"Hökümətin məskunlaşdırma siyasəti çevik olmalıdır, görünən odur ki, bu iş ləng gedir"
"Məskunlaşma və Minatəmizləmə işləri ilk növbədə Qubadlı və Zəngilan rayonlarından başlamalıdır,Konfliktoloq Elxan Mehdiyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Elxan bəy, qaçqınlar evə dönmək, quruculuq işləri aparmaq haqqında nə düşünür?- Artıq 2 aydır ki, müharibə sona çatmışdır. Və faktiki olaraq müharibə başa çatmazdan öncə işğaldan azad olunan rayonlarımızda yerli hakimiyyət orqanlarının ilk strukturları qurulmuşdur.
Indi artıq hər bir qaçqın ailəsi öz evini görmək, dəyərləndirmək və quruculuq işləri üçün planlar qurur. Ölkə Prezidenti ilk gündən etibarən bu torpaqları cənnətə çevirəcəyik, bütün yaşayış yerlərini yenidən quracağıq, bütün şəhər və kəndlərimizi əvvəlkindən də daha yaxşı şəkildə tikəcəyik deyir. Əlbəttə, dövlətin başçısı belə deməlidir və bu həm dünyaya, həm dostlara və həm də düşmənə bir mesajdır.
Lakin mən düşünürəm ki, Prezidentin bu cür çıxışları bizim qaçqınlar arasında tamamilə fərqli yanaşmaya gətirmişdir. Ölkədən kənarda olsam da, hər dəqiqə elə bizim camaatla əlaqədəyəm. Çox saylı qaçqın dost, tanış, qohum, yerlilərimizlə danışıqlarım məndə heç də xoş olmayan təəssürat yaratmışdır.
- Niyə?- Çünki, bizim qaçqınlar arasında belə fikir formalaşır ki, onlar hələ Bakıda, Sumqayıtda, Gəncədə oturacaqlar, qaçqın güzəştlərindən istifadə edəcəklər və hökümət onlara kəndlərində ev tikəcək, qaz və işiq çəkəcək və sonra onlar evlərinə dönəcəklər. Bu fikirdə olanlar Prezidentin çıxışlarına istinad edərək bu cür arzularla yaşayırlar. Bu cür fikirləri eşitmək şəxsən mənə heç də xoş deyil, əksinə, əsəbilik yaradır. Sizcə, bu cür mümkündürmü? Mən hesab edirəm ki, bu mümkün deyil.
Bu qədər dağlarda, dərələrdə, çay kənarında və yol kənarında yerləşən kəndlərdə hansı hökümət bu qədər kənd evini bərpa edə bilər və ya yenidən ev tikə bilər? Bunu tikməyə başlasa da bu 10 ildən çox vaxt tələb edər. Bir də ki, tikinti şirkətləri tərəfindən şablon bir layihə ilə bu cür evlər tikilərsə onlar kənd evləri olacaqmı?. Yəqin ki, çadırlardan çıxarılan qaçqınlara tikilən müvəqqəti evlər kimi standart evlər olacaq. Biz bunu istəyirikmi?
Mən hesab edirəm ki, dövlətin qaçqınlara köməyi bu cür olmamalıdır. Mənim və biz tərəfin camaatının anladığım dövlət köməyi tamamilə başqa cürdür. Yanaşma bu cür olmalıdır: hər kəs öz evini tiksin və hökümət ona maliyyə yardımı etsin. İndiyə kimi mövcud olan yerli hakimiyyət orqanları hər kənddə, hər sovetlikdə nə qədər təsərrüfatın və evin olduğunu bilir. Hər kəs də öz evini və torpağını tanıyır. Hər kəs öz dədə -baba evini tiksin və ya bərpa etsin və dövlət də ona birdəfəlik maliyyə yardımı ilə kömək etsin. Tutaq ki, hər kəsə 20 min manat məbləği ilə. Bunu etmirsə o zaman uzunmüddətli faizsiz kredit versin. Məsələn, Türkiyədə kecən il əhaliyə ev almaq üçün 0,64% -lə uzunmüddətli kreditlər verildi. Kredit isə bir ildən sonra, yəni 2021-ci ilin İyul ayından sonra ödəniləcək. 1 il heç kim heç nə ödəməyəcək. Bizdə də faizsiz kredit verilə bilər və ödəmə isə 3 il sonra başlana bilər. Bu 3 il ərzində insanlar da işlərini qurub ödəmələrə hazır olar. Bu həm dövlətə faydalı olar və həm də təsərrüfat və ev sahibinə öz evini tikmək və ya bərpa etmək üçün sərbəstlik verər. Ev sahibi də istədiyi formada evini tikər və ya bərpa edər. Sonra ailədə kim özünə neçə ev tikər, o onların öz işidir. Çünki qaçqınlıqdan əvvəl bir evdə 9 uşaqlı ailə yaşayırdısa, indi onlar da böyümüş və onların hər biri fərdi olaraq özünə ev tikmək istər. Onlara birdəfəlik maliyyə yardımı yox, bu cür güzəştli kreditlər verilməlidir. Bu da bizim maraqlarımıza uyğundur, çünki məskunlaşmanı artırır.
