2018-ci ildə, təxminən 2 il yarım əvvəl Rusiyanın düşüncə mərkəzlərindən birinin-strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenko “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində Qarabağda müharibənin qaçılmaz olduğunu proqnozlaşdırmışdı. Və bu müharibədə Azərbaycanın qalib gələcəyini demişdi.Virtualaz.org xəbər verir ki, Makiyenkonun həmin müsahibəsi o vaxt yeni çapdan çıxan
“Fırtınanı gözləyərkən: Cənubi Qafqaz” adlı kitabı ilə əlaqəli idi. Analitik kitabında Qarabağda hərbi əməliyyatların necə başlayacağını və sonrakı gedişatını proqnozlaşdırmışdı, Ermənistanın bu müharibədə məğlub olacağını qaçılmaz hesab edirdi. Hərçənd Azərbaycan ordusunun başlıca hücum istiqamətini proqnozlaşdırmaqda yanılmışdı.
Makiyenko müsahibəsində deyirdi ki, münaqişə rayonundakı şərait Azərbaycan tərəfinin maksimal sayda atəş vasitələri cəlb etməklə birinci zərbə, özü də kifayət qədər kütləvi zərbə endirməsini tələb edir.
“Bizim ekspertlərimiz hesab edirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin gələcək hipotetik zərbəsi çox güman ki, bu ssenari ilə inkişaf edəcək: o qədər də böyük olmayan, bir neçə on kilometr dərinliyə qəfil hücum, sonra tutulmuş mövqelərdə möhkəmlənmək, əldə olunmuş mövqeləri diplomatik cəbhədə möhkəmləndirmək və müəyyən vaxt sonra yeni həmlə. Zərbə dərhal və kütləvi şəkildə endiriləcək”,-Makiyenko iki il yarım əvvəl verdiyi müsahibədə deyirdi.
Rusiyalı analitik 2016-cı ilin aprel döyüşlərinin Ermənistan ordusunun zəif cəhətlərini üzə çıxardığını bildirirdi və deyirdi ki, erməni tərəfi təmas xəttinə sürətlə əlavə qüvvə cəmləşdirmək imkanında deyil. Azərbaycan isə təmas xətti yaxınlığında qısa zamanda 30 minlik qruplaşma formalaşdıra bilər. “Belə olan halda Əsgəran müdafiə rayonunun sürətlə yarılması və erməni tərəfinin səfərbərlik tədbirlərini başa çatdırmasına imkan vermədən Stepanakertin (Xankəndi) itirilməsi təhlükəsi var. Yəni Dağlıq Qarabağ əhalisinin yarıdan çoxunun yaşadığı rayon itirilə bilər. Müdafiənin tamlığı isə pozulacaq”,-Makiyenko belə təxmin edirdi.
O proqnozlaşdırırdı ki, taktiki planda Azərbaycan ordusunun yüngül silahlı piyada dəstələrinin dağ müharibəsinə girəcəyini gözləmək olar. Onlar yüksəklikləri tutacaqlar, əks-hücuma keçməyə çalışan mexanikləşdirilmiş bölmələri sıradan çıxaracaqlar. Habelə böyük məsafədən erməni ordusunun təchizat kalonlarına hücum ediləcək.
İndi qəzet proqnozlarının əsasən düz çıxması ilə bağlı yenidən K.Makiyenkodan müsahibə alıb. Makiyenko deyir ki, o və həmin kitabın üzərində işləyən digər ekspertlər Azərbaycanın qarşıya strateji xarakterli bu cür məqsədlər qoyacağını düşünə bilməmişdilər.
“Biz təxmin edirdik ki, Qarabağ məsələsini birdəfəlik həll etməzdən əvvəl Azərbaycan 2016-cı ilin aprelində olduğu kimi, ən azı bir -iki əməliyyat keçirəcək. Bakının erməni birləşmələrini bu cür qətiyyətlə məğlub etmək və 1992-1994-cü ildə itirilmiş ərazilərin hamısını qaytarmaq, o cümlədən Dağlıq Qarabağın ərazisinin bir hissəsinə nəzarəti qaytarmaq vəzifəsini qarşıya qoyacağını biz gözləmirdik”,-Makiyenko bildirir.
