"Xocalı qətliamının növbəti ildönümünə tam bir ay qalıb, həmin gün xocalılara nə vəd veriləcək?"
Rusiya siyasi şərhçilərinin bəziləri yalnız Rusiya mətbuatında əleyhimizə danışmır, tez-tez erməni mediasına da üz tutur və orada “Roma papasından da artıq katolik olub”, Qarabağa müstəqillik tələb edirlər. Bu şərhçilərdən biri də hərbi ekspert kimi təqdim edilən Vladimir Evseyevdir. İkinci Qarabağ müharibəsi bitənədək Azərbaycanın əleyhinə danışan bu hərbi ekspert, indi də fürsət düşdükcə köhnə apmluasını davam etdirir. Həm V.Evseyevin, həm də əksər Rusiya siyasi şərhçilərinin bu cür mövqeyi yenilik deyil. Evseyev və bu tipli rusiyalı siyasətçilər haqqında araşdırma aparmaq niyyətimiz yoxdur, sadəcə bu hərbi ekspertin iki gün əvvəl “Sputnik Armeniya” saytına verdiyi müsahibədə bir məqam diqqətimizi çəkdi. Azərbaycanın Qarabağ ətrafında yüz minlik ordu saxlamaq imkanı olmadığını söyləyən ekspert, üstəlik qeyd edir ki, “Dağlıq Qarabağdan olan azərbaycanlılar reallıqda buralara köçmək niyyətində deyillər”. Bu, Evseyevin öz sözü deyil, Rusiyanın köçmə işində məhz bizi günahkar çıxarmaq üçün apardığı siyasətin təzahürüdür. Köçkün qarabağlıların geri qayıtmaycağı barədə ölkənin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə aparılan təbliğat xarakterli zərərli müzakirələrin də qəsdən aparıldığına və bir mərkəzdən yönləndirildiyinə şübhələr getdikcə artır. Necə oldu ki, azad edilmiş Qarabağ torpaqlarına qayıdıb-qayıtmamaq müzakirələri ilə yanaşı, azərbaycanlıların Dağlıq Qarabağa da köçmək niyyətlərində olmadıqlarını ruslar da vurğulamağa başladı?
Erməniləri ən çox narahat edən məsələ müharibənin yenidən başlaması deyil, azərbaycanlıların Dağlıq Qarabağa - öz yurdlarına qayıtmasıdır. Ona görə də düşmənlərimiz bu barədə heç yerli mediada belə müzakirələr aparmağı zərərli bilirlər. Erməniləri başa düşdük. Bəs, doğrudanmı azərbaycanlılar reallıqda Dağlıq Qarabağa köçmək istəmirlər? Suala həmən cavab vermək olar: əlbəttə köçmək istəyirlər. Sadəcə müharibə bitəndən sonra bizim rəsmi dövlət strukturları azad olmuş Qarabağa qayıtmaq haqqında danışsalar da, azad olmamış Dağlıq Qarabağa qaytarılacaq köçkünlərlə əlaqədar bir kəlmə də mövqe bildirməyib. Ümumiyyətlə, müşahidə göstərir ki, azad olmamış torpaqlarla əlaqədar danışmaq qadağan edilib. Yalnız köçürülmə ilə deyil, digər məsələlər haqqında da yalnız qarşı tərəfin verdiyi rəsmi informasiyalar vasitəsilə tanış olmaq mümkündür. Təbii ki, bu, Azərbaycan tərəfinin istəyi və təşəbbüsü deyil. Baxmayaraq ki, 10 noyabr bəyanatında qaçqınların geri dönməsini təsbit edən 7-ci maddə var. Niyə hərəkət etmirik? Bu günlərdə internet kanalında çıxış edən millət vəkillərimizdən biri bu sualı cavablandıranda.., “elə bilirsiniz Putinlə bu barədə və ümumiyyətlə danışmaq asandır? Bu barədə irad bildirənlər Putinlə danışa bilərlər?”-dedi. Hər halda millət vəkilləri ölkənin siyasi dəhlizlərində hansı söhbətlərin getdiyindən xəbərdardırlar və məntiqi nəticə budur ki, Rusiya siyasəti azərbaycanlıların yaxın beş ildə, yəni formal olaraq sülhməramlıların bölgədə fəaliyyətinin hüquqi baxımdan ilk müddətinin bitdiyi vaxta qədər Dağlıq Qarabağa köçürülməsinin əleyhinədir və Kremlin bu siyasi istəyi bəyanatda hüquqi əksini tapmasa da, kuluar arxasında tapıb.
