Ermənistandan Xankəndi şəhərinə növbəti emissarlar gəldi, qanunsuz səfərdə qanunsuz məskunlaşdırma məsələləri müzakirə olunub; Araik Arutyunyan Ağdərədə olduqdan sonra İrəvana yollandı; “Kim təminat verə bilər ki, bu radikal, irqçi qruplar Qarabağın işğaldan azad olunmamış hissəsində təxribatlar planlaşdırmır?”
Qarabağdakı ermənilər açıqlayıblar ki, ötən ilin 13 noyabrından bu günədək döyüş meydanından 1283 meyit tapıblar, ancaq axtarışlar davam etdirilir. Ermənistanda isə Qarabağ döyüşlərində itkin düşənlərin ailə üzvlərinin etiraz aksiyaları dayanmaq bilmir.Ancaq görünən budur ki, ermənilər hələ sayı-hesabı dəqiq bilinməyən itkilərə rəğmən, dinc oturmaq istəmirlər. Nikol Paşinyanı acizlikdə və xəyanətdə ittiham edən erməni ictimaiyyəti bir tərəfdən Qarabağa əsgər göndərilməsinə qarşı çıxır, digər tərəfdən də Azərbaycan torpaqlarına olan iddiasından əl çəkmir. Qəribəsi budur ki, hətta sarsıdıcı zərbələrdən sonra belə, nə sadə əhali, nə müxalifət, nə də iqtidar köhnə “bayatı”lardan imtina etmək istəmir. Azərbaycanın dövlət başçısı Ermənistan XİN-in başçısı Ara Ayvazyanın Qarabağa səfərinə kəskin xəbərdarlıqla reaksiya verdikdən sonra da İrəvandan Xankəndinə qanunsuz səfərlərin arası kəsilmir. Belə ki, Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyan 22-24 yanvar tarixlərində Xankəndində olub. Onlar qondarma qurumun başçısı, Azərbaycanın müvafiq qurumları tərəfindən barəsində cinayət işi qaldırılmış Araik Arutyunyan və digər terrorçularla görüşüblər. Bildirilir ki, A.Arutyunyan Z.Sinanyanla erməni diasporunun ölkədəki ermənilərlə münasibətləri, Dağlıq Qarabağda mənzil tikintisi və evsiz qalmış insanların problemlərinin həlli məsələlərini müzakirə edib. Qeyd edək ki, Azərbaycana icazəsiz daxil olmuş bu şəxslər Livan və Suriyadan Qarabağa qanunsuz köçürmələrin əsas təşkilatçılarındandır. Onlar müharibə başlayan günlərədək az qala hər gün Qarabağa, o cümlədən Şuşaya “erməni ailələri”nin - əslində isə muzdlu döyüşçülərin köçürüldüyü barədə hesabat xarakterli məlumatlar tirajlayırdılar. Sözsüz ki, bu təmaslarda ermənilərin özlərinin məqsəd-məramları var, amma bizi narahat edən məsələ ərazi bütövlüyümüzün bərpasından və Rusiyanın təşəbbüsü ilə üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistanın özbaşınalıqlarının davamıdır. Bu məsələyə Laçın dəhlizinə nəzarət edən rus sülhməramlılarının da biganə münasibət göstərməsi haqlı etirazlara səbəb olur. Azərbaycan Prezidenti çıxışlarının birində sülhməramlıların da üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu deyib və Laçın dəhlizinin qanunsuz səfərlər marşrutuna çevrilməsi sözsüz ki, cavabsız qalmayacaq.
Bu arada Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın dedikləri diqqət çəkir. Eks-nazir bildirib ki, Qarabağdakı müharibə zamanı Rusiya Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni edib. Bu mənada ermənilərin Rusiya sülhməramlılarına arxayın olaraq özbaşınalıqlar etməsi də təəccüblü görünmür. Digər tərəfdən, sülhməramlıların Qarabağda antiterror əməliyyatı üçün təlimlərə başlaması da suallar doğurur. Əgər sülhməramlılar Qarabağdakı terrorçuların zərərsizləşdirilməsində, yaxud bölgədən çıxarılmasında maraqlıdırsa, o halda niyə Laçın dəhlizinə nəzarət ciddi şəkildə aparılmır, yaxud Qarabağa yerləşdirilən ermənilər yoxlanılmır?Bütün bunlar 44 günlük müharibədən sonra da revanş cəhd edən erməniləri şirnikləndirən əsas amillərdəndir. Bu arada Ermənistanda diqqətçəkən sorğu keçirilib. Sorğuda iştirak edən ermənilərin 54 faizi Rusiyanın tərkibində yaşamaq istədiklərini bildiriblər. 46 faiz respondent isə bu ideyanın əleyhinə çıxıb. Özünü müstəqil adlandıran bir ölkənin vətəndaşlarının yarıdan çoxu açıq şəkildə koloniyaya çevrilməyə hazır olduğunu ifadə edirsə, demək, bu məmləkət insanının gələcəyi qaranlıqdır. Amma hətta “Soros uşağı” Paşinyan daxil, əksər ermənilər anlayırlar ki, onların xilası Rusiyanın əlindədir. Bütün bunlar Qarabağdakı gərginliyi tətikləyən amillərdəndir.