Əgər bu məsələ əvvəllər edildiyi ki, şirkətlərə verilsə şirkətlər dövlətin pulu ilə hər fərdə ən az 60-70 min manat smeta tutub ev tikmək arzusuna düşəcəksə, biz nə ordu saxlaya bilərik, nə də şəhər və kəndləri yenidən qura bilərik. Bu böyük xaos yarada bilər və inanın bu dövrün ən böyük korrupsiyasına səbəb ola bilər. Şirkətlərə verilən pulun üçdə biri təsərrüfat sahiblərinə verilərsə onların özləri öz zövqunə və planına uyğun da evini tikər.
İkincisi, bizim əsgərlərimiz özlərini şəhid edib, şikəst edib bu torpaqları düşmən işğalından azad edib. İndi də qarlı şaxtalı dağlarda keşik çəkirlər. O zaman bizim işimiz nədir? Bizim də işimiz quruculuq işində fədakarlıq və ya qəhrəmanlıq etməkdir. Bu işi heç bir hökümət təkbaşına görə bilməz. Biz qaçqınlar 28 ildir torpaqlarımızın azad olunmasını gözləyiriksə, o zaman bizim fədakarlığımız nədə ifadə olunacaq?. Müvəqqəti əziyyətə dözüb evlərimizi bərpa etməliyik. Bu işi dövlətin üstünə qoysaq Azərbaycan çox ağır vəziyyətə düşəcək.
- Sizcə qaçqınlar bu çür yanaşmaya necə baxar?- Yanaşmalar fərqlidir. Minalardan təmizləsinlər və biz həmən gedib evimizi bərpa edib öz yoluna qoyacağıq deyənlər üstünlük təşkil edir. “İlham Əliyevin Allah canını saxlasın, evimizi tikib verəcək” psixologiyası ilə yaşayanlar da var. Hamımız bilirik ki, ev tikintisini bir gün, bir ay içərisində tam başa çatdırmaq mümkün deyil. İlkin olaraq hər kəs gedib 1-2 otağı yaşam halına salaraq yavaş- yavaş il ərzində tam başa çatdıra bilər. Torpağına qayıdan adam bu cür kiçik çətinlikləri heç dilinə də gətirməməlidir. Əksinə sevinməlidir. Bizim qaçqın camaatının mühüm bir hissəsi şəhərlərdə özünə, oğluna öz halal zəhməti hesabına ev və mülkiyyət almışdır. Bu da köməkedici amildir.
Kim Sumqayıtda bir evini satarsa, kənddə əvəzində 8 otaqlı mənzil tikə bilər. Bütün bu mexanizmləri işə salmaq lazımdır. Yoxsa “Sumqayıtdakı evimi kirayə verəcəm, kənddə evimi tikib versinlər gedim” yanaşması ilə hərəkət edənlər bir an şəhidləri, qəhrəman əsgərlərimizi düşünsünlər. Bizim həyatımız o kəndlərdir və Bakıda və Sumqayıtda sarayda yaşasaq da,o cür həyat 28 ildir vətənsiz qalmış bizlər üçün süni həyatdan başqa bir şey deyil. Bizim qaçqınların əksəriyyyəti də bu cür düşünür.
- Sizin əsas fikriniz odur ki, dövlət kənd evlərininin tikilməsinə kömək etməlidir amma özü tikməməlidir?- Hökümətin və şirkətlərin kəndlərdə ev tikməsini ağlıma belə gətirə bilmirəm. 50 evdən ibarət orta səviyyəli bir kəndin tikilməsi prosesinə baxaq. Hər binada ən azı 5 nəfər usta və fəhlə işləməlidir. Bu 250 nəfər edir. Bu qədər adam, Qubadlının Əbilcə kəndində harada qalacaq, harada yatacaq, nə yeyəcək ? Bu cür eyni tipli tikilən evlər də bütün kəndlərin kənd gözəlliyini də əlindən alacaq. Evlərimizi uçurub onun yerindəmi tikəcəklər. Yox, bunu heç kim qəbul etməz. Əgər məsələ belədirsə, o zaman elə hər kənddə betondan 1-2 beşmərtəbə ev tikilər və hamı da ora yığışar. O kənd olacaqmı?
Ona görə də mənim hər iki tərəfə, həm hökümət dairələrinə və bu sifarişləri almağa can atan şirkətlərə və ən əsası mənim qaçqın yerlilərimə müraciətim vardır..
