Böyük Qayıdış proqramının 1 qəpiyinə göz dikənə şəhidlərimizin ruhu qənim olsun!..
Fikir savaşı...
Şükür Allaha ki, 30 ilə yaxın etdiyimiz duaları eşitdi və şəhidlərin, qazilərimizin qanı, canı hesabına işğal altındakı torpaqlarımızın böyük hissəsinin azadlığına nail olduq... Ancaq dərindən düşünəndə azad olunmuş o yurdları məskunlaşdırmaq vəzifəsi onları azad etməkdən də heç də asan iş deyil. Bəlkə də müəyyən cəhətlərdən daha da çətindir...
***
Hələ illər öncədən torpaqlara qayıdış proqramına ad da qoymuşuq – Böyük Qayıdış...
***
Bu gün isə kiçik cihaddakı böyük zəfərimizdən sonra anlamalıyıq ki, Qarabağa Böyük Qayıdış Azərbaycan üçün həm də Böyük Cihad olacaq...
***
Dinimizin, o cümlədən cihad məfhumunun mahiyyətindən xəbəri olmayan, bu sözü eşidərkən dərhal gözünün önünə yalnız “Allahu əkbər” deyib silahla qarşısına çıxanları öldürən terrorçu dəstələr gələn məmurlar diksinməsinlər...
***
Ərəbcə cəhd etmək, çalışmaq mənalarını verən cihad dinimizdə mahiyyətcə iki növə ayrılır: kiçik və böyük cihad. Kiçik cihad – təcavüz edən düşmənə qarşı, yaxud hər hansı haqq məqsəd uğrunda aparılan silahlı savaşdır. Bəs böyük cihad nədir?..
***
Bu hədisi dəfələrlə misal çəkmişik. Bir daha təkrar etmək yerinə düşər.
Döyüşlərdən birində düşmən üzərində qələbə çaldıqdan, şəhidlər verib, yaralandıqdan sonra geri dönərkən Peyğəmbərimiz Məhəmməd əleyhissəlam(s) möminlərə buyurdu:
“Biz kiçik cihaddan qayıdırıq, indi isə böyük cihada gedirik”.
Səhabələr təəccübləndi:
"Ey Allahın Rəsulu! Qəribədir! Böyük cihad nədir? Biz bu böyüklükdə və bu qədər zəhmətli cihadı yerinə yetirdik, qan tökdük, şəhidlər verdik, neçəmiz yaralandı, şikəst oldu. Məgər bundan da böyük cihad varmı?!."
Məhəmməd əleyhissəlam cavabında buyurdu:
“Bəli, bu, öz nəfsimizlə cihaddır...”
***
Bəli, Azərbaycan xalqı da, dövləti də, ordusu da kiçik cihadın böyük qismində, demək olar ki, qalibdir... Amma indi həmin qələbəni tamamlamaq, möhkəmlətmək və Qarabağa Böyük Qayıdışa nail olmaq üçün məhz Böyük Cihadda – nəfsimizlə, şəxsi tamahımızla, şəhvətimizlə mübarizədə də qalib olmalıyıq... Əks halda xaricdəki düşmənlər daxilimizdəki, həm ölkə daxilindəki, həm də hər birimizin qəlbindəki düşmənlə - nəfsimizlə birləşib yenidən Qarabağın işğalına nail ola bilərlər...
***
Fəhlədən, süpürgəçidən tutmuş nazirə, Prezidentədək hər kəs bu sınaqdan da keçəcək... İndiyədək görülmüş işlərin, verilmiş vədlərin səmimiliyi, ixlaslılığı bu Böyük Cihadda bir daha sınanacaq...
***
Bəli, Böyük Cihadda hər bir Azərbaycan vətəndaşı, hər bir bölgə, şəhər, qəsəbə, kənd sakini iştirakçı olacaq... Ancaq bu dəfə ən böyük yük məhz işğaldan azad torpaqlarımıza Böyük Qayıdış proqramını həyata keçirəcək, icra edəcək nazir, başçı, xüsusi nümayəndə və kiçikdən böyüyə digər məmurların, sahibkarların, iş adamlarının, eləcə də o torpaqlara qayıdacaq vətəndaşların üzərinə düşəcək...
***
Yəni bu Böyük Cihadda daha çox sınananlar iki qrupdur. Birinci qrupa dövlət, hökumət rəhbərləri, məmurlar, özəlliklə də iqtisadi, tikinti, memarlıq, maliyyə, əmlak, uçot və s. sektorlarda çalışanlar daxildir. İkinci daha çox sınanan qrup isə torpaqları azad edilmiş və o yurdlarına qayıtmalı olan keçmiş məcburi köçkünlərdən ibarətdir...
