“Əlif əməliyyatdan gələndən sonra Xankəndi tərəfdə dəhşətli partlayış oldu...” Cəmiyyət



“Əlif əməliyyatdan gələndən sonra Xankəndi tərəfdə dəhşətli partlayış oldu...”
“Əlif Şuşaya, Qırxqız dağlarına tərəf baxıb dedi ki, “bacı, ola bilər ki, Şuşa da, Ağdam da, Xocalı da alınsın, amma vaxt gələcək Azərbaycanın bir qeyrətli oğlu bu torpaqları işğaldan azad edəcək”
 
“İlin 11 ayını istəyirəm, amma fevralı gözləyib, görmək, yadıma salmaq istəmirəm. Heç bir xeyrə-şərə getmirəm, öz dünyama qapılıram, oğlum”
 
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə xanım deyib. O, dəhşətli gecədə iki qardaşını, əmisini və digər qohumlarını itirdiyini bildirib:
 
“Fevral ayı gələndə dünya başıma fırlanır. İlin 11 ayını istəyirəm, amma fevralı gözləyib, görmək, yadıma salmaq istəmirəm. Heç bir xeyrə-şərə getmirəm, öz dünyama qapılıram, oğlum. Xocalı faciəsində iki qardaşımı, əmimi, analığımı, qohum-əqrabalarımı itirdim. Əlifi bilirsiniz ki, gətirib dəfn etdmişik. Amma qardaşım Süleymanı girov götürüb Əlifin qardaşı olduğunu biləndə ermənilər ona çox işgəncə vermişdilər. Atam da girov düşmüşdü, amma onu geri qaytara bildik. Qardaşım Süleymandan isə indiyə kimi xəbər yoxdur”. 
 
Şükufə xanım qələbə xəbərindən şəhid qardaşlarının da ruhunun şad olduğunu deyib:
 
“Əlbəttə, Əlifin məzarını ziyarət edib torpaqlarımızın işğaldan azad edilməsini ona demişik. Biz o torpaqlarımızın həsrətiylə yaşamışıq, o yerlərə qayıdacağımız günü gözləmişik. Hər bir qarış torpağımızın işğaldan azad edilməsi bizim üçün böyük qürurdur. Allah Ali Baş Komandanımıza cansağlığı versin, əsgərlərimiz salamat olsun. Mən namaz qılan adamam, Allaha gündə 10 dəfə yalvarıb deyirəm ki, işğaldakı torpaqlarımızın hər bir qarışını azad et, əsgər balalarımızı salamat elə, Ali Baş Komandanımıza cansağlığı ver. Allah sizlərdən də razı olsun ki, bizləri unutmursunuz”. 
 
O, şəhid qardaşı Əlifin hələ illər öncə torpaqlarımızın işğaldan azad ediləcəyini dediyini bildirib:
 
“Bunu həmişə deyirəm və indi sizə də deyim. 1990-cı ildə Əlif bir əməliyyata getmişdi və gecə evə gəlmədi. Onda biz çox narahat olduq. Səhər tezdən Əlif gəlib yerinə girəndə dedim ki, bu vaxt evə gəlirsən, fikirləşmirsən ki, biz nə çəkirik? Elə bunu demişdim ki, qəfildən Xankəndi tərəfdə dəhşətli bir partlayış oldu. Əlif dedi ki, “babat partladı?”. Əlif Şuşaya, Qırxqız dağlarına tərəf baxıb dedi ki, “bacı, ola bilər ki, Şuşa da, Ağdam da, Xocalı da alınsın, amma vaxt gələcək Azərbaycanın bir qeyrətli oğlu bu torpaqları işğaldan azad edəcək”. Əlifin dediyi o, qeyrətli oğlan cənab İlham Əliyevdir ki, gəldi və torpaqlarımızı düşməndən azad etdi. Biz indi gözləyirik ki, Xankəndi və Xocalı da geri qaytarılsın, onda ölənlərimizin də ruhu şad olar. Düşmənin heç bir izi o torpaqlarda qalmayacaq, özləri öz xoşlarıyla çıxıb gedəcəklər”.

Tarix: 6-02-2021, 23:07
Xəbəri paylaş



Xəbər lenti