1-cisi, kəndlər o zaman tez bir zamanda məskunlaşacaq ki, kəndin sakinləri öz dağıdılmış evlərinə qayıdıb, müvəqqəti çətinliklərlə üzləşsələr də,öz evlərinin və həyət və baxçalarının bərpasına başlasınlar. Əgər biz qaçqınlar oturub hökümətin bizə ev tikəcəyini gözləsək, o zaman ən azı 5 il gözləməli olacağıq. Bu elə o deməkdir ki, biz öz vətəninizə dönməkdə heç də həvəsdə deyilik. Nəyə görə 5 il, çünki bu uzun işdir və ortada minlərlə kənd var. Ən kiçik rayon Qubadlıdır, onun da 96 kəndi var. Digər tərəfdən təkcə kəndlər deyil, baxın görün nə qədər idarələr, müəsisələr, banklar, infrastruktur işləri görülməlidir və bütün bunlar böyük maliyyə, koordinasiya və işçi qüvvəsi və material tələb edir və bunları da dövlət edəcək.
Ən mühüm çağırışlardan biri budur ki, nə hökümət və nə Prezident “biz hamının evlərini tikəcəyik” ifadəsini işlətməməlidir. Bu mümkün deyil. Belə deyiləndə qaçqınlar da başqa cür anlayır. Yerli hakimiyyət orqanları da bunu izah etməkdə tam bilgiyə malik deyillər... Ümumiyyətlə, hökümət orqanları bu haqda heç bir dəqiq məlumat da verə bilmir və nə də müzakirə aparılmır. “Biz qaçqınların öz evlərini bərpa etməsinə və ya tikməsinə kömək edəcəyik” desələr,o artıq dəqiq məna daşıyar.
Hökümətin burada bir köməyi də bu yaşayış məntəqələri yaxınlığında tikinti məhsulları anbarları yaradılması ola bilər. Bu çox önəmli məsələdir. Çünki, yoxsa Qubadlıdan vurub bir kub taxta almaq üçün Horadizə gəlməli olacaqsansa, o zaman bu iş də getməz. Yəqin ki, Horadizdə də tələbata görə qiymətlər də astronomik olacaq.
- Sizin bölgələrin vəziyyəti necədir? - Qubadlı və Zəngilan rayonları ilə Fizuli və Ağdamı bir yerə qoymaq olmaz. Məsələn, Qubadlı rayonunun böyük hissəsində tezliklə məskunlaşma işlərinə başlamaq mümkündür. Çünki bizim üstünlüyümüz odur ki, bağ və bostanlarımız, ağaclarımızın bir qismi sag qalmışdır. Fizuli rayonunda bir ev yeri qalmadığı halda, bizlərdə yıxılmış evləri müvəqqəti yaşamaq halına salıb təsərrüfat işlərinə hənən keçmək üçün hər bir şərait var. Qarşıdan yaz və yay gəlir və bu işləri görmək üçün münbit şərait var.
Ancaq bütün bu işləri görmək üçün ilk növbədə mina axtaranlar qrupunu bu bölgələrə göndərib yaşayış məntəqələrini minalardan təmizləmək lazımdır. Mina təmizlənməsi ilkin olaraq məskunlaşmaya münbit ərazilərdə aparılmalıdır. Qubadlı və Zəngilan bu baxımdan ən münbit ərazilərdir. İlkin dəyərləndirmələr bu zonada minaların minimum səviyyədə olduğunu göstərir. Lakin təbii ki risklər vardır. Qubadlı və Zəngilan bölgəsində ermənilər məskunlaşdığından və burada əkin sahələrini də istifadə etdiklərindən mina riskinin də az olduğu ehtimal edilir. Ermənilərin hansı kəndlərdə minalar basdırdığını ordumuz daha yaxşı bilir.
Əks halda, bu Mart və Aprel ayına qədər bu kəndlərdə mina təzilənməsi başa çatmasa 2021 ci il itirilmiş olacaq. Çünki payıza qədər ev, eşik yaşamaq halına salınmasa, bu iş qaldı 2022-yə. Bunu isə heç kim istəmir.
Digər tərəfdən Qubadlı və Zəngilanın tezliklə məskunlaşdırılması Azərbaycanın təhlükəsizliyi baxımından çox önəmlidir. Bu rayonlar Ermənistanla sərhəd zonasıdır və ərazimizin və ordumuzun təhlükəsizliyi də bu işlərin tezliklə həllini tələb edir. Bu işlərdə yerli icra orqanları təşəbbüsdə olmalı və onların və silahlı qüvvələrin birgə təklifləri həlledici olmalıdır.
Qubadlının məskunlaşdırılması avtomatik olaraq Laçının kəndlərinin məskunlaşdırılmasını da labüd edir. Çünki bütün yollar Qubadlıdan keçir. Qubadlının məskunlaşması həm də Laçının təhlükəsizliyi məsələsidir. Laçına həm Qubadlıdan və həm də Hadrut ərazisindən keçidlər vardır. Bu baxımdan, tikinti materiallarının bu kəndlərə daşınması da asanlaşır. Hökümətin məskunlaşdırma siyasəti çevik olmalıdır. Görünən odur ki, bu iş ləng gedir.
Tarix: 19-01-2021, 10:49