***
Nə yazıqlar ki, müstəqilliyimizin bərpasından ötən bir qərinə boyu məmurların xeylisinin Şeytanın və nəfslərinin qulu olduqlarının şahidi olduq. Ölkənin paytaxtından, Xəzərin sahillərindən tutmuş bütün gəzməli-görməli yerlərdəki villalar da, od qiymətinə olan otellər də, istirahət mərkəzləri də, rəsmən araşdırılan, araşdırılmayan korrupsiya və rüşvətxorluq materialları və bunların əsasında işdən azad olunan, həbs edilən və hələ də azadlıqda qalan oliqarx nazir, komitə, fond rəhbərləri, icra başçılarının, deputatların varlığı da buna əyani sübutdur...
***
O da aydın olur ki, dövlət müstəqiliyyimizin bərpasından ötən son 3 on illik boyu xalqımız, dövlətimiz daim işğalçı erməni ordusuyla yanaşı bu korrupsioner və rüşvətxorlar ordusuyla da üzbəüz qalıb. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun son 44 günlük müzəffər savaşı, şəhidlərin, qazilərimizin qanı, canı hesabına Ermənistan ordusunu diz çökdürdük... Fəqət, ətrafımıza ayıq başla nəzər salanda görürük ki, həmin Ali Baş Komandanın 2011-ci ildən bəri rəsmi çıxışlarında savaş elan etdiyi və onlarla mübarizədə hər bir vətəndaşı dəstək verməyə çağırdığı bu harınlar ordusu üzərində qələbə üçün hələ çox çalışmalıyıq...
***
Bu minvalla bu gün keçmiş Dağlıq Qarabağın Xankəndi, Xocalı və s. ərazilərində də suverenliymizi bərpa etmək, 1 milyona yaxın keçmiş məcburi köçkün soydaşımızı öz yurdlarına qaytarıb orada daimi məskunlaşdırmaq vəzifələri ilə yanaşı, korrupsiya və rüşvətxorlar ordusunu çökdürmək vəzifəsi də dayanır... Həm də ona görə ki, hər iki vəzifənin icrasında türkofobiya, “Böyük Ermənistan” xəstəsi olan ermənilər və onların xarici dəstəkçiləri ilə bahəm bu harın soydaşlarımız(?) da daim bizə əngəl olacaq... Bunlar o tiplərdir ki, hətta Qarabağda on minlərlə oğlumuzun ölüm-dirim savaşı apardığı, qan tökdüyü bir vaxtda da şakərlərindən əl çəkmədilər, yenə tutulan, qandallananlar oldu. Çi fayda, nəticə çıxarmadılar...
***
Nəinki indidən, artıq Qarabağda qələbəmizin nəfəsinin duyulduğu ilk günlərdən Şeytanın hökm etdiyi nəfslərin hənirtisi eşidilirdi: “Ayə, torpaqlar alınandan sonra kalan pullar ayrılacaq e. Dərya olacaq dərya! Fərasətli oğul lazımdır ki, o pullardan yaxşıca yeyə... Yollara, su, elektrik, qaz, telefon, internet xətlərinin və s. çəkilişinə, evlərin, binaların, dövlət obyektlərinin, məktəblərin, bağçaların, məscidlərin, olimpiya komplekslərinin və s. tikintisinə milyardlar ayrılacaq e, milyardlar... Tenderlər olacaq e, tenderlər... Necə deyərlər, dövlətin pulu dəniz, onu yeməyən donuz...
***
Artıq Qarabağdakı zəfərimizdən 3 ay vaxt keçdiyi dönəmdə isə nəfsinin qulu olan nazirlər, komitə, fond rəhbərləri, deputatlar, icra başçıları və s. üçün əsl toy-bayramdadır. Yox, onlar qələbəmizi bayram etmirlər, qələbənin gətirdiyi yeyintilərin xəyallarından meyxoş olublar. Amma bir də canlarını dərd alıb ki, ayə, birdən bizi də vəzifədən çıxararlar, mandatımızı əlimizdən alarlar, zindana basarlar, onda yeyə bilməyəcəyik Böyük Qayıdışın pullarından... Odur ki, indi də belələri gündüz də, gecə yatağa girəndə də, səhər oyananda da kimə badalaq gəlmək, kimi “baqaja qoymaq”, kimə vedrə bağlamaq, kimin torbasını tikmək haqqında düşünürlər ki, özlərini yuxarıların gözünə sadiq, etibarlı kadr kimi soxub vəzifələrində qalsınlar...
***
Məhəmməd Peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça ki, kimsəyə zülm etmək fikrində olmaya...»
***
Son olay və proseslərdən isə belə anlaşılır ki, Ali Baş Komandan, Prezident korrupsionerlik, rüşvətxorluq xislətini canından çıxarmaq mümkün olmayanların bəziləri ilə sağollaşıb zindana yola salır, bəzilərini isə xəbərdarlıq edir, Badamdar, Abşeron, Şamaxı, Quba və s. kimi Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını və s. işğaldan azad olunmuş torpaqları da çəpərləyib, hasarlayıb vuillatrekə çevirməkdən çəkindirir... Fəqət, bunlar belə asanlıqla çəkinəcəklərmi bu şeytani şakərlərindən?..