Ümumilikdə görünən budur ki, ermənilər fəallaşıblar, Qarabağda yeni fitnə-fəsad yaymağa başlayıblar. Azərbaycan rəsmiləri revanşa can atan ermənilərlə hədə dili ilə danışır, ancaq deyəsən, bunlara daha söz təsir eləmir. Hətta 10 noyabr bəyannaməsindən sonra da Azərbaycan terrorçuların tərk-silah edilməsi ilə bağlı lokal əməliyyatlar keçirib, hətta 60-dan çox terrorçu saxlanilib. Ancaq bütün bunların qarşılığında da erməni tərəf sakit oturmaq istəmir. Belə olan təqdirdə erməni təxribatı Qarabağda və digər sərhəd bölgələrində atəşkəsin pozulmasına səbəb ola bilərmi? Əgər bu, baş verərsə, onlara hansı formada cavab verilməlidir?Akif Nağı QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilərin özlərini bu cür aparması gec-tez atəşkəsin birdəfəlik pozulmasına gətirəcək: “Azərbaycan 44 günlük müharibə ilə ermənilərin planlarını pozdu. Onların istəyi o idi ki, Dağlıq Qarabağı və imkan daxilində ətraf rayonların xeyli hissəsini əldə saxlasınlar. Buna nail ola bilmədilər. İndi çalışırlar ki, Dağlıq Qarabağın əllərində olan hissəsində möhkəmlənsinlər. Bu şəraitdə Azərbaycan heç bir güzəştə getməməli, Dağlıq Qarabağın bütün ərazilərində hakimiyyətini bərqərar etməyə çalışmalıdır. Biz ilk növbədə Laçın dəhlizi məsələsində israrlı olmalı, orada Azərbaycanın yoxlama - buraxılış postunun yaradılmasına nail olmalıyıq”. A.Nağı qeyd etdi ki, paralel şəkildə Naxçıvan dəhlizinin açılması üçün səy göstərilməlidir: “Azərbaycanlıların Xankəndi, Xocalı və digər ərazilərə qaytarılması prosesi başlanmalıdır. Bunlar 10 noyabr razılaşmasında nəzərdə tutulub. Ona görə də təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər ya bu şərtlərə razılaşacaq, ya da hazırliq olmadan müharibəyə gedəcəklər. Hər iki halda nəticə bizim xeyrimizə olacaq”.
Bu arada ATƏT-in Minsk Qrupunun yenidən peyda olması və bölgəyə səfər vaxtının müzakirə olunduğu barədə xəbərlər də təsadüf sayılmamalıdır. Azərbaycanın dövlət başçısı müharibədən sonra Bakıya gələn qrup üzvlərinə açıq şəkildə bildirdi ki, onları bura dəvət edən olmayıb. Bundan sonra bir daha buralarda görünməmək əvəzinə, qrup üzvlərinin yenə də Qarabağ yolçuluğu üçün cəhdlər etməsi əcaibdir. Görünür, ermənilərin revanşının arxasında həm də Minsk Qrupu amili, daha doğrusu, ABŞ və Fransanın prosesdə aktiv rol oynamaq istəyi də dayanır. Qarabağda növbəti dəfə silahların işə düşməsi Minsk Qrupunun işinə yaraya bilər.
