”, “Milli Məclis” sədri də olub ki, onların çoxunun adını indi ermənilərin özləri belə çətin xatırlayarlar. Yəni biz qələbədən sonra ayılmamışıq ki, sən demə, Xankəndində belə bir qurum varmış və neçə illərdir ki, bir-birini əvəz edərək Azərbaycanın qanunlarını tanımayıblar, prinsipsiz həmsədrlərlə danışıqlarda özlərini məsul şəxs sayıblar, Azərbaycana şərtlər irəli sürüblər, arxamızca hətta gülüblər də...Araiklə bağlı indiki həssaslıq əlbəttə ki, 44 günlük müharibə qələbəmizlə nəticələndikdən sonra daha da artıb. Bu erməniyə sadəcə, qıcıq olmuruq, onu həbsdə görmək, etdiyi bütün cinayətlərə görə cavab verməsini istəyirik. Bu, bir vətəndaş olaraq hamımızın haqqıdır.
Amma Qarabağda görüləcək işimiz Araikin həbsə və ya cəhənnəmə göndərilməsinə bağlı deyil. Müharibədə deşikdən-deşiyə qaçdı, gəbərmədi. Ölsəydi belə, inanın ki, başqa bir “yan”, məsələn, Xocalı qatillərindən biri Vitali Balasanyan gəlib oturacaqdı Araikin yerində. Yəni biz onu qəbul etməliyik ki, Xankəndi və ya Xocalı məsələsi Araikin personasına bağlı iş deyil. O, Qarabağda bir fiqurdur, bəlkə də peşka da hesab oluna bilər. Bunu elə bilirsiz, Qarabağa qayıtmış bədbəxt ermənilər bilmirmi? Onlar Araiki elə indi də qorxaq və satqın adlandırırlar. İndi bu dar macalda isə ermənilər üçün Araiki dəyişmək də imkansız, daha dəqiqi mənasızdır.
Yenə yaddaşınızı təzələyirəm. Bir müddət əvvəl Araik bəyanat verib “prezidentlik”dən gedəcəyini anons etməmişdimi? İmkan vermədilər getməyə. Bəlkə də elə Rusiya sülhməramlıları buna qarşı olub. Səbəb aydındır: erməniləri və bölgəni Xankəndi doğumlu Araikdən yaxşı tanıyan, sülhməramlılara bələdçilik edə biləcək kim var ki? Araik şübhəsiz ki, bu mərhələdə Rusiyaya lazımdır. İndi onu hansısa yolla aradan götürmək xüsusilə Rusiyaya heç nə qazandıra bilməz. Bu kimi hiyləgər diplomatik gedişlərdə Rusiyanın çox böyük təcrübəsi var. Çeçenistanın müstəqillik hərəkatı Qarabağdakı müharibə ilə eyni vaxta təsadüf edirdi. Çeçenistanın ziddiyyətlərlə dolu müstəqillik hərəkatı haqda birmənalı danışmaq çox çətindir. Çünki balaca bir respublika kənardan dəstək almadan Rusiyaya qarşı təkbaşına vuruşa bilməzdi. Bu müharibədə çeçen xalqının hədəfləri və arzuları başqa idi, amma kənar müdaxilələr təəssüf ki, bu müstəqillik hərəkatını Rusiyaya qarşı terror müharibəsinə çevirdilər. Qarabağda da olmuş nə səhra komandiri Şamil Basayevi, tanınmamış İçkeriyanın ilk prezidenti nə Cövhər Dudayevi, nə ondan sonra kürsüyə oturmuş Zəlimxan Yandarbiyevi, nə Aslan Məshədovu Araiklə yanaşı qoymaq, müqayisə etmək fikrindən uzağam. Fəqət bizim vaxtilə qəhrəman kimi izlədiyimiz bu adamlar(uşaqları və qadınları terror qurbanı etmək xaric)Rusiya dövlətinin düşmənləri idi. Hamısı barədə həbs qərarı çıxarılmış, axtarış elan edilmişdi. Amma...
