Son günlər sosial şəbəkələrin erməni seqmentində və həmin ölkənin KİV-də Rusiyanın təzyiqi ilə Xankəndiyə 12 min azərbaycanlılnın köçürüləcəyinə dair məlumatlar yayılıb. Hətta bildirilir ki, bu məsələ ilə bağlı Nikol Paşinyan da separatçıların rəhbəri Arayik Arutunyana göstəriş verib. Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar və rəsmi Moskva bu məsələdə nə dərəcədə israrlı ola bilər? Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında bir sıra addımlar atıldı ki, bunlar 2020-ci il 10 noyabr tarixli Bəyanatda əksini tapıb: “Onu qeyd edim ki, Ermənistanda daxili siyasi qüvvələr iki ölkə arası sərhədlərin delimitasiyası üçün aparılan demarkasiyanı qabardaraq, bu addımları imzalanmış Bəyanatda əksini tapmamış məqamlar kimi qələmə verməyə çalışırlar. Çünki 27 ildən artıqdır işqal etdikləri ərazilərdə yaşayan ermənilər zəbt etdikləri yerləri tərk etməli olurlar. Məsələn, Qafan şəhəri və yerli hava limanı üzərində ərazi və yüksəkliklər və bu bölgədə yaşayan ermənilər zəbt etdikləri evləri, tarla və örüş yerlərini itirdilər. Kəlbəcərdəki qızıl və koks yataqları olan əraziləri də həmçinin Ermənistan itirdi. Qazax rayonu və Naxçıvan MR-lə sərhəd ərazilər də həmçinin bunun nəticəsində Azərbaycana qaytarılacaq və bu istiqamətdə işlər gedir. Daxili siyasi qüvvələr də bunu Paşınyana qarşı istifadə etməyə çalışırlar.
Bu məqamların bəyanatda qeyd edilməsinə ehtiyac yox idi, çünki bunun hüquqi əsası Azərbaycanın beynəlxalq səviyyədə, beynəlxalq hüquqla tanınan sərhədlərinin bərpasıdır ki, Azərbaycan bunu həyata keçirir”.
Politoloqun sözlərinə görə, bəyanatda qeyd olunmağa ehtiyacı olmayan məqamlardan biri də məhz Xankəndiyə yerli azərbaycanlı əhalisinin geri qaytarılmasıdır: “İşğal öncəsi Xankəndi Dağlıq Qarabağın azərbaycanlıların yaşadığı şəhərlərindən biri olub. Xankəndinin yerli azərbaycanlı əhalisinin geri qaytarılması haqqında müzakirələr noyabr ayında başlayıb. 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə baş tutan Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü zamanı da müzakirə olunub.
Burda əsas narahatedici məqam Xankəndiyə qayıdacaq azərbaycanlı əhalinin sayı ilə bağlıdır. Məsələ ondadır ki, Moskvanın səsləndirdiyi 12 min rəqəmi real sayı əks etdirmir. Mən 2010-cu ildə 122 saylı Xankəndi dairəsindən millət vəkilliyinə namizəd olmuşam. MSK-nın saytında bu dairənin seçici siyahısında seçici sayı 5 min 3 yüz nəfər idi. Mən isə digər qaçqın rayonları əhatə edən dairələrdəki seçicilərdən sırf Xankəndidə anadan olan 23 mindən çox səsvermə hüquqlu azərbaycanlının siyahısını əldə etdim. Adətən vətəndaşların səsvermə hüquqlu sayı mövcud sayından iki dəfə az olur. Bu isə o deməkdir ki, Xankəndinin təqribən 50 mindən çox azərbaycanlı əhalisi var. İşğalda olduğu illər ərzində Xankəndinin azərbaycanlı əhalisinin sayı başqa rayonlara qeydiyyata alınmaqla məqsədli şəkildə, süni surətdə azaldılıb. Məsələn, bir ailədən 5 nəfərdən 2-si Xankəndiyə, 3-ü isə başqa rayonlara qeydiyyata alınıb. Hazırda Azərbaycanın Xankəndiyə geri qayıdacaq azərbaycanlıların sayı haqqında Rusiya ilə dəqiq məlumatları paylaşması vacibdir”.
Ekspertin sözlərinə görə, bu məlumatları Rusiyada hökümətə yaxın erməni şəbəkəsi erməni mediasına sızdırır.
Tarix: 4-02-2021, 22:47