Koçaryan da status məsələsini cəhənnəmə göndərdi: "Daha mümkün deyil"


Robert KoçaryanRobert Koçaryan

Qarabağda Ermənistanın məğlubiyyətindən sonra keçmiş prezident Robert Koçaryan yenidən siyasi səhnədə görünməyə başlayıb.

İndi o, yaxın gələcəkdə ölkəyə rəhbərlik etməyə əsas namizədlərdən sayılır. Koçaryan qarşıdakı parlament seçkilərində iştirak edəcəyini də açıqlayıb. Keçmiş prezident komandası ilə seçkiyə gedəcəyini və qalib gələcəklərini bildirib.
Bizimyol.info xəbər verir ki, Koçaryan ölkəsinin yerli mətbuatına verdiyi açıqlamasında Qarabağla bağlı hazırkı durumdan da danışıb. 66 yaşlı siyasətçi Ermənistanın çox ağır durumda qaldığını söyləyib. O hazırda Ermənistanda hər kəsi maraqlandıran bir suala - "Qarabağın statusu nə olacaq" sualına da aydınlıq gətirib. Onun yanaşması bundan ibarət olub ki, artıq Azərbaycanı status məsələsinin müzakirəsinə məcbur etmək mümkün deyil.
“Azərbaycan güc vasitəsilə ərazi məsələsini həll edib. İndi Ermənistanın Azərbaycanı Qarabağın statusunu müzakirə etməyə məcbur etməsi üçün heç nəyi qalmayıb. Daha doğrusu, Bakı məsələni həll edilmiş sayır”.
Məsələnin ən maraqlı tərəfi odur ki, Koçaryanın bu açıqlaması onun Moskva səfərindən sonraya təsadüf edir. Az əvvəl o, Rusiyaya səfər etmiş, orada rəsmi şəxslərlə görüşlər keçirmişdi. Bu görüşlərdən sonra onun belə bir açıqlama verməsi bir mesajdır - yəni əgər hakimiyyətə gəlsəm, mən də heç nə edə bilməyəcəyəm. Başqa sözlə, Koçaryan Rusiya səfərindən sonra statusun həqiqətən də "cəhənnəmə getdiyini" başa düşüb və indi mesaj verir ki, hakimiyyətə gəlsəm, heç kim məndən status məsələsində uğur gözləməsin.
Jurnalist Sevak Akopyan yazıb ki, baş nazir Nikol Paşinyan Koçaryandan çox çəkinir. Məhz buna görə növbədənkənar parlament seçkisi keçirmək ideyasından imtina olunması da mümkündür. Paşinyanda bu meyl hiss olunur.
Sevak Akopyan üçtərəfli razılaşmanı təslimolma aktı adlandırıb və bunu rüsvayçılıq kimi qiymətləndirib. Jurnalist azərbaycanlıların Qafanda görünməsindən narahatlıq ifadə edib, Paşinyanı ölkəni bərbad günə qoymasından gileylənib. Akopyan xarici borc üzündən hökumətin tezliklə maaş və pensiyaları ödəyə bilməyəcəyini qeyd edib.
Koçaryanın Qarabağ məğlubiyyətindən sonra siyasi səhnədə fəal görünməsi təsadüfi deyil. Siyasətçi bir müddət qondarma respublikaya başçılıq edib. Sonradan Koçaryana 10 il Ermənistanın prezidenti olmaq imkanı yaranıb. Ölkədə onun danışıqlar prosesini uğurla uzatdığını düşünürlər. Yəni bir növ Qarabağ məsələsində Koçaryanın təcrübəsinə güvənirlər.
Amma Ermənistanın ikinci prezidenti son açıqlamasında əslində ona bağlanan ümidləri qırıb. O özü də etiraf edir ki, vəziyyət köklü dəyişib. Azərbaycan inamlı qələbə qazanıb. İndi Ermənistan Qarabağın status məsələsinin masa üstünə də gətirə bilmir.
Koçaryan qondarma rejimə 1996-cı ildə başçılıq etməyə başlamışdı. Siyasətçi Ermənistanın prezidenti postuna 1998-ci ilin martında gəlmişdi. Koçaryan 2003-cü ilin martında ikinci müddətə dövlət başçısı seçiləndə müxalifət onu seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham etmişdi.
Tarix: 10-02-2021, 19:51
Xəbəri paylaş



Xəbər lenti