Rusiya sülhməramlıları hər gün ermənilərin Dağlıq Qarabağa qayıtmasının hesabatını verir. Bu gedişlə məqsəd ən azı Lavrovun söylədiyi 90 minlik erməni icmasını Ağdərəyə, Xankəndiyə, Xocavəndə, Əsgərana toplayıb bizləri fakt qarşısında qoymaqdır. Bəyanatdan sonra Putinin geniş izahatından məlum olurdu ki, status-kvo qalır, yəni Araikin hakimiyyəti və Ermənistan silahlı qüvvələri Qarabağda hələ qalacaq. Nə vaxta qədər? Putin cavab verdi ki, iki millətin birgəyaşayışından aldığımız nəticələrə görə status məsələsi də həll ediləcək. Biz ora tezliklə köç etməyəcəyiksə hansı birgəyaşayışdan söhbət gedir?
Bu günədək sülhməramlılar 51 min erməninin qayıtmasını fəxrlə hesabat verirlər, amma gələn ermənilərdən qayıdanların isə hesabatı aparılmır, çünki sərf etmir. Ermənilər Rusiyanın yardımı ilə Əsgəranda 7000 min nəfərlik yaşayış məntəqəsi tikməyə hazırlaşır. Burda və ermənilərin qayıdışının xronolji hesabatında təbliğat notları var, amma bizdə bu da yoxdur axı. Dağlıq Qarabağ azərbaycanlılarının icmasının bu istiqamətdə fəaliyyətinin görsənməməsi də yuxarıdakı fikirlərin yanlış olmadığını bir növ sübut edir, sanki eyni yerdən təlimat alınıb təəssüratını yaradır
Azərbaycan vətəndaş cəmiyyəti bu istiqamətdə daha fəal görsənir, nəinki rəsmi strukturlar. Xankəndi ilə bağlı, ümumiyyətlə Dağlıq Qarabağda yaşamaq məqsədilə sosial şəbəkələrdə açılan qruplara baxanda sevinməmək olmur. Rəsmilər bu fəallıqdan ya nümunə götürməli, ya da cəmiyyətin təzyiq etdiyini diplomatik danışıqlarda önə çəkməlidir.
“Tələsmək lazım deyil” deyən cənablara! Ermənistan və Rusiyanın Dağlıq Qarabağı məskunlaşdırmaq istiqamətində fəaliyyətini görürsünüzmü? Ermənistan statusla əlaqədar bütün dünyanı Azərbaycan və Rusiyaya təzyiq göstərməyə çağırmırmı? Xankəndinə girilsəydi beynəlxalq aləm bizə “etnik təmizləmə” siyasəti apardığımıza görə təzyiq edəcəkdi deyənlər, erməninin həmən beynəlxalq aləmə dayanmadan statusla bağlı müraciətlərinin bir gün əleyhimizə işləyə biləcəyindən ehtiyatlanırlarmı?
Xocalı qətliamının növbəti ildönümünə tam bir ay qalıb. Həmin gün xocalılara nə vəd veriləcək? 26 fevral Xocalıda yaşayış evlərinin tikintisinin təməli qoyulan gün ola bilər. Sonra da davamı gəlsin-Xankəndidə, Ağdərədə, Şuşanın kəndlərində...
Bu arada, Putinin də başı dərddədir...
İlham İsmayıl
Tarix: 26-01-2021, 08:46