Araik Arutunyan ilə görüşə gedən Azərbaycan məmuru kimdir?




“Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan etiraf edib ki, rusiyalı hərbçilərlə görüşündə Azərbaycan rəsmisi də iştirak edib. Xəbər doğrudursa, bu uzun illərdən sonra separatçıların təmsilçisiylə ilk təmasımız sayıla bilər”.
 
Bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert, Arutunyanın cinayətkar və müharibə dövründəki cinayətlərinə görə cavab verməli olduğunu qeyd edərək, əlavə edir ki, ona qarşı cinayət işi qüvvədədədir.
 
“Ancaq reallıq bundan ibarətdir ki, Araik Arutunyan Xankəndidə idarəetməni həyata keçirir, Rusiya hərbçiləri ilə daima təmasdadır. Məsələnin ikinci tərəfi odur ki, illərdir deyirdik ki, Emənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarsın, biz özümüz erməni vətəndaşlarımızla dil taparıq. Araik Arutunyan hələ də İrəvandakı müzakirələrə qatılır. Ancaq elə etməliyik ki, o zaman-zaman Azərbaycan hakimiyyətinin emisarlarını da dinləsin və bilsin ki, növbəti yanlış addım ona və ətrafındakılara baha başa gələ bilər,”– deyə Şahinoğlu vurğulayıb.
 
Ekspert vurğulayıb ki, separatçıları nümayəndələrimizin Xankəndidə görünməsinə alışdırmalıyıq: “Gələcək hədəflərimizdən biri Araik Arutunyanın bir başqasıyla əvəzlənməsinə nail olmaqdır. Keçmişdə bu əvəzlənmələrdə əsas rol İrəvana aid idi.
 
Bundan sonra isə elə etməliyik ki, bölgədəki ermənilər üzərində idarəetməni həyata keçirmək istəyən şəxs Bakının da maraq və istəklərini nəzərə alsın. Çətindir, ancaq mümkündür. Bunun həyata keçirilməsi yolları barədə indidən düşünməliyik. Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq”.
 
Qeyd edək ki, Azərbaycanın rəsmi nümayəndəsinin separatçıların lideri Arayik Arutyunyanla görüşməsi erməni mətbuatında da geniş müzakirə olunur.
 
Erməni mediasına Arutyunyanın “mətbuat katibi” Lusine Avanesya açıqlama verərək, deyib ki, görüşdə humanitar məsələlər müzakirə edilib. Əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı, onların taleləri və s. Onun sözlərinə görə, söhbət əsasən keçən əsrin 90-cı illərindəki hərbi əməliyyatlardan sonra taleyi naməlum qalan vətəndaşlardan gedib. Avanesyan deyib ki, müzakirələrin təfərrüatları hələlik açıqlanmır.
 
Erməni KİV-ləri isə hər zamanki kimi bu faktı dərhal Bakı təmsilçisinin saxta “DQR” -in “prezidenti” ilə görüşü kimi təqdim etməyə başlayıblar. “Sputnik Armenia” saytı isə bu təxribatçı xəbərə xüsusi don geyindirib və “detallar” adı ilə primitiv saxtakarlıq edib.
 
Hələlik Azərbaycan bu görüşlə bağlı rəsmi açıqlama yaymayıb.
 
Ancaq musavat.com müstəqil mənbələrdənən əldə etdiyi məlumatda isə bildirilib ki, əslində söhbət görüşdən yox, Azərbaycan tərəfinin tələbi ilə Araik Arutyunyandan cinayət faktı üzrə onda olan məlumatlar haqqında ifadə almaqdan gedir.
 
Erməni mənbələrinin yaydıqları xəbərdə də vurğulanır: mövzu 90-cı illərdə, Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslərin talelərindən gedir. Erməni mediasının “görüş” dediyi prosedurda da söhbətin ancaq bu barədə getdiyi etiraf edilir.
 
Sitat: “Söhbət 90-cı illərdəki hərbi əməliyyatlar zamanı taleyi bilinməyən mülki vətəndaşlardan gedirdi. Müzakirələrin təfərrüatlarının hələ açıqlanmayacağı bildirildi…” (Sputnik Armenia)
 
Məsələ bundadır ki, Azərbaycan əlində olan erməni terrorçularının (rəsmi rəqəmlərə görə 62; amma 140 nəfər iddiası da vardır) geri verilməsi üçün Ermənistan qarşısında şərtlər qoyub. Bu şərtlərdən biri də budur ki, Bitinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, əsir götürülmüş minlərlə mülki azərbaycanlının (4000 civarında) taleyi haqqında məlumat verilsin, onları qətlə yetiriblərsə, kütləvi dəfn olunduqları ərazilərin xəritələri verilsin.
Ermənistan Azərbaycanın bu qəti tələbini qəbul edib. Bununla bağlı Azərbaycanın nəzarəti ilə istintaq hərəkətləri başladılıb. Üstəlik də, bu prosesə Ermənistan xüsisi xidmət orqanının yeni rəhbəri Armen Abazyan özü başçılıq edir. Onun, Rusiya sülhməramlılarının rəhbəri R. Muradovun və Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçilərinin iştirakı ilə Araik Aryutunyan da bu mövzuda (ehtimalən məlumatlı şəxs qismində) dindirilib. Proses Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilib. Cani Araik Arutyunyan azərbaycanlı itkin mülkilərlə bağlı dindirilib.
Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin meyitlərinin qalıqları Azərbaycana təhvil verilməsinə dair yayılan məlumatlar separatçıların lideri ilə təmasın hansı səbəbdən qurulduğunu təxmin etməyə əsas verir. Görünür, onların nəşinin harada olduğu Araikdən öyrənilib…
Tarix: 17-02-2021, 08:54
Xəbəri paylaş



Xəbər lenti