Ekspert bu yanılmanı onunla izah edir ki, kitab 2018-ci ilin mayında çapdan çıxmışdı, o vaxt Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdi. Makiyenkonun fikrincə, ola bilsin Serj Sərkisyan və onun Qarabağ klanı hakimiyyətdə qalsaydı 2020-ci ilin payızındakı hərbi situasiya bir qədər fərqli olardı.
(Makiyenko bu məqamda nəzərə almalı idi ki, Azərbaycanın darmadağın etdiyi Ermənistan ordusunu heç də Paşinyan qurmamışdı, bu ordunu on illər ərzində Robert Köçəryan və Serj Sərkisyan, onların klanına daxil olan səhra komandirləri formalaşdırmışdı,-red.)
“Biz bilmirdik ki, Ermənistanda siyasi elita dəyişəcək və yeni siyasi rəhbərlik bu cür qabiliyyətsiz olacaq. İkincisi, biz təxmin edə bilməzdik ki, Türkiyə münaqişəyə bu cür güclü şəkildə cəlb olunacaq”,-Makiyenko bildirir.
Ekspert qeyd edir ki, 1992-1994-cü il müharubəsinin nəticələri əsasında erməni tərəfində “azərbaycanlılar üzərində üstünlük” barədə yanlış qənaət formalaşmışdı. Onlar hərbi-texniki təchizat və say baxımından azərbaycanlılardan geridə qalsalar da hesab edirdilər ki, mənəvi-psixoloji keyfiyyətcə daha üstündürlər.
“Və birdən məlum oldu ki, Azərbaycan piyadaları və tankçıları da çox yaxşı motivasiya olunublar və əla təlim keçiblər. Real olaraq aydınlaşdı ki, 2016-dan bəri azərbaycanlılar piyadaların da hazırlığını artırıblar, hərbi-texniki üstünlüyü də artırıblar və komandanlıq keyfiyyətini yaxşılaşdırıblar”,-analitik deyir.
Makiyenko qeyd edir ki, ermənilərin cənub istiqamətindəki müdafiəsinin bu cür darmadağın ediləcəyini də gözləmirdi. O, Azərbaycan ordusunun cənub istiqamətindəki manevrini operativ sənət, incəlik baxımından xüsusi qeyd edir.
“Azərbaycanlılar cənubda irəliləyərək Laçın istiqamətində “kobra sıçrayışı” imitasiyası yaratdılar. Ermənilər isə əsas qüvvələrini orada müdafiəyə cəmləşdirdilər. Reallıqda isə azərbaycanlılar bir qədər şərqə yönəldilər, dağlardan, vadilərdən keçərək Şuşa rayonuna çatdılar. Yəni onlar real zərbəni cənubdan şərqdə endirdilər. Əlbətdə, Laçın mühüm məntəqədir. Lakin Şuşanı azad edərək azərbaycanlılar ermənilərin Qarabağdakı bütün müdafiəsinin çökməsi təhdidini yaratdılar.
Bax bu əməliyyat-Laçına zərbəni imitasiya edib Şuşaya real zərbə endirmək hərbi baxımdan çox parlaq icra edilib”,-Konstantin Makiyenko vurğulayıb. Əlavə edib ki, erməni qoşunları operativ təşəbbüsü əldən vermişdilər və heç nə ilə xüsusi fərqlənmədilər.
O, piltosuz döyüş vasitələrinin müharibədə bu cür mühüm rol oynacağını da təxmin etmədiyini deyir.
“2018-ci ildə aydın idi ki, müharibədə pilotsuz aviasiya, o cümlədən kamikadze-dronlar böyük rol oynayacaq. Lakin bu rolun belə həlledici olacağı hamı üçün sürpriz oldu, o cümlədən şəxsən mənim üçün. Gözlənilməz olanı həm də Azərbaycan piyadalarının döyüş keyfiyyətinin artması və çox yaxşı hazırlıq keçmiş, yüngül silahlı dağ-piyada hissələrinin olması idi. Həmin Şuşada pilotsuz aviasiya demək olar işləmədi. Orada dağ xüsusi təyinatlıları fəaliyyət göstərdi, hətta əlbəyaxa döyüşlər də oldu”,-Makiyenko deyib.
Tarix: 14-01-2021, 15:55