Türk general: "Sülhün və əmin-amanlığın təmin olunmasını iki ölkə - Türkiyə və Rusiya öz üzərinə götürüb"
30 yanvar tarixində Ağdamda açılış mərasimi keçirilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi təkcə Azərbaycanda deyil, Ermənistan, Türkiyə və Rusiya mediasında da geniş müzakirə olunmaqda, fərqli fikirlər səsləndirilməkdədir. Erməni mətbuatı Mərkəzin fəaliyyətini və missiyasını nə qədər qaralamağa, kölgə altına almağa çalışsa da, ortaq qurumun ərsəyə gəlməsi Rusiyanın ekspert dairələrində müsbət dəyərləndirilir. Vurğulanır ki, Türkiyə və Rusiya hərbiçilərinin digər bölgələrdə sülhə nəzarət üzrə birgə iş təcrübəsi var.
Bu təcrübənin Ağdamda yeni qurulan monitorinq mərkəzinin uğurlu fəaliyyətinə də müsbət təsir göstərəcəyi ehtimalı böyükdür. Hər halda ümid edilir ki, bundan sonra Monitorinq Mərkəzi sayəsində Qarabağ bölgəsində təxribatların qarşısı daha uğurla alınacaq və bütün hərəkətlər qeydə alınacaq. Mərkəzdə Türkiyə hərbiçilərinin olması bölgədə sülhə qarşılıqlı nəzarəti daha da gücləndirəcək. Bu mərkəzin qurulmasından sonra azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına daha rahat və təhlükəsiz qayıtması məsələsi də asanlaşacaq. Həm də bölgədə Türkiyə-Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək. Ən əsası isə Türkiyənin rəsmi olaraq işğaldan azad edilən ərazilərdə olması yalnız bölgəyə yox, dünya ictimaiyyətinə də mühüm bir mesajdır. Türkiyənin varlığı tərəflər arasındakı balansı tarazlaşdıracaq.
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, general Yücel Karaüz də “Şərq”ə açıqlamasında vurğulayıb ki, Monitorinq Mərkəzinin fəaliyyəti Cənubi Qafqazda sülhün bərqərar edilməsinə töhfə verəcək. Generalın fikrincə, bölgədə sülhün və əmin-amanlığın təmin olunmasını iki ölkə - Türkiyə və Rusiya öz üzərinə götürüb:
“Türkiyə-Rusiya Monitorinq Mərkəzi bölgədə meydana gələ biləcək təxribatların və terror aktlarının əvvəlcədən müəyyən edilməsi, yaxud baş vermiş olayların böyüməsinin qarşısının alınması istiqamətində ortaq fəaliyyət göstərəcək. Mərkəz nəzarət funksiyasını pilotsuz uçan aparatlar, müşahidə və kəşfiyyat vasitələri ilə reallaşdıracaq.
Həmçinin, Qarabağ bölgəsində rus sülhməramlılarının yerləşdiyi və ermənilərin yaşadıqları ərazilərdə də nəzarəti həyata keçirəcək. Eyni zamanda Qarabağın dağlıq hissəsinə keçid imkanı yaradan Laçın dəhlizini və Kəlbəcər yolunu nəzarətdə saxlayacaq. Bilirsiz ki, Mərkəz biri türk, digəri rus olmaqla iki general və 38 əsgəri personaldan ibarətdir. Fasiləsiz olaraq havadan və qurudan bölgənin izlənməsini həyata keçirəcək.
Nizamnaməyə görə, Mərkəz bölgədəki terror fəaliyyətinə birbaşa cavab vermək səlahiyyətinə malik deyil. Monitorinq Mərkəzinin əsas vəzifəsi hadisələri təsbit etmək, sürətli dəyərləndirmək və dərhal rəsmi Bakını və təmsil etdikləri ölkələri məlumatlandırmaqdır. Azərbaycanın sərhədləri daxilində baş vermiş istənilən insidentə birbaşa cavab vermək səlahiyyəti rəsmi Bakıya aiddir. Rusiya sülhməramlıları isə nəzarət etdikləri bəlli bölgənin təhlükəsizliyindən və sabitliyindən məsuldur.
Monitorinq Mərkəzi isə baş vermiş olayla bağlı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya hökumətlərini məlumatlandıracaq və hansı tərəfin anlaşmanı pozduğu barədə açıqlama verəcək. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti yeni dönəm deməkdir və Rusiya ilə ortaq fəaliyyətdə heç bir problem yoxdur. Daha əvvəl Suriyada və Liviyada hər iki ölkənin birgə əməkdaşlığı baş tutub. Təbii ki, hər ölkənin öz maraqları var. Moskva da ilk növbədə öz maraqlarından çıxış edir. Kiçik insidentləri nəzərə almasaq, prosesin davam edəcəyini düşünürəm”.
General vurğulayıb ki, 10 noyabrda Ermənistanın təslimçi sülhə imza atmasından sonra cərəyan edən proseslər, xüsusən 11 yanvar Moskva görüşündən sonra tərəflər arasında kommunikasiya və nəqliyyat dəhlizlərinin bərpası məsələsi ciddi müzakirə olunmaqdadır. Hətta bununla bağlı konkret addımlar da atılıb, işçi qruplar yaradılıb:
“Belə məqamda Ermənistan daxilindəki müəyyən qüvvələrin, yaxud oyundan kənarda qalmış regiondan uzaq bəzi ölkələr erməniləri təhrik etməyə çalışır. O baxımdan mümkün qədər təmkinli davranmalı, proseslərə geniş prizmadan baxmalıyıq. Cənubi Qafqazda qalıcı sülh ilk növbədə 3, daha sonra isə 6 ölkə arasındakı əməkdaşlıqdan asılıdır. 6 ölkənin birgə əməkdaşlığından sadəcə region dövlətləri deyil, qlobal güclər də faydalanacaq. Şübhəsiz, indiki məqamda ən çox rifaha və əmin-amanlığa ehtiyacı olan ölkə kasıb Ermənistandır.
Çünki ağır məğlubiyyət yaşamış ermənilərə yenidən dirçəlmək üçün azı 20 il vaxt lazımdır. Yerevan hökuməti böyük rəsmi görməyi bacarmalıdır”.
Tarix: 3-02-2021, 11:36