Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirildiyi barədə açıqlamanı lazımı anda verdi.
Xatırladaq ki, Rusiya dövlətinin başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda onlayn formatda çıxışı zamanı Moskvanın Qarabağdakı vasitəçilik səylərindən danışıb.
Bu arada, elə bil təəssürat yaranır ki, erməni tərəfi imzalanan müqavilələri unudub. Elə buna görə azərbaycanlı köçkünlərin Xankəndiyə qayıtmasının yolverilməzliyi ilə bağlı açıqlamalar var. Məsələn, bu barədə Qarabağın de-yure və de-fakto mövcud olmayan separatçı rejiminin nümayəndəsi Vaqram Poqosyan deyib. Bir daha iddia edilir ki, Qarabağ “Azərbaycanın ərazisi ola bilməz” və bu ərazinin “müstəqilliyinin” beynəlxalq səviyyədə tanınması üçün mübarizə davam edəcək.
Bundan əlavə, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında nasist kolloborsionist və hərbi cinayətkar Qaregin Njdenin abidəsi açılır. Artıq bir qrup avropalı deputatın Ermənistana və Qarabağa səfəri anons edilir.
“PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov
Media.Az-a şərhində ilk növbədə qeyd edib ki, Qarabağda Qaregin Njdenin abidəsinin açılması erməni tərəfinin düşünülmüş təxribatıdır.
“İkinci Qarabağ müharibəsindən əvvəl demişəm, həm də sonra artıq nəticələrini izləyərək qeyd etmişəm: “Dağlıq Qarabağda heç bir halda nə “prezident”, nə də “parlament” ola bilməz”. Rusiya sülhməramlıları isə Azərbaycanın bütün məlum faciəli hadisələrdən sonra praktik olaraq yalnız erməni millətinin sakinlərinin yaşadığı ərazisini idarə etmək funksiyasını öz üzərinə götürməli deyillər.
Bölgəni idarə etmək üçün müvəqqəti administrasiyaya – yerli əhalidən olan peşəkar idarəçilərə ehtiyac var, lakin həmin insanlar döyüş əməliyyatlarının iştirakçısı olmamalıdır. Axı onlar Azərbaycan hökuməti ilə daimi rəsmi dialoq aparmalı olacaqlar və Bakı birmənalı şəkildə hərbi cinayətkarlarla dialoq aparmayacaq”, – deyə Vitali Arkov bildirib.
“Bakının hərbi cinayətkar hesab etdiyi şəxslər ya Azərbaycan məhkəməsinə çıxarılmalı, ya da Azərbaycan ərazisini tərk etməlidirlər. Dağlıq Qarabağ isə Xankəndi, İrəvan və Parisdə radikalların və təxribatçıların nə elan etməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir”, – deyə ekspert qeyd edib.
“Bütün erməni hərbi birləşmələri istisnasız, necə adlandırmağından asılı olmayaraq, Qarabağ ərazisindən çıxarılmalıdır. Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edəcək vəziyyətdədirlər. Qaregin Njdenin abidəsi məsələsinə qayıdaraq bir daha qeyd edim ki, Rusiya sülhməramlıları bölgəni idarə etmək funksiyasını öz üzərinə götürməyiblər. Və bu, əlbəttə ki, həm də Rusiyaya qarşı təxribatdır. Moskva narahatlığını ifadə edə bilər, ancaq bu abidəni öz əlləri ilə yıxa bilməz. Baxmayaraq ki, Ermənistandakı təxribatı təşkil edən dağıdıcı qüvvələr elə bunu gözləyirlər”.
Vitali Arkov çoxlarını məmnun etməyən, amma hazırkı vəziyyətdə daha az zərərli fiqur olan Baş nazir Nikol Paşinyanın hələ də Ermənistanda hakimiyyətdə olmasına diqqət çəkir:
“Əgər o indi getsə, onda şübhəsiz ki, Ermənistandakı hakimiyyət radikalların əlinə keçəcək. Bu, Bakı və Moskva üçün sərfəli deyil, çünki əks təqdirdə Ermənistan nasist Almaniyasının Qafqaz versiyasına çevirilə bilər.
Paşinyan və onun artıq dağıdılan “Mənim addımım” siyasi qüvvəsi Ermənistanı siyasi və iqtisadi böhrandan çıxarmaq məqsədi daşıyan, eyni zamanda, bütün qonşularla yeni dinc dialoq yaradan, proqressiv qüvvələrin koalisiyasının təmsil olunduğu güclü üçüncü siyasi təşkilat yaranana qədər lazımdır”.
Eyni zamanda, rusiyalı ekspert müxtəlif nümayəndələrin və fərqli siyasətçilərin Dağlıq Qarabağa səfərinə də toxunub. Bir müddət əvvəl erməni KİV-də avropalı deputatların gələcəyinin anonsu verilmişdi.
Vitali Arkov hesab edir ki, Bakı mütləq belə hərəkətə reaksiya verməli, etiraz notası göndərməlidir.
“Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələri yalnız mülki şəxsləri oradan buraxmalıdır və Azərbaycanın müvafiq qurumlarının nümayəndələri bunu Rusiya sülhməramlıları ilə birlikdə izləyə bilər. Bəlkə də Bakıdan əvvəlcədən təsdiqlənmədən bu dəhlizlə bölgəyə səfər etmək hüququ olan mütəxəssis kateqoriyalarının (struktur) siyahısını hazırlamağa dəyər.
Digərləri isə nəzərdə tutulan səfərlərinin məqsədi barədə Bakını əvvəlcədən məlumatlandırmalı və bunun üçün xüsusi icazə ya verilməli, ya da verilməməlidir. Bunlara Ermənistanın Dağlıq Qarabağ ərazisində daimi yaşamayan rəsmi və ictimai xadimləri, habelə üçüncü dövlətlərin vətəndaşları da daxildir. Sonuncular mənim fikrimcə, bütün keçid dövrü ərzində Dağlıq Qarabağ ərazisindən yalnız Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin müşayiəti ilə keçməlidir”, – deyə Vitali Arkov yekunlaşdırıb.
Tarix: 28-01-2021, 22:32