Bu fotoya baxın. Dudayevin yerinə gəlmiş Zəlimxan Yandarbiyevdir. Qarşısında oturmuş şəxs Rusiyanın prezidenti Boris Yeltsindir. Kremldə danışıqlara birbaşa aktiv döyüşlərdən gəlib. Rusiya prezidenti Boris Yeltsinlə mübahisə edir ki, danışıqlarda bərabər tərəfiksə, qarşı-qarşıya oturmalıyıq. Yeltsin yerini dəyişib Yandarbiyev və onunla gələnlərlə üzbəüz oturur. Müharibə bu görüşlə əlbəttə ki, sona çatmadı, qısa bir barışıq və əsir mübadiləsi ilə məhdudlaşdı.Bu foto isə 1995-ci ilin 14 iyununda çəkilib. Rusiyanın Budyonnovsk şəhərindəki Basayevin dəstəsi içərisində qadınlar və uşaqlar olan 1500-dək insanı girov götürmüşdü. 150-dək insanın ölümü ilə nəticələn bu terror aktının əsas təşkilatçısı(Basayevlə) ilə telefonda danışıqlar aparan isə Rusiyanın o zamankı baş naziri Viktor Çernomırdindir.
Bu fotoda isə ABŞ əsgərləri də daxil Əfqanıstanda minlərlə günahsızı öldürmüş terror təşkilatı kimi tanınan “Taliban”la Ağ Ev nümayəndəsinin danışıqlarının yekunudur. 2020-ci ilin fevral ayı...Bu cür misalların sayını artırmaq da olar, amma gərək yoxdur.Ermənilər çeçenlərdən fərqli olaraq, bizim torpaqlarda yeni bir “dövlət” qurmaq arzusunda idilər. Bunun üçün hətta Bakıda da terrora əl atıblar, Xocalıda müasir tarixin ən qəddar qətliamını törədiblər. Köçəryan, Sərkisyan, Ohanyan da bu terrorçular sırasında var. Amma zamanında bu cəlladlar danışqlar masasında bizimlə üzbəüz oturublar. Çünki diplomatiyanı dünya düzənində, münaqişlərin həllində heç kim ləğv etməyib.
Oturduq, onların yekəxana və həyasız danışıqlarına şahidlik etdik. Xəbardarlıqları peysərə verdilər, nəhayət başlarından elə bir “Dəmir yumruq” yedilər ki, hələ özlərinə gələ bilməyiblər.
Müharibənin aktiv fazası başa çatıb. İndi isə danışıqlar masasında Şuşanı da işğaldan azad etmiş, Qarabağdakı faşizm yuvalarını başlarına uçurmuş güclü Azərbaycan var. Üçtərəfli(Azərbaycan, Rusiya, Ermənistan)hökumət komissiyaları, onların tərkibində ən müxtəlif sahələrə aid işçi qrupları yaradılıb. Bütün müharibələrdən sonrakı mərhələ budur...Araiki hələ ki, qucaqlayan Rusiya sülhməramlılara rəhbərlik edən general Rüstəm Muradov Qarabağda təsadüfi adam deyil. İki çeçen müharibəsində iştirak edib, Arutyunyan onun gördüyü səhra komandirləri ilə müqayisədə bir heçdir.
Azərbaycan rəsmilərinin Araiklə görüşməsi iddiasına verilən reaksiyalar başadüşüləndir. Amma reallıq budur: biz ermənilərə vətəndaşlıq vəd etmişiksə, Xankəndi də daxil ermənilərin yaşayacağı yerlərdə qanuni hakimiyyətimizi bərpa, erməni silahlılarını isə oradan rədd etmək üçün mütləq kiminləsə görüşməliyik, müzakirə aparmalıyıq, səsimizi qaldırmalıyıq, yeri gələndə gözümüzü ağartmalıyıq, sözümüzü deməli, xəbərdrlığımızı etməliyik. Hələ ki, bu işi Araiklə(və ya başqa biri ilə) görülməlidir. Buraxaq, dövlət doğru bildiyi işi görsün...
Nazim SABİROĞLU,Musavat.com
Tarix: 19-02-2021, 22:18