Mixail Neyjmakov: “Qarabağ mövzusu Rusiyada daxili informasiya gündəminin ən arxa cərgəsində yer alır” Son məlumatlara görə, müharibənin başlanması ilə Dağlıq Qarabağdan qaçan 50 mindən çox erməni artıq yaşayış yerlərinə qayıdıb. Əsas sual budur ki: Rus sülhməramlıları olmasaydı, ermənilər oraya qayıdardılarmı? Nə də olsa, əvvəllər orada heç bir xüsusi sənaye istehsalı yox idi, o ki, qala indi - müharibədən sonra çox şey məhv edilib.
Bundan əlavə, əvvəllər indi azad edilmiş ərazilərdə ermənilər əkinçilik-becərmə ilə məşğul idilər ki, indi oradan da məhsul olmayacaq. Həmçinin, indi Qarabağ erməniləri Qarabağın geniş və münbit otlaqlarında iri maldarlıq təsərrüfatlarına sahib ola bilməyəcəklər, bu torpaqlara yerli azərbaycanlılar qayıdacaq.
Yəni, geri qayıdanların böyük əksəriyyətinin özlərini təmin etmək üçün pul qazanacaq heç bir imkanları yoxdur. Əgər əvvəllər Ermənistandan bir növ dəstək ummaq mümkün idisə, indi ağır iqtisadi vəziyyətdə olan İrəvan da heç kimlə bölüşmək fikrində deyil.
Bu, o deməkdir ki, ruslar qayıdan erməniləri, çörəkdən tutmuş pulsuz kommunal xidmətlərə qədər hər şeylə təmin etməyə başladıqları kimi, gələcəkdə də bunu etməli olacaqlar. Bəs, Kremlin səbri və imkanı nə qədər olacaq? Axı, faktiki olaraq, Qarabağ ermənilərinin saxlanılması üçün Kreml Rusiya Federasiyasının adi sakinlərinin cibinə girir - indi Qarabağ ermənilərinin dağıdılmış mənzillərinin bərpası və ərzaq da daxil olmaqla, bütün bu insanların saxlanılması xərcləri, məhz sadə rusun cibindən gedir.
Biz, hələ saxlanılması heç də ucuz olmayan iki min sülhməramlıya çəkilən xərcləri demirik. Əslində, bunlar, mitinqlər zamanı öz hakimiyyətlərinə qarşı səsləndirdikləri tələblərin siyahısını tərtib edərkən, müxaliflərin diqqət yetirməli olduqları məqamlardır.
Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakovun AYNA-ya dediyinə görə, Rusiya parlamentindəki müxalifət partiyalarının liderlərinin yaxın gələcəkdə Rusiyanın sülhməramlı və humanitar missiyasının Qarabağdakı addımlarını tənqid etmələri ehtimalı yoxdur: “Ümumiyyətlə, müxaliflər aktiv xarici siyasət kursunu dəstəkləyirlər. Bu cür tənqidlərin, prinsipcə, bu partiyaların düşərgəsindən olan ayrı-ayrı regional siyasətçilər tərəfindən səsləndirilməsi mümkündür, amma epizodik olaraq. Çünki, yerli problemlər bu səviyyəli liderlərə daha yaxındır və onlar nadir hallarda beynəlxalq siyasi mövzulara müraciət edirlər”.
O bildirib ki, sistemdən kənar liberal müxalifətin Qarabağdakı sülhməramlı missiyanı həyata keçirmə xərcləri ilə əlaqədar Rusiya hakimiyyətini tənqid etmək üçün daha çox motivə olduğu görünür: “Ancaq başqa bir problemlə qarşılaşırlar. Qarabağ mövzusu ənənəvi olaraq Rusiyada daxili informasiya gündəminin ən arxa cərgəsində yer alır. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsIOM) 1 May 2016-cı il tarixinə (yəni “Aprel müharibəsi”ndən az sonra) apardığı bir araşdırmaya görə, sorğuda iştirak edən rusların 46%-i Dağlıq Qarabağın statusu barədə - “Müstəqil bir dövlətdir, Azərbaycanın və ya Ermənistanın bir hissəsidir?” sualına cavab verməkdə çətinlik çəkdi. 2020-ci ilin payızında mövzuya müəyyən bir marağın artmasından sonra, gələcəkdə sıravi Rusiya vətəndaşlarının bu mövzuya diqqəti yenidən zəifləyəcək”.
“Bu vəziyyətdə, hakimiyyətin tənqidçiləri bu mövzuya arxa planda üz tutacaqlar. Konkret olaraq, Qarabağdakı sülhməramlı missiyasından deyil, xarici siyasət və təhlükəsizlik problemlərinin həllinə ayrılan həddindən artıq xərclərdən danışacaqlar”, - deyə Neyjmakov bildirib.
Analitik əlavə edib ki, Rusiyada postsovet məkanı ilə əlaqəli, aktiv xarici siyasətə dair bir ictimai tələb var: “Bəli, pandemiya və iqtisadi böhran zamanı bu tələb daha az nəzərə çarpır. Bununla yanaşı, ictimai rəylərin tez bir zamanda dəyişə biləcəyini xatırlayırıq. Məsələn, hələ 1990-cı illərin əvvəllərində “müttəfiq respublikaları niyə yedirdirik və onların hərbi-sənaye kompleksini qoruyuruq” şüarı Rusiyada olduqca dəbdə və aktual idi. Amma, 1993-cü ildə fəal xarici siyasət çağırışları ilə tanınan LDPR (Liberal Demokrat) Dumaya seçkilərdə lider idi. Bu ideya partiyanın o zamankı uğurunun yeganə səbəbi deyildi, ancaq əsas amillərindən biri idi”.
Tarix: 28-01-2021, 10:33