***
Məmurları rüşvətxorluq, korrupsiya şakərindən çəkindirməkdə ən böyük rolu məhz aşağılar oynamalıdır. Yəni Böyük Qayıdış prosesinin iştirakçısı olan hər bir kəs fəhlə, usta, mühəndis və s. son 3 onillikdə olduğu kimi, özündən yuxarıdakı məmur təbəqəsinin əliəyriliyinə göz yummamalı, onlarla əlbir olmamalıdır... Hər bir yolu, hər bir qaz, su, elektrik, telefon xəttini və s. çəkərkən, hər bir qarış torpaqda addımlayarkən həmin torpaqların minlərlə şəhidimizin, on minlərlə qazimizin qanı ilə yuyulduğunu unutmayaraq vucdanla davranmalıyıq... Anlamalıyıq ki, o igidlərin canı, qanı hesabına azad olmuş torpaqlara Böyük Qayıdış proqramına çəkilən xərcin bir qəpiyinə belə, göz dikən məxluq həmin şəhid ruhlarının, onların ata-anasının, övladlarının, əzizlərinin qarğışını, Allahın nifrətini və nəhayət, əzabını qazanacaq...
***
Bəs Böyük Cihadda keçmiş məcburi köçkünlər üçün hansı sınaqlar olacaq. Öncə söhbət o torpaqlara qayıdış həvəsindən gedir. Burada fədakarlıq gərəkdir. Yəni səni gözləyə biləcək bütün çətinliklərə rəğmən, dövlətin sənə ev tikib-tikməməyindən, sənə yardım edib- etməməyindən asılı olmayaraq Bakıdakı, Sumqayıtdakı, Gəncədəki, Şəkidəki və s. xeyli rahat, dolanışıqlı həyatdan üz döndərib doğma yurdlara dönmək həvəsində olmaq... Buraya bir müddət sonra yenidən erməni terroru və işğalıyla üz-üzə qalmaq, dövlət təmizləsə də, Allah eləməmiş, özünün, övladının, əzizinin haradasa, hansısa uzaq meşədə, cığırda, bulaq yanında, ağac dibində basdırılmış minaya düşmək riskini də gözə gətirmək gərəkdir...
***
Eyni zamanda hər bir keçmiş məcburi köçkün öncə dediyimiz kimi, torpaqlara qayıdış prosesində qardaşı, dostu, qohumu, əmisi oğlu olsa belə, hansısa məmurun, iş adamının əliəyriliyinə göz yummamalı, belələrini öncə mümkünsə şəxsi, sonra da ictimai qınağa hədəf etməli, son anda isə müvafiq dövlət orqanlarına həvalə etməlidir... Əks halda onlar da şəhid ruhlarının qarğışına, Allahın qəzəbinə və əzabına düçar olacaq...
***
Bir də gördün, əslən keçmiş didərgin rayonlardan birindən olan, rüşvətxorluğu, zülmü külli-məmləkətə bəlli olan sabiq nazir, icra başçısı, deputat, yaxud onların övladları həmin bölgələrdən birinə mühüm vəzifəyə təyinat aldı və ya iş adamı kimi Böyük Qayıdış prosesində, tenderdə, tikintidə-filanda iştirak etdi. Həmin şəxslərin o saat öz qohum-əqrəbasını başına yığıb yenə də yeyib-dağıtmasına nə dövlət, nə də aşağılar imkan verməməlidir... Belələrinə “filankəs müəllim ağsaqqalımızdır, böyüyümüzdür, ziyalımızdır” deyərək yalmananlar, yaltaqlananlar da şəhid ruhlarının qarğışına, Allahın qəzəbinə və əzabına düçar olacaq...
***
Həmçinin, işğaldan azad torpaqlarımıza qayıdacaq hər bir vətəndaş hansısa məmur, yaxud sahibkar tərəfindən haqqınıın, hüququnun tapdanmasına da imkan verməməli, qanun çərçivəsində hər bir imtiyazının, güzəştinin həyata keçməsinə nail olmalıdır...
***
Fəqət, hər bir keçmiş köçkün dövlətin apardığı quruculuq işlərinə təmkin və səbirlə yanaşmalı, yalnız öz şəxsi mənfəəti, ambisiyası üçün öz statusundan sui-istifadə edərək süni narazılıq yaratmaqdan çəkinməlidir...
***
Xülasə, 1 milyona yaxın keçmiş didərgin üstəgəl 10 minə yaxın məmur, 30-40 min fəhlə, mühəndis, iş adamının nəfsi Böyük Qayıdış proqramı ilə üz-üzədir...
***
Böyük və Uca Allah korrupsioner, rüşvətxor, vəzifəxor və yaltaqlar orduları üzərində qələbəmizdə də yardımçımız olsun!..
Sultan Laçın
Tarix: 8-02-2021, 14:38