A.Nağının sözlərinə görə, ermənilər çətin vəziyyətdədir, çıxış yolları axtarırlar: “Bunun üçün söz, danışıq müstəvisinə müəyyən məsələləri gətirməyə çalışırlar. Onların status, əsirlər, girovlar, həmçinin yol, kommunikasiya məsələsini önə çəkmələri buna xidmət edir. Bu müstəvidə özlərinə havadarlar qazanmaq istəyirlər. Minsk Qrupu həmsədrləri də bu müzakirələrdə maraqlıdır . Məqsəd Azərbaycanın hərbi meydandakı uğurlarını arxa plana keçirmək, Ermənistan üçün mümkün qədər uyğun nəticəyə nail olmaqdır”.
QAT sədri hesab edir ki, Rusiyanın özü 10 noyabr bəyanatını xoş niyyət və ya xoş günündən imzalamayıb: “Azərbaycanın hərbi uğurları Rusiyanın regiondakı mövqeyinə təhlükə yaradırdı. Türkiyənin açıq şəkildə Azərbaycanı dəstəkləməsi bu təhlükəni daha real edirdi. Ona görə də Rusiya məcburiyyətdən bu razılaşmaya getdi. Rusiya indi seçim qarşısındadır: ya özünü toparlayıb regionda təkbaşına təsir imkaanlarını bərpa etməlidir - bu halda 10 noyabr razılaşmasından imtina olunmalıdır, ya da regionda Türkiyə amili ilə hesablaşaraq, 10 noyabr razılaşması xəttini davam etdirməlidir. Bu, Ermənistandan başqa hər tərəfə sərf edir. Böyük ehtimalla hadisələr ikinci ssenarı ilə davam edəcək”.
Qafar Çaxmaqlı İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı isə bu fikirdədir ki, ermənilər bu məğlubiyyətlə barışmayacaqlar: “Çünki uzun illər apardıqları ideologiya iflas edir, onların ”böyük Ermənistan" xəyalı puç olub gedir. Apardıqları bu ideologiya əslində erməni millətinin var olma səbəbidir. Onlar Qarabağda təxribatlar törətməklə dünya erməniliyinə göstərmək istəyəcəklər ki, dirəniş var, Dağlıq Qarabağı “böyük Ermənistan”ın içində görmək düşüncəsindən vaz keçməyiblər. Biz bunu belə oxumalı və Qarabağda onların revanşist cəhdlərin qarşısını alarkən həm də ümumdünya ermənilərinə dərs vermiş olarıq. İndiki halda, Ermənistan atəşkəsin pozulmasına mümkün qədər yol verməməyi düşünür. Çünki anlayır ki, 10 noyabr bəyanatından kənara çıxdığı təqdirdə yenə “dəmir yumruq” işə düşə bilər. Amma bu, o demək deyil ki, onlar revanşist hərəkətlərdən vaz keçəcəklər".
Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan vətəndaşlarının sosial şəbəkələrdə partizan müharibəsinə yönəlik açıq çağırışları əksini tapır: "Həm də bu ölkədə “Yerkrapa”, “Sasna Tsrer”, “Sardarabad” kimi onlarca radikal, terroru mənimsəmiş təşkilatlar var. Onlardan birinin lideri müsahibəsində Azərbaycana hədə-qorxu gəlib, Paşinyanın devrilməsi üçün xalqı ayağa qalxmağa səsləyib. Bunlar əl-qollarını sallayaraq Qarabağa gəlib-gedirlər, burada hansı işlər görürlər, Allah bilir. Kim təminat verə bilər ki, bu radikal, irqçi qruplar Qarabağın işğaldan azad olunmamış hissəsində təxribatlar planlaşdırmır? Ona görə də biz bir an öncə Xankəndi və digər ərazilərdə dövlət suverenliyimizi bərpa etməliyik".
Baş nazir Nikol Paşinyanın son bir ayda təhlükəsizlik şurasının iki iclasına Araik Arutyunyanı dəvət etməsi də Ermənistanın ikili oyunlarının sübutudur. Elə bu yazı çapa hazırlanarkən Arutyunyanın yenə də İrəvana getdiyi xəbəri yayıldı. 24 yanvarda isə baş terrorçu Ağdərə şəhərində olub, “rayon rəhbərliyi” ilə görüşüb, rayonda məskunlaşma işlərinin aparılması məsələlərini müzakirə edib. İstisna deyil ki, Arutyunyan “təhlükəsizlik məsələlərinin müzakirəsi” adı altında hansısa təxribat planlarını müzakirə etmək üçün gedib. Arutyunyan Laçın dəhlizində qandallanarsa, digərlərinə də dərs olar...
Elşad PAŞASOY
Tarix: 26-01-2021, 11:03